Rəy sorğusu —rəy sorğusunu keçirmək üçün hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun.
Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır.
Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır.
Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir:
məzmununa görə; formasına görə; funksiyasına görə.
Anket sualları Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar: keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar; fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar.
Əgər birinci qrupdan olan suallar vasitəsilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir.
Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar. Adətən, bu cür suallardan "anketin demoqrafik, hissəsi" və ya "pasportçası" adını almış bölməsi tərtib edilir və anketin sonunda yerləşdirilİr.
Əgər demoqrafik suallar cavabların qəti birmənalılığını nəzərdə tutan dəqiq və tamamilə aydın sözlərlə ifadə olunmuşdursa, onda onlara cavab vermək prosesində özü, adətən, rəyi soruşulanlar üçün xüsusi çətinlik təşkil etmir. Bu çur suallara verilən cavabların doğruluq dərəcəsi olduqca yüksəkdir. Lakin bəzi istisnalar da olur. Əgər respondent anketin anonimliyinə şübhə edərsə və onda verdiyi səmimi cavabları ilə özünə hər hansı bir tərzdə ziyan vura biləcəyi barədə qorxu yaranarsa, onda o, özü haqqında olduqca yanlış məlumatlar verər və ya "pasportçası" ona məhz anonimliyi təmin olunacağında şübhəli görünən suallara cavab verməyə bilər.
Fərdin davranışı və fəaliyyəti məhsulları ilə bağlı və sosioloqun onların köməyi ilə hadisələrlə, faktlarla dolu məlumatlar aldığı suallara gəldikdə isə, onlara verilən cavabların əksəriyyəti həmçinin kifayət qədər düzgün və səmimi olur. Adətən, rəyi soruşulanlar onlara böyük həvəslə və heç bir çətinlik çəkmədən cavab verirlər. Lakin qeyd etmək dazımdır ki, verilən suallar cəmiyyət tərəfindən bəyənilməyən hərəkətlərə və ya respondentin keçmiş həyatında çoxdan olmuş hadisə və hərəkətlərə aid olduqda qeyri-mötəbər cavabların alınacağı ehtimalı kəskin surətdə artır. Birinci halda, hansı davranış tipinin cəmiyyət tərəfindən bəyənildiyini, hansının isə pisləndiyini yaxşı bilən respondent öz həyatının mənfi faktlarını gizlətməyə və hansısa müsbət hərəkətləri həddindən çox şişirtməyə və ya həyatında heç mövcud olmamış davranışı öz ayağına yazmağa meyl göstərəcəkdir. İkinci halda qeyri-mötəbərlilik, yaddaşın səhvləri, respondent tərəfindən hər hansı bir keçmiş hadisənin fikrən canlandırılması çətinliyi nəticəsində yaranır.
Rəyi soruşulanların motivləri, qiymət və rəylərinin aydınlaşdırılmasına yönəldilmiş ikinci qrupun sualları respondentlər üçün birinci qrupdakı suallardan çətindir, buna görə də onlara verilən cavabların düzgünlüyü və səmimiliyi birinci qrupun suallarına verilmiş cavablara nisbətən həmişə daha az olur. Sualların ümumi sayının hər hansı bir cavabsız qalanların çox faizi məhz bu suallara düşür. Məhz həmin suallara cavab verilərkən sosioloq respondentin ya cavab verə bilmədiyi, ya da istəmədiyi halları qeyd edir. Belə hallarda tədqiqatçının vəzifəsi müxtəlif texniki üsullar və vasitələrin köməyi ilə lazımi məlumatların alınmasına nail olmaqdan ibarətdir.
"Niyə?" tipli birbaşa və nəzakətsiz ("Siz niyə belə fikirləşirsiniz?" və s.), respondentdə yalnız mənfi reaksiya və cavab verməmək arzusu doğuran suallar əvəzinə tədqiqatçı detallaşdırılmış suallar silsiləsi tərtib edir və onlara verilən cavabların məcmusu tədqiqatçı respondentdə müəyyən bir rəyin yaranması səbəbləri haqda təsəvvür yaradır.
Respondentin davranış motivasiyasını daha dərindən və düzgün başa düşmək, onun niyyətlərini, yönümlərini üzə çıxartmaq üçün projektiv (xəyali) suallar böyük əhəmiyyətə malikdir: "respondentə onun həyatda rast gələ biləcəyi hallar toplusu təklif olunur və xahiş edilir ki, verilmiş şəraitdə üstün tutulmağa layiq davranış və ya rəy variantını göstərsin". Adətən bu suallar şərt cümlələri şəklində ifadə edilir. "Təsəvvür edin ki,..", "Fərz edək ki…". Projektiv suallar tərtib etmək metodu hal-hazırda bir çox sosioloqlar tərəfindən çox geniş istifadə olunur.
