Ayxan Fərzux oğlu Abbasov () — Azərbaycan futbol baş məşqçisi, yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu. O, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun və Azərbaycan milli futbol komandasının, eləcə də U-21 yığmasının baş məşqçisidir. Futbolçu karyerasına gənc yaşlarından başlayan Abbasov həm ölkə çempionatlarında, həm də Avropa turnirlərində müxtəlif komandaların heyətində iştirak etmişdir.
Abbasovun futbol ilə tanışlığı orta məktəb illərinə təsadüf edir və onun ilk məşqçisi Boris Tibilov olmuşdur. Gənc yaşlarından Azərbaycan aşağı yaş və gənclər milli komandalarına dəvət almış, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra hərbi xidmətini "MOİK Bakı"da keçmişdir. Peşəkar karyerasına doğulduğu Buzovnanın "Xəzri" klubunda başlamış, burada 16 yaşında əsas komandaya çağırılmışdır.
1997/98 mövsümündən sonra Abbasov "Şəfa", "MOİK Bakı", "Turan", "İnter" və "MKT-Araz" klublarında çıxış etmişdir. "Turan"da olduğu dövrdə xüsusilə məhsuldar oyunları və mövsüm ərzində vurduğu az sayda qollardan biri AzTV-də ən yaxşı qollara namizəd olmuşdur. Daha sonra "Qarabağ" klubuna keçmiş, burada ölkə kubokunu qazanmış, Premyer Liqada isə bürünc və gümüş medallar əldə etmişdir. Eyni zamanda, UEFA Avropa Liqasında "Tvente", "Borussiya Dortmund" və digər Avropa komandaları ilə oyunlarda iştirak etmişdir. Futbolçu karyerasının son illərində "Turan"da maliyyə problemləri və zədələr səbəbilə oyunlarda məhdud iştirak etmiş, nəticədə karyerasını başa vurmuşdur. Ümumilikdə, Abbasov Azərbaycan Premyer Liqasında 243 oyun keçirmişdir. Futbol karyerası ərzində iki dəfə – 2001-ci ildə "Şəfa" və 2009-cu ildə "Qarabağ" komandaları ilə Azərbaycan kubokunu qazanmışdır.
Məşqçilik fəaliyyətinə "Qarabağ" akademiyasında başlayan Abbasov U-16 və 17 yaşadək milli komandaları çalışdırmışdır. 2015-ci ildə "Zirə" klubuna köməkçi məşqçi kimi qoşulmuş, daha sonra əvəzedici komandanın və akademiyanın rəhbəri olmuş, 2016-cı ildən isə əsas komandanın baş məşqçisi təyin edilmişdir. Zirədə rəhbərliyi altında komanda Premyer Liqada sabit çıxış etmiş, Avropa Liqasına vəsiqə qazanmışdır. Abbasov həmçinin, klubun taktiki oyununu və müdafiə strategiyasını gücləndirməyə diqqət yetirmişdir.
2018-ci ildə Abbasov "Sumqayıt" klubunun baş məşqçisi təyin olunmuş, burada komandanı Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına çıxarmış, iki dəfə Azərbaycan Kubokunun finalına yüksəlmiş və avrokuboklara vəsiqə qazanmışdır. Daha sonra "Turan Tovuz" və 2024-cü ildən "Şamaxı" klublarında baş məşqçi postunda fəaliyyət göstərmişdir. 2025-ci ilin mart ayında isə Azərbaycan U-21 milli komandasının, sentyabr ayında isə əsas milli komandanın baş məşqçisi təyin edilmişdir.
Abbasov media fəaliyyətində də iştirak etmiş, müxtəlif televiziya və radio proqramlarında futbol ekspertliyi ilə çıxış etmişdir.
Həyatı və karyerası Erkən illəri 25 avqust 1981-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdur. Əslən Ermənistan azərbaycanlılarındandır. Birinci sinfi 26 saylı orta məktəbdə oxuyan zaman futbolla tanış olmuşdur. Onun futbol fəaliyyətinə başlaması Buzovna qəsəbəsində, Bakının Əzizbəyov rayonunun "SDYUŞOR" İdman Məktəbinə rəsmi şəkildə komandaya üzv olması ilə əlaqədardır. Onun ilk məşqçisi Boris Tibilov olmuşdur. Futbola mərkəz müdafiəçisi olaraq başlamış olmağına baxmayaraq, Abbasov bu dövrdə sağ yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. Tibilov "Saxalin" komandasına baş məşqçi təyin olunmuş və ölkəni tərk etmişdir. Bundan sonra Abbasovun yaş qrupu İlham Qurbanovun rəhbərliyi altına keçmişdir. Bu dövrdə o, 14–15 yaşına qədər müxtəlif məşqlərdə və yarışlarda iştirak etmişdir. 15 yaşında futbolla məşğul olduğu məktəb bağlanmış və o, FŞM adlı futbol məktəbinə keçmişdir. Burada onun məşqçisi Böyükağa Abbasov olmuşdur. Ayxan Abbasov Azərbaycanın aşağı yaş və gənclər (17 və 19 yaşa qədər) milli komandasına dəvət almışdır. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş və dörd il sonra ali təhsilini uğurla başa vurmuşdur. Hərbi xidmətini "MOİK Bakı"da keçirmişdir. Bu dövrdə o, çempionatın üçüncü ayında Gəncədə keçirilən oyun zamanı aldığı ciddi zədə nəticəsində bir il ərzində oyunlarda iştirak edə bilməmişdir.
