Yaranma tarixi Tarixi tədqiqatlara görə Cənubi Amerikaya insanlar artıq e.ə. XI-X minilliklərdə Panama boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək e.ə. VIII minillikdə Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının qalıqlarıdır.

Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər.

Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya, Paraqvayda yaşayan tayfalar cəmiyyət və mədəniyyətin ibtidai inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi. Başlıca məşğuliyyət növlərinə dəniz ovu (delfin, molyuska, balıq ovu), quru ovu (meymun, tısbağa, yaquar) və yığıcıllıq (meyvə və giləmeyvələr, bitki kökləri və s.). Qədim tayfalar birlik halında yaşayırdılar. Hər bir ailənin ya öz örtüyü, ya da yumru formada koması vardı. Qida hazırlamaq üçün xüsusi qab-qacaqdan istifadə olunurdu: məsələn, molyuskaları balıqqulaqlarında bişirir, əti daş və kömürdə qızardır, balıq, quş və yumurtanı isə sobalarda hazırlayırdılar. Buranın sakinlərinin geyimi minimal idi. Lakin onlar bəzək-düzəyə biganə deyildilər: alt dodaqları və qulaqlarına taxta tıxaclar vururdular. Şərqi Kolumbiya, Venesuela, Argentina və Uruqvay düzlərində yaşayan insanların da həyat tərzi eyni idi. Onların evləri, komaları yox idi, ov zamanı xüsusi daşlardan istifadə edirdilər.

Orinoko və Amazonka çaylarının hövzələrində yerləşən Cənubi Amerikanın tropik meşələrinin sakinləri öz inkişaflarında nisbətən irəli getmişlər. XVI əsrdə burada çoxsaylı xalqlar – tupi quarani, aravaklar, kariblər yaşayırdılar. Bu xalqların etnik mənsubiyyəti haqqında indiyədək dəqiq məlumat yoxdur. Bu tayfa və xalqların dünyagörüşü ibtidai insan üçün tipik səciyyə kəsb edirdi. Həyat və məişət tərzi miflərlə, ruh və fövqəltəbii qüvvələrlə bağlı idi.

Mərkəzi And vilayəti müasir Peru, Boliviya (şərqi tropik rayonlar istisna olmaqla), Ekvadorun cənub hissəsi, Çilinin şimalı, şimal-qərbi Argentinanın ərazilərini əhatə edir. Aralıq vilayəti ərazisinə isə Mezoamerika və Mərkəzi And arasındakı torpaqlar daxil idi. Bu ərazilərin mədəniyyəti həmin xalqların yeni təkamülünü təzahür etdirirdi. Məhz bu regionda Çavin, San-Aqustin, Qarakas, Naska, Moçika, Tiuaunako, Tayron, Çemu, Çibça və inklərin unikal sivilizasiyaları çiçəklənmişdi.

"Çavin sivilizasiyası" Mərkəzi Andda ilk sivilizasiya Çavin («Nizəli yaquarın oğulları») idi. Sivilizasiyanın mərkəzi olan Çavin şəhəri əriməyən buz parçaları və qarlı zirvələrlə əhatələnmiş bir yerdə yerləşirdi. Buraya yol 4100 m hündürlükdən keçirdi. Şəhərə giriş dağdan dəlilmiş tunelin içərisindən gedirdi. Çavin həm də dini mərkəz sayılırdı. Burada yalnız yüksək dərəcəli ruhanilər yaşayırdılar. Onların etiqad etdikləri əsas əşya pişik sülaləsindən olan heyvanlar idi. Çavin şəhərində ən möhtəşəm abidələr memarlıq və heykəltaraşlıq nümunələri idi. Çavinin məşhur memarlıq ansamblları eyvan, dini-ayinçilik meydançaları və daş tikililərdən ibarət idi.

