Ramiz Abutalıb oğlu Abutalıbov () — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim. Fəxri Legion ordeni kavaleri, H. Z. Tağıyev adına Milli mükafat laureatı (1994), Prezident təqaüdçüsü (2016-cı ildən).

Həyatı Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir.

1980–1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971–1979, eləcə də 1985–1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olmuşdur. 1993–2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir.

Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunmuşdur. Dağlıq Qarabağ münaqişəsinə dair 1989–1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində,"İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cü il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olmuşdur.

Bakı Media Mərkəzi 2016-cı ildə R. Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilmiş və "Qərib məzarlar" kitab-albomu nəşr edilmişdir.

Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.

Ramiz Abutalıbov 2022-ci il, yanvarın 1-də Moskva xəstəxanasında vəfat edib.

4 yanvar 2022-ci ildə Bakıda, II Fəxri xiyabanda dəfn edilib.

Kitabları

Parisdəki illər və görüşlər (). Moskva: SJS Media, 2006. Özgələr arasında doğma, doğmalar arasında özgə (). Moskva: Гриф и К, 2007. Azərbaycan Xalq Cümhuriyyəti. Birinci Cümhuriyyətin 90 illiyinə həsr olunmuş məqalələr toplusu (). Moskva: SALAM press, 2008 (tərtibçi). Məhəmməd Emin Rəsulzadə və Qafqaz Konfederasiyası (). Moskva: Социально-политическая МЫСЛЬ, 2011; Bakı: Qanun Nəşriyyatı, 2018 (ikinci nəşri). Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi 1920-1945. (). Bakı: CBS, 2014 (Giorgi Mamulia ilə birgə). Ə. M. Topçubaşı. Paris arxivi 1919-1940. 4 kitabda (). Moskva: Художественная литература, 2016 (tərtibçilər: Giorgi Mamulia, Ramiz Abutalıbov). Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi 1920-1945. İstanbul: TEAS Press, 2018 (Giorgi Mamulia ilə birgə). Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi 1920-1945. (). İstanbul: TEAS Press, 2018 (Giorgi Mamulia ilə birgə). Müsahibələr, məqalələr. Bakı: Ziya, 2019. Qafqazın azadlığı və müstəqilliyi uğrunda: Prometey hərəkatı iştirakçılarının, müşahidəçilərin və əleyhdarların gizli sənəd və materiallarında (). Bakı, Paris: JekoPrint, 2020 (Giorgi Mamulia ilə birgə). Odlar yurdu. Azərbaycan mühacirətinin siyasi tarixi (1920–1940) (). Paris: Maisonneuve&Larose, Hemisphères Editions, 2022 (Giorgi Mamulia ilə birgə).

Mükafatları H. Z. Tağıyev adına Milli mükafat laureatı (Bakı, 1994) Fəxri Legion ordeni (Paris, 1998-ci il) "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı "Puşkin" medalı (Moskva, 2010-cu il) "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı (Bakı, 2019-cu il) Cümhuriyyət tarixinin sənədli kinoda işıqlandırılması işinde xidmətlərinə görə Azərbaycan Kinomatoqrafçılar İttifaqının mükafatı (Bakı, 2018)

Filmoqrafiya Parisli azərbaycanlı Ramiz Abutalıbov (film, 2009). Üfüqü ötənlər (film, 2011) Əbədi ezamiyyət (film, 2016)

İstinadlar

Mənbə Ramiz Abutalıbov

Xarici keçidlər

Ramiz Abutalıbovla Müsahibə Рамиз Абуталыбов: Свой среди чужих

Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan səfirləri