Ayxan Abbasovun ilk peşəkar klubu Buzovnanın "Xəzri" komandası olmuşdur. 1996-cı ildə "Xəzri" ilə "Bakı Fəhləsi" arasında kubok oyunu keçirilmişdir. Komandanın əsas heyətində bir neçə oyunçunun cəzalı və zədəli olması səbəbindən əvəzedici heyətdən futbolçular əsas komandaya çağırılmışdır. Bu çərçivədə Abbasov da 16 yaşında əsas komandaya daxil edilmiş və həmin mövsümdə Buzovna stadionunda "Bakı Fəhləsi" ilə oyun zamanı 20 dəqiqə meydanda olmuşdur. Həmin oyunda komanda minimal hesabla qələbə qazanmışdır. O, ilk peşəkar çıxışına gətirilməsində "Xəzri"nin prezidenti Malik Babayevin və məşqçi Rəşid Özbəyovun rolunu vurğulamışdır. Peşəkar müqavilə imzaladıqdan sonra Abbasovun "Xəzri" klubunda aldığı ilk maaş 100 ABŞ dolları olmuşdur.
Yüksəlməsi
1997/98 mövsümündə U18 komandasında əsas liqada oynamışdır. Sonra 6 ilini "Şəfa" klubunda keçirmişdir, lakin 2002-ci ildə "MOİK Bakı" tərkibində icarədə olmuşdur. O, "Şəfa"nın tərkibində 2000/2001 Azərbaycan Kubokunun qalibi olmuşdur. Klubda onun stabil çıxışları, həmçinin milliyə namizəd futbolçular arasında özünü göstərməsi karyerasının inkişafına töhfə vermişdir. Abbasov bu dövrdə cinah oyunçusu mövqeyində qərarlaşmışdır. 2004–2005-ci illərdə "Turan"da çıxış etmişdir. Ayxan Abbasov bu zaman 2004/05 mövsümündə "Futbol+" qəzetinin mövqelər üzrə bal sistemi əsasında qış çempionu olmuşdur. Ayxan Abbasov karyerasında ən yaddaqalan oyunlardan birinin 2004/05 mövsümündə "Turan"ın heyətində "Neftçi"yə qarşı keçirdiyi qarşılaşma olduğunu qeyd etmişdir. Həmin oyun Tovuzda keçirilmiş və Nadir Nəbiyevin qolu sayəsində komanda qələbə qazanmışdır. Abbasov bildirmişdir ki, həmin matç üçün komandaya 1000 ABŞ dolları məbləğində mükafat verilmişdir. Karyerası ərzində vurduğu az sayda qollardan ən yaddaqalanı "Turan"ın heyətində "MKT-Araz"a vurduğu qol olmuşdur. Həmin qol mövsüm ərzində AzTV-də yayımlanan və Altay Əliyevin aparıcısı olduğu verilişin ən yaxşı qollara səs verilən rubrikasında ilk beşliyə daxil edilmişdir. Abbasov həmçinin, məhsuldar ötürmələrdə karyerası boyunca tez-tez ön pillələrdə yer almışdır. 2006–2007-ci illərdə "İnter"də oynamışdır. 8 iyun 2007-ci ildə onun "İnter"dən ayrıldığı açıqlanmışdır.
Abbasov 2007/2008 mövsümünə "MKT-Araz" klubunun tərkibində başlamışdır. UEFA Kubokunun hər iki oyununda Polşanın "Qrotslin" klubuna qarşı klubda çıxış etmiş, nəticədə İmişli komandası 85-ci dəqiqədə buraxılan qol ilə məğlub olaraq turnirdən kənarlaşdırılmışdır. Ayxan Abbasov bu oyunda start heyətdə çıxış etmişdir.