Çavin heykəltaraşlığının yüksək plastikasından xəbər verən əsas abidələrdən biri Kasma düzənliyindən (Serro-Seçin) tapılmış 90 sayda kobud şəkildə yonulmuş daşlardır. Bu daşlarda dişlərini yaquar kimi qıcımış hərbçinin obrazı yaradılmışdı. Ətrafda isə ordunun qarşısında hərbi rəhbər və onun gözəl geyimdə xüsusi sarğıdan sallanmış cəsəd başları da təsvir olunurdu. Çox güman ki, bu heykəl fiqurları ehram fasadlarının çərçivələri idi. Burada məskunlaşan əhalinin əsas məşğuliyyəti təsərrüfatçılıq idi. Nəhəng suvarma sistemi yüksək məhsuldarlığa kömək edirdi. Bunlardan biri müasir Kaxamarka şəhəri yaxınlığında tapılmış iki hektar yarımlıq sahəni əhatə edən sistemdir. Onun əsas hissəsi qayadan kəsilmiş akvedukdur. Buraya daxil olan su divarları xüsusi petroqliflərlə bəzədilmiş tunellərdən keçib-gəlirdi. Çavinlər it və lamanı əhliləşdirir, onlara hansısa işi görməyi öyrədirdilər. Lamalar yük daşıyır, bundan əlavə, ət və yun verir, peyinindən yanacaq kimi istifadə olunurdu. Əmək alətləri daş və sümükdən hazırlanırdı. Metallardan yalnız qızıl istifadə olunurdu. Ondan müxtəlif ziynət əşyaları – sırğa, tac, muncuq və s. hazırlayırdılar. Qədim sənətkarlar yarıqiymətli daşları, balıqqulaqları və ağacı yüksək səviyyədə cilalayırdılar. Çavin mədəniyyəti cəhdlə və təşkilolunmuş şəkildə təşəkkül tapmağa başlamışdı. Bu mədəniyyətin əsas əlamətlərindən biri yaquara inam idi. Baxmayaraq ki bu heyvan And ərazisində olmamışdı, ona inamın köklərini bir çox tədqiqatçılar Olmek mədəniyyətində axtarmağa cəhd göstərirdilər. Çavin mədəniyyəti şəhərdən kənarda da vüsət tapmışdı. Onun izlərini Peru ərazisində də görmək mümkündür. Bu onların bədii üslubunda, spesifik ornamentlərində (keramikanın bəzədilməsi, rəngarəng parçalar, daş və sümükdən hazırlanmış məhsullar) öz əksini tapırdı. Çavin mədəniyyəti e.ə. təxminən 300-cü ildə yoxa çıxmışdır.

San-Aqustin mədəniyyəti Çavin mədəniyyətilə yanaşı eyni vaxtda Aralıq vilayətində də ecazkar bir mədəniyyət inkişaf edərək möhkəmlənir. Bu mədəniyyət üçün yüksək kurqanlar, qəbir, yeraltı sərdabələr, qayalardan keçən su kanalları və s. səciyyəvidir. Bu mədəniyyətin ən məşhur və qeyri-adi abidələrindən ikibaşlı heykəllərin adını xüsusi qeyd etmək lazımdır. Bu mədəniyyət təxminən e.ə.1000-ci ildən bizim erayadək mövcud olmuş San-Aqustin mədəniyyətidir. Memarlıq və heykəltaraşlıqda əllərində uşaq olan insan fiqurları üstünlük təşkil edirdi. San-Aqustin mədəniyyəti üçün tipik sayılan əsas elementlərdən biri bulaqlarda qurbağa və digər heyvanların iri təsvirlərinin verilməsi idi. Daşdakı naxışlarla suyun axma istiqaməti harmonik obraz yaratmaqla hinduların yüksək bədii zövqündən xəbər verirdi.

Parakas mədəniyyəti Bu mədəniyyətlərlə yanaşı, nisbətən gənc mədəniyyətlər də inkişaf edirdi. Onların təşəkkül tarixi dəqiq məlum olmasa da, Çavin mədəniyyətinin süqutundan sonra bunlar özünəməxsus inkişaf prosesi keçirmişlər. Perunun cənub sahilində təşəkkül tapmış Parakas mədəniyyəti belələrindəndir. Parakas yarımadasındakı tapıntılar həmin mədəniyyəti bu cür adlandırmağa başlıca səbəb olmuşdur. Bura hinduların ölülər şəhəri idi. Ərazinin yeraltı tikililərində tapılmış mumiya özündə cismi olduğu kimi saxlamaqla, minilliklər keçməsinə baxmayaraq rəng və elastikliyini itirməmişdi. Hər bir Parakas mumiyası bir və ya bir neçə kəfənə sarınırdı. Kəfənin sayı ölmüş şəxsin vəziyyətindən xəbər verirdi. Çox kəfənə bükülmə şəxsin məşhur, tanınmış adam olduğunu sübut edirdi. Kəfənlər yun və ya pambıqdan toxunaraq müxtəlif rənglərdən (190-a yaxın çalar) ibarət naxışlarla bəzədilirdi. Boyalar təbii mənşəli idi. Naxışlardan ən sevimliləri balıq, həndəsi ornament, sfinks formalı allahlar, insan sifətli quş, heyvan və s. təsvirlər idi. Bəzi tədqiqatçılar bu fiqur və təsvirlərin qədim peru yazısı olduğu fərziyyəsini irəli sürürlər. Bütün bunlarla yanaşı, tədqiqatçıların hamısı Parakas kəfənlərinin qədim dünya mədəniyyətinin ən gözəl toxuculuq məmulatı olduğu ideyasınında yekdildirlər.