Rəyin yalnız məzmunu deyil, onun həm də intensivliyini müəyyənləşdirmək üçün bu və ya digər rəyin aydınlaşdırılmasına yönəlmiş sualın tərkibinə qiymətlərin intensivliyi şkalasını da daxil etmək üstün tutulmağa layiqdir. Məsələn: "Bəzi adamlar belə deyir:"; "Mən razı olmadığım bir şeyə məni inandırmaq istəyənləri xoşlamıram". "Bəs siz necə hesab edirsiniz?"
1. Onlarla tamamilə razıyam;
2. Onlarla razıyam;
3. Razıyam, amma tam yox;
4. Onlarla razı deyiləm;
5. Onlarla qətiyyən razı deyiləm.
Respondentlərin rəylərinin bilavasitə aşkar etmə üsullarının birləşdirilməsi, şübhəsiz, daha müsbət nəticələr verir və lazım olan məlumatların alınmasına çox kömək edir.
Sualların formasına görə tipləri Formasına görə suallar bu cür olur:
a) açıq və qapalı;
b) birbaşa və dolayı (bilavasitə və vasitəli).
Əgər müəyyən bir suala cavab hər hansı, istənilən bir formada verilə bilərsə, hansısa bir qaydaya tabe edilərək məhdudlaşdırılmırsa və respondent istədiyi cavabı istədiyi formada verə bilərsə, bu sual açıq və ya sərbəst sual adlanır.
Əgər sualın ifadə olduğu formada mümkün cavabların variantları (müəyyən alternativ siyahısı) varsa və respondent onlardan birini və ya bir neçəsini seçməlidirsə, həmin sual qapalı adlanır.
Adları çəkilmiş sual tiplərindən hər birinin öz müsbət və mənfi cəhətləri vardır. Açıq sualların yaxşı cəhəti cavabın sərbəst formada olmasından, spontan, təbii xarakter daşımasından ibarətdir ki, bunun sayəsində tədqiqatçı respondent üçün ən böyük mənası olan rəyləri, qiymətləri üzə çıxartmağa, onda hansısa tamamilə gözlənilməz və əvvəllər güman edilməyən fikirləri aşkar etməyə imkan qazanır.
Nöqsanlara gəldikdə isə onların, əsasən, ikisini göstərmək olar. Birincisi, açıq suallar istifadə olunan zaman onların respondent tərəfindən subyektiv, ixtiyari yozulması ehtimalı çox yüksəkdir və bu, nəticə etibarilə yekun məlumatlarının müqayisə edilməz olmasına gətirib çıxarır. İkincisi, açıq suallara alınan cavabların təhlili həddindən artıq zəhmət tələb edən və baha başa gədən işdir.
Bunun əksinə olaraq, qapalı sualların üstünlüyü məhz ondan ibarətdir ki, onlar dəqiq və birmənalı izah olunur, asanlıqla standartlaşdırılır, işlənməsi və təhlili üçün xüsusi zehni, fiziki və maddi ehtiyatların sərf olunmasını tələb etmir. Lakin, təəssüf ki, qapalı suallarda respondentin bu və ya digər məsələ üzrə, ümumiyyətlə, öz formalaşmış fikri olmadıqda, yaxud onun tamamilə müəyyən bir fikri olduğu halda, təqdim olunmuş alternativlərdən heç biri onun həmin məsələyə nöqteyi-nəzərini tam əks etdirmədiyi üçün onu qane etmədikdə respondentə cavabların qəbul etdirilməsi təhlükəsi çox böyükdür.
Bu iki müxtəlif sual tiplərini "daha yaxşıdır — daha pisdir" mövqeyindən müqayisə etməyin və qiymətləndirməyin heç bir mənası yoxdur. Onlardan hər birinin öz vəzifəsi vardır və buna görə də bu və ya digər sualın istifadə olunması məqsədəuyğunluğu bütünlüklə sorğunun məqsədləri və keçirildiyi şəraitlə müəyyənləşdirilir. Öz həcminə görə böyük olmayan, sorğu vərəqəsinin işlənildiyi və sorğunun standartlaşdırılmamış müsahibə formasında aparıldığı sınaq tədqiqatı mərhələsində əsasən açıq suallar tipindən istifadə edilir. Əsas tədqiqatda üstünlük qapalı suallar tininə verilir, çünki bu halda anketlərin işlənməsi asanlaşır, bunun isə kütləvi səciyyə daşıyan sorğuda böyük əhəmiyyəti vardır.
