Harri Potter və Azkaban Məhbusu () — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir.

Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir. Bu film həm də VHS formatında çıxarılmış son Harri Potter filmidir. 2005-ci ildə 77-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film iki nominasiyada – Ən Yaxşı Orijinal Film Musiqisi və Ən Yaxşı Vizual Effektlər – mükafata namizəd göstərilmişdir.

"Azkaban Məhbusu" bütün dünyadan $796.6 milyon gəlir əldə etmiş və bu nəticə ilə filmlər seriyasının ən az gəlirli filmi olmuşdur. Bununla belə, "Azkaban Məhbusu", seriyanın ən yaxşı rəylər almış filmidir. Həm tənqidçilər, həm də fanatlar tərəfindən film əsasən françayzın ən yaxşı filmi kimi qəbul edilir.

Məzmunu

Març xalanın Durslilərə qonaq gəlməsi ilə evdə Harrinin vəziyyəti daha da gərginləşir, Harri valideynlərinin təhqir edilməsindən sonra sehrdən istifadə edir və evdən qaçır. Hara gedəcəyini bilmədiyi halda qəfildən Cəngavər Avtobus onun yanına gəlir. Harri Çəp Xiyabana gəlir, burada Sehr Naziri Kornellius Facla qarşılaşır və nazir dərslərin açılmasına kimi qalmış üç həftəni burada keçirməyi təklif edir.

Hoqvartsa getməmişdən bir gün əvvəl Harri öyrənir ki, qaçmış məhbus Sirius Blek təhlükəli qatildir və hər kəs onun Harrini öldürmək istədiyini düşünür. Hoqvarts qatarına dementor giri və bu Harriyə pis təsir edir, lakin yeni qara qüvvələrdən müdafiə müəllimi Professor Lüpin uşaqların köməyinə çatır, Ron, Hermiona və Harri, Sehr Nazirliyinin qərarı ilə bu il dementorların Hoqvartsı qoruyacağını öyrənirlər. Hoqvartsda, Qviddiç zamanı baş verən qəza da daxil olmaqla, bir neçə xoşagəlməz hal baş verir, Harri 50 fit yüksəklikdən yıxılaraq uçan süpürgəsini sındırır, bu hadisədən sonra Professor Lüpin dərsdən kənar Harriyə dementorları uzaqlaşdırmaq üçün Patronus tilsimindən istifadə etməyi öyrədir.

Harri icazəsiz halda (Gözəgörünməzlik paltosu və Corc və Fred Uizlilər tərəfindən hədiyyə edilmiş Morderlərin xəritəsi sayəsində) Hoksmit kəndinə gələn Harri burada müəllimlərindən bir neçəsinin söhbətini eşidir və öyrənir ki, Sirius Blek əslində Harrinin valideynlərinin dostu olub, daha sonra isə onları Lord Voldemorta sataraq ölümlərinə səbəb olub, daha sonra isə 13 maqlı və köhnə dostu Piter Pettiqryunu öldürüb, buna görə də sehrbazlar üçün nəzərdə tutulmuş Azkaban həbsxanasına salınıb. Ron Hermionanın pişiyi Kurkşenksin siçovul skabbersi yediyinə inanır və onların dostluğu soyuyur. Milad bayramına harri sirli şəkildə ən son model uçan süpürgə — "İldırım" hədiyyə alır. Hermiona süpürgənin sehrlənmiş ola biləcəyindən və Harriyə zərər vurmasından ehtiyat edərək hədiyyə barəsində professor MakQonoqala xəbər verir, bu isə dostların arasında münasibətin daha da pisləşməsinə gətirib çıxarır.

Haqridin tədris etdiyi sehrli canlılara qulluq dərsində Malfoy hippoqriflərdən birini təhrik edir və heyvan öz zərbəsi ilə onu yaralayır. Ron, Hermiona və Harri Haqridin bu hərəkətə görə ölüm cəzasına məhkum edilmiş hippoqriffi Bakbeki xilas etməyə çalışırlar. Onların cəhdləri boşa çıxır və hippoqrif edam edilir. Dostlar Haqridin evindən qayıdarkən qara nəhəng it onlara hücum edir və Ronu sürüyərək ağacın altındakı dəlikdən içəri dartır. Dostlar da onun ardınca dəliyə girirlər və bu dəliyin əslində Sızıldayan daxmaya aparan yolun başlanğıcı olduğunu öyrənirlər. Daxmada dostlar qara köpəyin əslində Sirius Blek olduğunu öyrənirlər. Bir müddət sonra Professor Lüpin və Severus Sneyp də daxmaya gəlir. Harri slində Blekin yox Piter Pettiqryunun valideynlərini satdığını və uzun illərdir siçovul cildində Ron Uizlinin yanında gizləndiyini öyrənirlər. Həmçinin tələbəlik illərində dostları Lüpinin canavar adam olduğunu öyrənmələrindən sonra, Ceyms Potter, Sirius Blek və Piter Pettiqryunun animaqlığı (heyvan cildinə girmə bacarığı) öyrəndiyikləri və bu bacarıqlarını gizli saxladıqları üçün nazirliyin qeydiyyatına düşmədikləri aydın olur.