Qarabağ "MKT-Araz"ın yaşadığı uğursuzluqdan sonra klub prezidenti komandanı buraxmış, Abbasov "Standart Bakı" kimi komandaların hədəfinə düşmüşdür. Əslində, "Standart" klubu bu transferi reallaşdırmağa yaxın idi, lakin Abbasov Ağdamın "Qarabağ" klubuna keçmişdir. O, həm Rasim Kara, həm də Qurban Qurbanovun baş məşqçiliyi altında 15 nömrəli forma ilə çıxış etmişdir. Abbasov "Qarabağ"da elə ilk mövsümündə fərqlənmiş, klubun "Gənclərbirliyi"nə qarşı 3:1 hesabı ilə qələbə qazandığı ev oyununun 88-ci dəqiqə qol vurmağa nail olmuşdu. Abbasov "Qarabağ"da uğurlu çıxışlar sərgiləmiş və özü haqqında komandada "heç kəsdən zəif olmadığını" da bildirmişdir. 21 may 2008-ci ildə onun müqaviləsi yenilənmişdir. Ayxan Abbasov 2009-cu ilin yanvar ayında "Qarabağ" klubunun Antalyada keçirilən təlim-məşq toplanışı zamanı sağ dizində ağrılar hiss etməyə başlamışdır. Həkim müayinəsi nəticəsində, onun dizindəki zədə təkrarlanmış və əməliyyat tələb olunmuşdur. Əməliyyat Türkiyənin İstanbul şəhərində həyata keçirilmişdir. Əməliyyatın uğurla başa çatmasına baxmayaraq, Abbasov üç gün sonra məşqlərə qatılmış və bir həftəlik fasilə ilə komandasına qoşulmuşdur. Ayxan Abbasov Premyer Liqanın 2008/2009 mövsümündə "Qarabağ"ın heyətində 16 oyun keçirmiş və 5 sarı vərəqə ilə yadda qalmışdır. Həmin mövsüm Ayxan Abbasov Ayxan Abbasov artıq ikinci dəfə ölkə kubokunu qazanmış, komanda liqada isə beşinci yeri tutmuşdur.
Abbasov "Qarabağ" heyətində Azərbaycan kubokunu qazanmış, ölkə çempionatında bürünc və gümüş medallar əldə etmişdir. Eyni zamanda, o, UEFA Avropa Liqasında həmin mövsüm üzrə təsnifat mərhələsinin iştirak ərizəsinə salınmışdır. Abbasov Norveç çempionu "Rusenborq" ilə keçirilən 0:0 hesablı heç-heçə ilə yekunlaşan oyunda start heyətdə iştirak etmiş, lakin 1:0 hesablı qələbə ilə yekunlaşan oyunda ehtiyat skamyasında oturmuşdur. Bundan başqa, Abbasov Niderland çempionu "Tvente" və Almaniya "Borussiya Dortmund" klubları ilə pley-off oyunlarında iştirak etmişdir. "Tvente" ilə ilk görüşdə start heyətdə meydanda olmuş və qarşılaşmada 1:3 hesabı ilə məğlub olmuş, cavab oyununda isə ehtiyat skamyasında olmuş və oyunda 0:0 hesabı qeydə alınmışdır. 2009/2010 Azərbaycan Premyer Liqası mövsümünün XIX turunda keçirilən və 3:2 hesabı ilə yekunlaşan "Qarabağ"–"Karvan" qarşılaşmasının 67-ci dəqiqəsində Ayxan Abbasov ikinci sarı və qırmızı vərəqə almış, nəticədə meydanı tərk etməli olmuşdur. Buna görə komanda 200 manat cəriməyə məruz qalmışdır və növbəti turda "Xəzər-Lənkəran" ilə olan matçı qaçırmışdır. Hər halda, Abbasov artıq daha çox ehtiyatda qalmağa başlamışdı. Abbasov mövsüm ərzində 10 oyun keçirmiş, 501 dəqiqə meydanda olmuş, 2 sarı və 1 qırmızı vərəqə ilə yadda salmışdır.
thumb|right|Ayxan Abbasov "Qarabağ"ın heyətində. 2009-cu il.
2010-cu ilin iyununda UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Metallurq" klubu ilə qarşılaşma üçün "Qarabağ" ilkin sifariş ərizəsində Abbasovun adını da qeyd etmişdir. "Qarabağ" evdə 4:1, səfərdə 1:1 hesab əldə etmiş və turu keçmiş, lakin Abbasov aldığı zədə səbəbilə iki oyunda da iştirak etməmişdir. "Portadaun" ilə II təsnifat mərhələsində iştirak edə bilməyən Abbasov bu dövrdə yüngül zədəsi ilə məşqlərə çıxırdı. Hər halda, "Qarabağ" evdə 1:1, səfərdə isə 1:2 hesab əldə etmiş və turu keçmişdir. Abbasov Avropa Liqasının III təsnifat mərhələsində Polşanın "Visla" komandası ilə səfər oyununa cəzalı olduğu səbəbilə aparılmamışdır. Premyer Liqa mərhələsinin əvvəllərində də zədə almış Abbasov ölkə çempionatının XVI–XIX turlarında da meydandan kənarda qalmışdır. Ümumiyyətlə az oyun keçirmiş olan Abbasov bu tura qədər mövsüm ərzində sadəcə iki oyun keçirmişdi. Abbasov 2011-ci ilin yanvarında təlim-məşq toplanışında iştirak edə bilmişdir, lakin o, mövsümün sonuna qədər meydana çıxmamışdır.
Son illəri 2011-ci ilin iyununda Abbasov "Qarabağ"ın heyətini artıq tərk etmişdi, çünki onun müqaviləsi yenilənməmişdi. Abbasov 2011/2012 mövsümündə "Turan"da oynamışdır və 5 nömrəli forma ilə çıxış etmişdir. O, tezliklə "Turan"ın əsas oyunçularından biri olmuşdur və mövsümün ikinci turunda bütün karyerası boyunca Azərbaycan Premyer Liqasında 237-ci oyununa çıxmışdır, lakin tezliklə yenidən zədələnmişdir.