Son vaxtlar yarımqapalı adlanan suallar geniş yayılmışdır. Sual o zaman yarımqapalı sayılır ki, alternativlər siyahısında "başqası" tipli, sərbəst əlavə şərh və qeydlər etməyə imkan verən alternativ olsun.
Qapalı suallar tərtib edilərkən yadda saxlamaq və çalışmaq lazımdır ki:
1) cavabların bütün mümkün variantlarının hamısı göstərilməli;
2) bütün alternativlər qarışdırılmamalı;
3) kəmiyyət alternativləri siyahısında müsbət və mənfi tərəflər eyni ölçüdə olmalıdır.
Əgər siyahıda bütün mümkün alternativ cavabların göstərildiyinə qəti inam yoxdursa, mütləq respondentə ya siyahıya "bilmirəm", "başa düşmədim", "cavab verməyə çətinlik çəkirəm", "bu barədə düşünməmişəm" tipli alternativləri daxil etməklə yalnız verilmiş alternativləri seçməkdən yayınmaq, ya da siyahıya "başqası" tipli alternativ daxil etməklə, ona özü istədiyi kimi cavab söyləmək imkanını vermək lazımdır.
Yaxşı anket, adətən, özündə sualların bütün növlərini — açıq, qapalı və yarımqapalı sualları cəmləşdirir. Onların məharətlə seçilməsi və əlaqələndirilməsi alınan məlumatların dəqiqliyini, dolğunluğunu, tamlığını və etibarlılığını əhəmiyyətli dərəcədə artırır. Respondentdən açıq, səmimi məlumatların alınmasına yönəldilmiş sual birbaşa (bilavasitə) sual adlanır. Adətən o, şəxsi formada ifadə olunur: "Bilirsinizmi ki,..", "…haqqında nə düşünürsünüz", "…barədə sizin fikriniz necədir? ", "Siz necə hesab edirsiniz?"
Əgər tədqiqatçıda respondentin hər hansı bir sual üzrə müəyyən məlumatı açıq söyləmək istəyəcəyinə qəti inam yoxdursa, o, dolayı, vasitəli sual verir. Bu suala verilən cavab onun sonradan respondentdən gizli mənada izah olunacağını nəzərdə tutur. Məsələn, respondentdən onun ailə gəlirinin nə qədər olduğunu birbaşa soruşmaq əvəzinə tədqiqatçı bir sıra dolayı sualların vasitəsilə respondentin şəxsi avtomobili, bağı, televizoru, soyuducusunun olub-olmadığını öyrənərək, onun ailə gəliri barədə təsəvvür əldə edə bilər.
Bir çox hallarda dolayı suallar şəxssiz və yarım şəxssiz formada ifadə edilir: "Bəzi adamlar belə hesab edir ki, ", "Bəs Siz necə fikirləşirsiniz?"
Təcrübə göstərir ki, respondent (məsələn, söhbət müəyyən, olduqca fərdiləşmiş, adi baxışlardan kəskin surətdə fərqlənən fikirlərin aşkar edilməsindən gedirsə) birbaşa şəxsi suallardan çox, dolayı şəxssiz suallara daha böyük həvəslə cavab verir.
Funksiyasına görə sualların tipləri Funksiyasına görə suallar süzgəc suallara və yoxlama suallara bölünür.
Süzgəc suallar öncə yuxarıda adları çəkilmiş məzmununa görə hər iki sual qrupuna, yəni həm respondentə aid faktlar və hərəkətlər haqqındakı, həm də onun rəy, motiv və qiymətləri barədəki suallara tətbiq edilir.
Bu sualların funksiyaları məzmununa görə birinci qrup suallara nisbətən faktlar barədə bir və ya bir neçə növbəti suallara cavab verməli olan respondentləri bu suallara cavab verməli olmayan respondentlərdən ayırmaqdan ibarətdir. Məsələn, əgər tədqiqatçını respondentin ictimai işi, onun ictimai özünüidarənin hansı formalarında iştirak etdiyi, seçkili orqanlarda çalışıb-çalışmadığı ilə bağlı suallar maraqlandırırsa, onda bu suallar qrupundan əvvəl mütləq "Siz ictimai işdə, iştirak edirsinizmi?" süzgəc sualı gəlməlidir. Yuxarıda göstərilmiş bütün suallara bu sonuncu suala yalnız müsbət cavab vermiş adamlar cavab söyləyə bilər.
Bir çox hallarda rəyi soruşulanlar heç bir təsəvvürləri olmayan şeylərə qiymət verir, bu haqda fikirlərini bildirirlər. Süzgəc sualların vəzifəsi də elə məhz respondentlərin nə dərəcədə məlumatlı olduğunu yoxlamaq, onların arasındakı səriştəsiz adamları seçib ayırmaqdan ibarətdir.