Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor.
Həyat yolu Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Fəxrəddin (beşinci sinifdən onuncu sinfədək oxuduğu kənd məktəbinin bütün təmizlik işlərini, odun-ocağını, bostan və bağını, gözətçiliyini sol qıçını müharibədə itirmiş atası Yadigar kişinin əvəzinə öz üzərinə götürməli olmuşdu) həmin kənddə orta məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunur.
İnstitutu 1965-ci ildə əla qiymətlərlə bitirdiyindən doğma ali məktəbdə müəllim saxlanılır, ancaq hələ tələbə ikən təhsil aldığı institutda laborant vəzifəsində çalışmağa başlayır. Onun elmə və təhsilə olan marağını yüksək qiymətləndirən müəllimləri dosent T. R. Əhmədova və professor F. Ə. Seyidov yeni dərs ilindən onu müəllim ştatına işə götürürlər. Cəmi dörd ay işlədikdən sonra Fəxrəddin müəllim hərbi xidmətə çağırılır. Batumidə hərbi xidmətini başa vurduqdan sonra o, doğma instituta qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir.
Elmə gəlişi Hələ tələbə ikən o, elmi-tədqiqat işlərinə olan dərin marağı ilə institut müəllimlərinin diqqətini özünə cəlb etmişdi. İnstitutun beşinci kursunda oxuyarkən o zaman ittifaqın müxtəlif bölgələrindən gənc tədqiqatçıların iştirak etdiyi Tbilisi konfransında onun "F. Şiller və Azərbaycan səhnəsi" mövzusunda alman dilində etdiyi məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elə həmin il institut rəhbərliyi təhsilini davam etdirmək üçün onu o zamankı ADR-ə göndərməyi qərara aldı. Moskvada isə onun gec gəldiyini bəhanə edərək ADR-ə getməsinə əngəl törətdilər. Moskvanın bu ədalətsiz qərarı oxumaq arzusu aşıb-daşan gənci mənən sındıra bilmədi.
Fəxrəddin müəllimin elmə olan marağını nəzərə alaraq institutun o zamankı elmi işlər üzrə prorektoru mərhum professor Nəzakət Ağazadə ona Sankt Peterburqda (keçmiş Leninqrad) aspiranturada oxumağı məsləhət gördü. Təklif çox cəlbedici idi, lakin erkən yaşlarından valideynlərini itirən Fəxrəddin müəllim (anasını iki aylığında, atasını isə 8-ci sinifdə oxuyarkən itirmişdi) maddi vəziyyətinin çətin olacağından bu təklifə tərəddüdlə yanaşırdı. Tələbəlik illərində maddi çətinliyin nə olduğunu yaxşı bilən Fəxrəddin müəllim aspiranturada oxumaq üçün Leninqrada getməyi qərara alır. O illəri xatırlayarkən ona düzgün elmi istiqamət seçməkdə öz mənəvi köməkliyini göstərmiş müəllimlərindən – mərhum professorlardan Nəzakət Ağazadəni, Hüseyn Bayramovu, F. Seyidovu, dosentlərdən Tamara Əhmədovanı, Qulam Bağırovu, İsfəndiyar Cabbarzadəni, Soltanpaşa Vəliyevi, Cəfər Cəfərovu, Əminə Əliyevanı, hazırda BDU-da çalışan professor Y. Seyidovu ayrıca qeyd etmək gərəkdir.
Tələbəlik illərində ona dərs demiş və onunla ünsiyyətdə olan görkəmli şairimiz B. Vahabzadəni, dilçilərdən AMEA-nın həqiqi üzvü A. Axundovu, AMEA-nın müxbir üzvü T. İ. Hacıyevi və onun formalaşmasına güclü təsir göstərmiş neçə-neçə başqa ziyalıları Fəxrəddin müəllim böyük minnətdarlıq hissilə daim yad edir.
Fəxrəddin müəllim Sankt Peterburqda aspiranturada oxuyarkən görkəmli alimlərdən akad. V. V. Vinaqradovun, V. M. Jirmunskinin, professorlardan Y. S. Maslovun, V. Q. Admoninin, M. İ. Matuseviçin və digərlərinin seminar və mühazirəiərində fəal iştirak edir, onlardan linqvistikanın incəliklərini öyrənir. O, dünya şöhrətli alim L. R. Zinderin rəhbərliyi altında "Alman dilində bitkinlik intonasiyası" mövzusunda namizədlik dissertasiyasını təcrübi-fonetik aspektdə tamamlayaraq müdafiəyə təqdim edir, ancaq institutun o zamankı rəhbərliyi müxtəlif bəhanələrlə ona maneçilik törədərək müdafiəyə getməsinə razılıq vermirdi.