Hoqvartsa qayıdarkən ayın bədrləndiyini görən Professor Lüpin canavar adama dönərək meşəyə qaçır, Blek onun ardınca müşəyə gedir və bu zaman fürsətdən istifadə edən Piter Pettiqryu siçovula çevrilərək qaçır. Dementorlar axtarışda olan Bleki tutmağa çalışırlar. Bu zaman Potterin patronusu dementorları qovur.

Harri ayıldıqda xəstəxanada olduğunu və bir neçə dəqiqə sonra Blekin "dementor öpüşü" ilə cəzalandırılacağını öyrənir. Dambldor Harri və Hermionaya zaman çevirədən istifadə etməyə icazə verir, dostlar üç saat geri qayıdaraq hippaqriffi xilas edirlər və Sirius Blekin qaçmasına şərait yaradırlar. Qriffindor fakültəsi Qviddiç kubokunu qazanır və bal sıralamasında birinci olur. Harri Durslilərin yanına qayıdır.

Rollarda Deniel Redkliff – Harri Potter. Rupert Qrint – Ron Uizli, Harrinin ən yaxşı dostu. Emma Uotson – Hermiona Qreyncer, Harrinin digər ən yaxşı dostu. Robbi Koltreyn – Rubeus Haqrid, Hoqvartsın açarsaxlayanı və Sehrli heyvanlara qulluq müəllimi. Maykl Qembon – Albus Dambldor, Hoqvartsın rəhbəri. 25 oktyabr 2002-ci ildə ilk iki filmdə Dambldor rolunu canlandırmış aktyor Riçard Harrisin vəfatından sonra Qembona bu rolu canlandırmaq təklif edilmişdi. Xəstəliyinə baxmayaraq, Harris filmdə sevdiyi obrazı canlandırmaqda iddialı idi və buna görə də Devid Heymanı ziyarət edərək rol üçün yeni aktyor axtarmağa ehtiyac olmadığını bildirmişdi. Harrisin vəfatından sonra Kuaron Qembonu rol üçün seçmişdi. Qembon Haarisin performansını təkrarlamaq və ya yaxşılaşdırmaq məsələsində qərarsız idi, öz interpretasiyasını vermək yerinə, o, rola yüngül irland ləhcəsi verərək obrazın yer aldığı səhnələr üzrə çəkilişləri üç həftəyə tamamlamışdır. Yan MakKellenin Dambldor obrazını canlandıracağı haqqında şaiələr yayılsa da, o, açıqlama verərək məlumatların yalan olduğunu, lakin özünün "Üzüklərin hökmdarı" trilogiyasında Dambldora oxşar Gendalf rolunu canlandırdığını bildirdi. O, həmçinin qeyd etmişdi ki, vəfat etmiş Harrid vaxtilə onu "pis aktyor" adlandırdığından onun rolunu qəbul etmək düzgün olmazdı. Harrisin ailəsi onun yaxın dostu olmuş Piter O'Tulinin bu rol üçün seçilməsində maraqlı idi. Riçard Qriffits – Vernon Dursli, Harrinin xalasının əri. Qari Oldmen – Sirius Blek, Sehrbazlar üçün nəzərdə tutulmuş həbsxana olan Azkabandan qaçmış dustaq və Harrinin xaç atası. Uzun illər bir çox filmlərdə baş rolllardan imtina edərək vaxtını ailəsinə sərf edən Oldman maddi ehtiyacı olduğu üçün bu rolu canlandırmağa razılaşmışdı. O, "həyat entuziazmı və əyləncəsi" olan Kuarondan ilahmlanmış, Sirius obrazını isə Con Lennona bənzətmişdi. O, obrazını Şekspirsayağı dialoqlarla müqayisə edərək, "rolun mürəkkəbliyindən təəccüb keçirmə"sini bildirmişdi. Oldman Siriusun saç düzümünü təklif etmiş, Kuaron isə tatuajları üzərində işləmişdi. O, romanlar seriyasına daxil olan kitablardan birincisini oxumuş, uşaqları isə seriyanın fanatı olmuşdur. Film Oldmanı övladları və onların sinif yoldaşları arasında qəhrəmana çevirmişdi. Alan Rikman – Severus Sneyp, Hoqvartsın Sehrli iksirlər müəllimi. Fiona Şou – Petunya Dursli, Harrinin maql xalası. Meqqi Smit – Minevra MakQonoqal, Hoqvartsın Transfiqurasiya müəllimi. Timoti Spoll – Piter Pettiqryu, Harrrinin valideynlərinin Sirius tərəfindən öldürülməsinə inanılan dostu. Devid Tülis – Professor Lüpin, Hoqvartsın yeni Qara qüvvələrdən müdafiə müəllimi. Əvvəlcə "Harri Potter və Fəlsəfə Daşı" filmində Professor Kvirel rolunu canlandırmaq üçün sınaqdan keçirilmiş Tülis, Kuaronun Lüpin rolu üçün ilk seçimi olmuşdur. O, rolu Qvirel rolunu canlandırmış və Professor Lüpin obrazının "kitabda ən yaxşı obraz" olduğunu qeyd edən Yan Hartın məsləhəti ilə qəbul etmişdi. Kuaron Tülisə Lüpinin gay olduğunu bildirərək "gay narkoman" ifadəsi işlətmiş, lakin onun fikri doğru çıxmamışdır. Tülis ilk iki filmə baxmış, üçüncü filmdə rol aldıqdan sonra isə birinci kitabın yarısını oxumuşdu. O, uşaq filmi istehsalına görə narahat olmuş və film çəkilişlərindən zövq almışdı. Emma Tomson – Sibil Trilivni, Hoqvartsın Falabaxma müəllimi. Cüli Volter – Molli Uizli, Uizlilər ailəsinin anası.