Dəbdəbəli geyindirilmiş ölülər oturaq vəziyyətdə dizləri çənəyədək yönəlmiş, qolları sinəyə çarpazlanmış halda mumiyalaşdırılırdı. Ölülərin əksəriyyətində kəllə deformasiyaya uğramış, bəzilərində hətta cərrahiyyə izləri hiss olunmaqdadır. Tədqiqatçılar ölünün bu vəziyyətə salınmasını sehrli, magik amillərlə izah edirlər. Ola bilər ki, cərrahiyyə qurbanvermənin bir növü idi. Kahinlər kəllənin kəsilmiş hissəsindən beyini sıxır və iflici yaradan sümük qırıntılarını çıxara bilirdilər. Kəllə sümüklərindəki deşikləri, məsamələri, hindular qızıl lövhələrlə örtürdülər. Bu çətin cərrahiyyə prosesində daş və sümükdən hazırlanmış alətlərdən istifadə olunurdu. Tapılmış bu alətlər dövrü üçün çox irəliyə getmiş addım kimi dəyərləndirilir. Parakas mədəniyyətinin izləri artıq e.ə. 200-cü ilə yaxın vaxtda itməyə başlamışdı.

Naska mədəniyyəti Peru sahil boyunun cənub hissəsində digər bir mədəni mərkəz Naska adlandırılırdı. Bu mədəniyyət təxminən b.e.-nın 100-500-cü illərini əhatə edir. Bu mədəniyyətin nümayəndələri özlərindən sonra saray, ehram, məbəd qoymasalar da, öz təsərrüfatçılıqları ilə məşhurlaşmışlar. 2000 il əvvəl boş torpaqlar üstünlük təşkil edirdi. Naskalılar təsərrüfatı dirçəltmək üçün yerin altından su tapmağa məcbur idilər. Buna görə onlar su ehtiyatı üçün nəhəng hovuzlar, arxlar tikir, birbaşa tarlalara su kanalları çəkirlər ki, bunlardan bir çoxuna indi də rast gəlmək mümkündür.

Naskalılar keramika məhsulları ilə də məşhur idilər. Keramika məhsulları dulus dairəsi vasitəsilə hazırlanırdı. Məhsulun üzəri şirə ilə örtüldükdən sonra rəngarəng boyalarla bəzədilirdi. Qabların bəzədilməsi üçün rəssamlar 11-ə yaxın rəngdən (qırmızı və sarı rənglərin bir neçə çaları, qəhvəyi, boz, çəhrayı, bənövşəyi, sümük rəngi) istifadə edirdilər. Onlar göy və yaşıl rəngi tanımırdılar. Müxtəlif rəng kompozisiyası bir-birilə vəhdət təşkil edərək gözü oxşayırdı. Naska dulusçuluğu – bütün Amerikada öz incəliyi ilə seçilir və fərqlənirdi. Ornamentlər də özünəməxsus idi: insan-yaquar-quş fiqurlarının fantastik birliyi antropolomorf təsvirlər üçün əhəmiyyət kəsb edirdi. Bitki, heyvan, balıq, quş və s. naskalıların ən çox sevdikləri süjetlər idi. Keramika ilə yanaşı, parça toxuculuğu da naskalıların başlıca mədəniyyət sahələrindən sayılırdı. Parçalar pambıq, yun və insan saçından toxunurdu. Toxuculuqda 200-dən artıq rəng çalarından istifadə olunurdu. Parçalardakı təsvirlər çox vaxt qablardakı motivləri təkrarlayırdı. Qədim ustalar toxuma, parça, xalça və toxuculuq iexnikasının digər növlərinə bələd idilər.

Naska mədəniyyətində memarlıq sənəti də özünəməxsus səviyyədə inkişaf etmişdi. Şəhərsalma, qala, məbəd, ictimai və yaşayış evləri – qədim Naska memarlığının əsas nümunələrindən hesab edilirdi. Naskanın ən gözəl şəhəri onun paytaxtı olan Kauaçi idi. Bu şəhər haqqında məlumat azlıq təşkil etsə də, məlumdur ki, şəhərin bir neçə min sakini var idi. Şəhərin ən məşhur abidəsi Eskakeriya adlanan müqəddəs yerdir. Abidənin mərkəzini on iki cərgə və hər cərgənin 12 dirəyi olan dördkünclü yer təşkil edir. Bu abidənin nə məqsəd daşıdığı indiyədək qəti məlum olmasa da, bir çox alimlər bunun təqvimlə bağlılığını təsdiqləyirlər.