1971-ci ildə institutun yeni rektoru görkəmli dilçi alim, mərhum professor M. T. Tağıyevin işə qarışmasından sonra o, Leninqrada gedir və orada namizədlik dissertasiyasını uğurla müdafiə edərək germanistika üzrə elmlər namizədi elmi dərəcəsini (f.ü.f.d.) alır. Sankt Peterburqda qalıb işləmək təkliflərinin cəlbedici olduğunu başa düşsə də, gənc alim doğma instituta qayıtmağı üstün tutdu. İnstitutda müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində çalışmaqla respublikamızda xarici dillərin öyrədilməsini yeni elmi-nəzəri və metodiki zəmin üzərində qurmaq üçün geniş elmi-pedaqoji fəaliyyətə başlayır. Eləcə də o, doktorluq dissertasiyası üzərində işləyir. Nəzəri və tətbiqi dilçiliyin yeni istiqamətlərini dərindən mənimsəyən Fəxrəddin müəllim institutda linqvistikadan lektoriya təşkil edir və tezliklə respublikanın gənc müəllimləri bu lektoriyanın dinləyiciləri olurlar. Onlardan bu günə qədər 40 nəfəri Fəxrəddin müəllimin rəhbərliyi altında namizədlik dissertasiyaları müdafiə ediblər. Bu lektoriya sonralar yaranan və çox səmərəli fəaliyyət göstərən eksperimental fonetika laboratoriyasının özəyini təşkil etdi.
Elmdə yüksəlişi 1980-ci illərin ortaları və sonu Fəxrəddin müəllim üçün elmi yaradıcılıq baxımından çox uğurlu olub. O, əvvəlcə 6 ay müddətində Moskvada təkmilləşmədə olarkən məşhur germanistlər M. D. Stepanova, G. V. Kolşanski, Y. İ. Şendels, E. A. Quliqa və başqa alimlərlə səmərəli görüşlər keçirir, doktorluq dissertasiyası mövzusunun aktuallığını əsaslandırmağa çalışırdı, sonra isə bir il müddətinə Berlində Humboldt Universitetində təkmilləşmədə olarkən universitetin professoru Q. Lindnerin institutunda çağdaş tədqiqat üsullarını tətbiq etməklə "Alman dilində sait fonemlərin variativliyi (nəzəri problemlər və təcrübi nəticələr)" adlı doktorluq dissertasityasını tamamlayaraq onu Berlin Universitetində müdafiə etmək istəyir, lakin o zamankı partnomenklatura ona xasiyyətnamə verməkdən boyun qaçırır. Bu səbəbdən o, Almaniyada müdafiə edə bilmir, amma dilçi alim ruhdan düşmür. Almaniyada və keçmiş ittifaqın mərkəzi nəşriyyat orqanlarında bir-birinin ardınca öz tədqiqatlarının nəticələrini çap etdirir, beynəlxalq (Zeitschrift für Phonetik, allgemeine Sprachwissenschaft und Kommunikationsforschung), "Voprosı yazıkoznaniya" və başqa elmi-nəzəri jurnallarda çap etdirdiyi məqalələr ona şöhrət qazandırır.
1980-ci ildə "Alman dilinin fonetikası" kitabını Azərbaycan dilində çap etdirir. Artıq onun elmin yeni pilləsinə ucalması üçün heç bir maneə qalmırdı. Sankt-Peterburq Dövlət Universitetinin Umumi fonetika və metodika kafedrasında onun dissertasiyasına görkəmli dilçi alimlər L. R. Zinder, L. V. Bondarko, L. A. Verbitskaya, M. V. Qordina və başqaları yüksək qiymət verirlər və kafedra dissertasiya işinin müdafiəyə buraxılmasını qərara alır. SDU-nun filoloji fakültəsinin elmi şurasında doktorluq işinin müdafiəsinə dəvət olunan Fəxrəddin müəllimi o zamankı institut rəhbərliyi müxtəlif bəhanələr gətirərək buraxmaq istəmirdi. Uzun əzab-əziyyətdən sonra o, 1981-ci ildə yuxarıda adı çəkilən mövzuda doktorluq dissertasiyasını Sankt Peterburqda uğurla müdafiə edir və respublikamızda germanistika üzrə ilk filologiya elmləri doktoru elmi dərəcəsini alır.
Onun müdafiəsində filologiya elmləri doktorları, professorlar İ. P. İvanova (Sankt Peterburq), L. İ. Prokopova (Kiyev) və Q. Y. Pankrats (Minsk), habelə L. V. Zlatoustova (Moskva) opponent kimi çıxış etmişlər. Onlar Fəxrəddin müəllimin əsərini çox yüksək dəyərləndirmişdilər.
