Monqolustan Xalq Respublikası () — 1924-cü ildən 1992-ci ilədək iqtidarda olmuş tarixi dövlət.
Yaranması İkinci dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət statusu-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım(Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in statusu-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu.
Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi. Rəy sorğusunun nəticələri Çin hökuməti tərəfindən tanındı. Bununla da, Monqolustan Xalq Respublikası ərazisinə Çin dövləti tərəfindən olan iddiaya son qoyuldu, monqol dövlətinin mövcudluğuna olan təhlükə aradan qaldırıldı. Qeyd etmək istərdik ki, 1950-ci ilin 14 fevralında imzalanan "Dostluq, ittifaq və qarşılıqlı yardım haqqında" Sovet-Çin müqaviləsindədə tərəflər MXR-in tam müstəqilliyini bir daha qeyd edir və onunla ÇXR-in diplomatik əlaqələr qurmasının vacibliyini olduğunu söyləyirdilər.
Lakin bu müstəqillik müharibədən sonra Sovet İttifaqı və MXR arasında bağlanan bir sıra müqavilə və sazişlər nəticəsində öz əhəmiyyətini itirir, formal xarakter daşıyır və MXR siyasi-ideoloji, hərbi-iqtisadi və s. baxımından tam Sovet təsirinə məruz qalan bir ölkəyə çevrilirdi. 1946-cı ilin fevralında iki dövlət arasında "Dostluq və qarşılıqlı yardım haqqında" müqavilə imzalandı. Müqaviləyə görə tərəflər öhdəlik götürürdülər ki, onlardan birinə hücum olarsa o biri ona "hər cür, o, cümlədən hərbi kömək göstərəcəkdir". Əslində bu, MXR-in Sovetlərin hərbi bazasına çevrilməsini hüquqi baxımdan əsaslandırmaqdan başqa bir şey deyildi. Sonrakı dövrlərdə bir sıra müqavilə və sazişlər imzalandı. Bunlardan 1957-ci il ticarət müqaviləsini, 1966-cı il elmi-texniki əməkdaşlıq haqqında sazişi və "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında" müqaviləni göstərmək olar. Həmin müqavilələr MXR-in həyatının bütün sahələrinə Sovet nəzarətinin yaranmasını başa çatdırdı. MXR bütünlüklə Sovet İttifaqından asılı bir vəziyyətə düşdü.
Bununla yanaşı MXR-in beynəlxalq vəziyyətində müəyyən dəyişikliklər də baş verirdi. ÇXR yaranandan az sonra MXR ilə diplomatik əlaqələr qurdu. 1952-ci ildə onlar iqtisadi və mədəni əməkdaşlıq haqqında saziş bağladılar. 1960-cı ildə isə "Dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandı. Sonuncu sənəd iki dövlət arasındakı münasibətlərin daha geniş sahələrini əhatə edirdi.
1948–1960-cı illərdə MXR Avropa və Asiyanın bütün sosialist dövlətləri və Kuba ilə diplomatik əlaqələr qurmuş, onlarla dostluq və əməkdaşlıq müqavilələri imzalamış, iqtisadi və mədəni əməkdaşlıq haqqında sazişlər bağlamışdı. 60-cı illərin mühüm hadisəsi kimi MXR-in 1961-ci ildə BMT-yə üzv qəbul olunmasını göstərmək olar. Bundan sonra böyük dövlətlərin MXR-i tanıması prosesi başlamışdır. 1963-cü ildə Böyük Britaniyanın MXR-i tanımasından 1983-cü ilədək sürən müddətdə onunla diplomatik münasibətlər quran dövlətlərin sayı xeyli artdı. Həmin ildə MXR artıq 92 dövlət ilə diplomatik əlaqələr saxlayırdı ki, onların 20-yə yaxını inkişaf etmiş dövlət idi. Nəhayət, 1987-ci ildə ABŞ da Monqolustan ilə diplomatik əlaqələr yaratdı.