İstehsal

İnkişaf 150px|thumbnail|left|Filmin rejissoru Alfonso Kuaron. "Azkaban Məhbusu" filmi ilə Harri Potter filmlərinin on səkkiz aylıq tsikli başlamışdır və prodüser Devid Heyman bunu "hər filmlə lazım olan qədər vaxt vermək"lə əlaqələndirir. İlk iki filmin rejissoru olan Kristofer Kolumbus bu filmi öhdəsinə götürməkdən imtina etmişdir, çünki, "əvvəlki filmlərin istehsalına görə iki il yarım öz övladlarını şam yeməyində görə bilməmişdir." Bununla belə, o, Devid Heymanla birlikdə filmə prodüserlik etmişdir. Giliermo del Toroya filmə rejissorluq etmək təklif edilsə də, o, "filmin parlaq, xoşbəxt və işıqla dolu olması"nı əsas gətirərək filmdən imtina etmişdir. Mark Foster də filmi öhdəsinə götürməkdən imtina etmişdir, çünki, "Sehrli ölkə" filmindən sonra o bir daha uşaq aktyorlarla işləmək istəmirdi. Bundan sonra "Warner Bros." Kolumbusu əvəz edə biləcək rejissorların qısa siyahısını tərtib etmişdir ki, bu siyahıya da Kelli Xouri, Kennet Brana ("Sirlər Otağı" filmində Zlatapust Lokans rolunu canlandırmışdır) və Alfonso Kuaron daxil idi. Son qərar olaraq kompaniya Kuaronun namizədliyi üzərində dayanmışdı. Kuaron əvvəlcə bu təklifdən narahat olmuşdu, çünki, romanlardan heç birini oxumamış və filmləri izləməmişdi. Romanları oxuduqdan sonra, o fikrini dəyişmiş və rejissorluq haqqında müqavilə imzalamışdır, çünki, hekayələrə bağlanmışdı. Kuaronun seçilməsi Coan Roulinqi də sevindirmişdi, çünki, o, rejissorun "Sənin ananı da həmçinin" filmini bəyənirdi və "Balaca şahzadə" adaptasiyasını uğurlu hesab edirdi. Heyman düşünürdü ki, "[Kuaron] tonal və stilistika baxımından filmə ideal yaraşır." Filmdə əsas üçlüyü canlandıran aktyorlara (Redkliff, Qrint və Qreyncer) Kuaronun ilk tapşırığı canlandırdıqları personaj haqqında avtobioqrafik esse yazmaq olmuşdur. Rupert Qrintin essesindən Kuaron anlamışdı ki, aktyor işi sonacan görməyib. "Mən ondan soruşduqda ki, nəyə görə o, bunu edib, cavab verdi ki, 'Mən Ronam; Ron bunu etməzdi.' O zaman mən dedim ki, 'Ok, sən personajını başa düşmüsən'". Bu yoxlama "Azkaban Məhbusu" filmində aktyor işinin ən vacib hissəsi idi, çünki onlar esselərdə gələcək iş prosesində nələr edə biləcəklərini göstərmişdilər."McCabe, Bob. Harry Potter Page to Screen: The Complete Filmmaking Journey. 2011. Harper Design. Page 102.

160px|thumbnail|right|Dementorların Harriyə hücum səhnəsinin çəkildiyi Şotlandiyada Lox-Şil gölü.

Çəkilişlər 160px|thumbnail|right|Hoqvarts Ekspress qatarının Dementorların yoxlaması üçün dayanma səhnəsinin çəkildiyi Glenfinnan dəmir yolu körpüsü, Şotlandiya.