Yeri gəlmişkən, bu müdafiə ilə bağlı qəribə bir hadisə baş verir. Fəxrəddin müəllim müdafiədən sonra instituta – iş yerinə teleqram vuraraq xahiş edir ki, sənədlərin tərtibi üçün ona 10 günlük icazə versinlər. İnstitut rəhbərliyi isə onu öz hesabına məzuniyyətə çıxarır. Beləliklə, çətin iqtisadi durumda olan gənc alimin vəziyyəti bir az da ağırlaşır, çünki institut rəhbərliyi ona nəinki ezamiyyə xərcləri vermədi, üstəlik, onun 14 günlük maaşını da kəsdi. Bu, onun həyatda üzləşdiyi dördüncü ədalətsizlik idi. Həm namizədlik, həm də doktorluq üçün ona mükafat vermək (namizədlik dissertasiyasını vaxtından qabaq tamamlamışdı, qaydaya görə ona bir aylıq təqaüd miqdarında mükafat verilməliydi, ikinci halda institut tarixində ilk dəfə elmlər doktoru dissertasiyasını müdafiə etdiyi üçün mükafat almalı idi) əvəzinə onu cəzalandırmışdılar.
1983-cü ildən professor elmi adını alan Fəxrəddin müəllim fəal elmi yaradıcılığını davam etdirməklə yanaşı, ciddi şəkildə kadr hazırlığı ilə də məşğul olur. Onun yetirmələri indi respublikamızın müxtəlif ali məktəblərində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.
Dünyada tanınması Elmdə öz sözü və yolu olan görkəmli dilçi alim Fəxrəddin Veysəlli respublikamızda germanistikanın əsasını qoymuşdur desək, yanılmarıq. Dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində onun xidmətləri danılmazdır.
Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və ya rəy vermişdir. Qazax A. Cunusbəyov, özbək A. Avazbayevin, türkmən mərhum S. Kurenovun doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçmişdir. O, Leninqradda, Moskvada, Tbilisidə və Bakıda onlarla namizədlik dissertasıyalarına opponentlik etmişdir.
F. Veysəllinin 1989-cu ildə alman dilində çap etdirdiyi "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirildi. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünya şöhrətli alim R. O. Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirdi. Fəxrəddin müəllim məşhur fonoloq N. S. Trubeskoyun dünya dilçilik elminin incisi sayılan "Fonologiyanın əsasları" kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan vermişdir.
F. Veysəlli öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıçısı T. Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcüməsi buna misal ola bilər. Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir.
Fəxrəddin müəllim latın qrafikasına keçmək üçün Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı komissiyanın məsul katibi olmuş, əlifbamızın bərpası üçün mütəxəssis kimi əlindən gələni etmişdir. İlk variantda qəbul edilən layihədə ("ə" saitinin "a" üstündə iki nöqtə ilə verilməsi) ilkin variantda onun təklifi bəyənilmişdi. Təəssüf ki, sonralar bu variantı təftiş edib, latın qrafikasında olmayan bir işarəni qəbul etdirdilər.
Müstəqilliyimizdə yeri XX əsrin 90-cı illərində Azərbaycanda milli-azadlıq hərəkatı dalğaları yeni mərhələyə qədəm qoyanda, ölkənin müstəqilliyi uğrunda mübarizə başlayanda Fəxrəddin müəllim öz istedadı və bacarığı ilə bu işdə fəallıq göstərir, respublika radiosunun birinci proqramında "Ana dili" verilişinin müəllifi və aparıcısı kimi dilimizlə bağlı problemlərin həllinə öz töhfəsini vermişdir. Üç ildə 50 dəfə efirə çıxan bu veriliş, eləcə də televiziya, radio və mətbuatda dilimizlə bağlı çoxsaylı çıxışları, yazıları dinləyici, tamaşaçı və oxucuların çox böyük marağına səbəb olmuşdur.
F. Veysəlli 1989-cu ildə Moskvada müəllimlər qurultayında iştirakçı olarkən ermənilərin respublikamıza ərazi iddialarını rədd edir və diskusiyalarda haqq işimizi çəkinmədən müdafiə edir, SSRİ xalq artisti L. İmanovla MDU-da təhsil alan azərbaycanlı tələbələrin dəvətilə görüşə gedir və orada məclisin aparıcısı kimi respublikamızda yaranmış vəziyyətə dair geniş məruzə ilə çıxış edir. Üzdə olan aydınların çoxu o görüşə getməkdən boyun qaçırmışdı, onlar çağırılmayan yerə getmək istəmədiklərini deyirdilər. O zaman institut kollektivi adından Moskvaya "Moskovski novosti" qəzetinin iftira dolu yazısına cavab hazırlayan Fəxrəddin müəllim uzun müddət partiya funksionerlərinin qəzəbinə düçar oldu, onu sorğu-suala çəkdilər. Bütün hədə və qorxulara baxmayaraq, o erməni ideoloqlarına və xalqımızın düşmənlərinə layiqincə cavab verdi.