Daxili vəziyyətə gəlincə, yuxarıda dediyimiz kimi, ölkə Sovet İttifaqından asılı idi. Həyatın bütün sahələrində "Sovet təcrübəsi" kor-koranə tətbiq olunurdu. Həm də bunun əsası MXR-in yaranması dövründə qoyulmuşdu. Şəxsiyyətə pərəstiş, siyasi və hərbi xadimlərə, təsərrüfat rəhbərlərinə, keçmiş inqilabçılara, elm və mədəniyyət nümayəndələrinə, təbiidir ki, buna qədər məmləkətin var- dövlət və nüfuz baxımından üzdə olan bütün insanlarına, bütünlüklə öz xalqına qarşı kütləvi repressiyalar normal həyat tərzinə çevrilmişdi. 30–40-cı illərdə məhz Stalin şəxsiyyətinə pərəstiş səviyyəsində Monqolustanda da Çoybalsan şəxsiyyətinə pərəstiş vardı. O, hakimiyyəti bütünlüklə öz əlində cəmləşdirmiş, avtoritar, totalitar və despotik bir rejim yaratmışdı. Kiçik bir narazılıq böyük qəddarlıqla və amansızlıqla qarşılanırdı.
Bunlara baxmayaraq monqol xalqı bu despotik rejimə qarşı çıxmaq üçün həmişə özündə güc tapmışdır. 1932-ci ilin yazında baş verən etiraz hərəkatında, demək olar ki, ölkə əhalisinin çox böyük hissəsi iştirak etmişdi. Hərəkatın əsas qüvvələri aratlar idilər. Onlara din xadimləri-lamalar başçılıq edirdi. Aratlar zorakılıqla "artel"lərə və "kommuna"lara cəlb edilməyə qarşı çıxır, mal-qaranın əllərindən alınmasına müqavimət göstərirdilər. Onlar "kollektivləşmək" istəmədiyinə görə həbs edilmiş bütün aratlar azad olunmasını tələb edirdilər. Üsyanı yatırmaq üçün nizami ordudan istifadə olundu, üsyançılar top və tank atəşləri ilə güllə-baran edildilər. Ələ keçənlərə ən amansız cəzalar verildi. Üsyan böyük bir qəddarlıqla yatırıldı. 1933-cü ildə MXİP MK-nın katibi J. Lhumba haqqında yalandan bir "cinayət" işi qaldırıldı. Neçə yüzlərlə insan bu "cinayət"də iştirak etməkdə təqsirli bilindi və onlara qarşı hər cür repressiv tədbirlər görüldü. 1937-ci ilin payızında(sentyabr ayında) kütləvi repressiyalar başladı. Bu dövrdə Monqolustan əhalisinin onda bir hissəsi(uşaqlar və gənclər istisna olunmaqla) edam, sürgün, katorqa, ömürlük həbs və s. kimi ən ağır cəzalara məruz qaldı. Yüz minlik din xadiminin-lamanın 70%-i məhv edildi, 700 monastır bağlandı, lama məbədləri "əks inqilab yuvaları" elan edildi və dağıdıldı. 1990-cı ildə Monqolustanda cəmisi bircə monastır fəaliyyət göstərirdi.
Sovet "təcrübəsi"nə uyğun olaraq qanlı divan və qəddarlıq hakim partiya liderlərinə qarşı da tətbiq olunurdu. Suxe-Batorun silahdaşları – baş ordu komandanı marşal Q. Demid, Kiçik Xalq Xuralının sədri D. Doqosan, baş nazir A. Amar, MXTP Mərkəzi Nəzarət Komissiyasının sədri Do Losol və onlarca digər partiya və dövlət xadimləri cismən məhv edildilər, çoxları həbslərə, katorqa və sürgünlərə atıldılar. MXİP-nin 1934-cü ildə keçirilmiş IX qurultayında seçilmiş Mərkəzi Komitə üzvlərinin üçdə ikisi, MK Rəyasət heyəti üzvlərinin beşdə dördü müxtəlif repressiv tədbirə məruz qaldı. "Xalq inqilabı" hərəkatında iştirak edən könüllü partizanların 15%-i, generalların isə 80%-i də repressiya həyatını yaşamalı oldu. Orduda repressiyalar hətta Xalxın-Göldə hərbi əməliyyatlar dövründə də aparılırdı. Bunun nəticəsi idi ki, monqol ordusu yüksək səviyyəli zabitlərdən məhrum oldu, daxildən zəiflədi, yeni və naşı komandirlərin fərsizliyi ucbatından döyüşlərdə çox böyük itkilər verdi.
Elm, ədəbiyyat və mədəniyyət xadimləri də ən amansız cəzalara məruz qaldılar.
Zorakı idarəçilik sistemi iqtisadiyyatdan da yan keçməmişdir. Təkcə bircə faktı söyləmək kifayətdir ki, bu zorakılığın nəticələri haqqında müəyyən təsəvvür yaransın. Belə ki, 1940-cı ildə MXİP-nin X qurultayında bilavasitə Stalinin göstərişi ilə qərara alınmışdır ki, ölkədə mövcud olan mal-qaranın sayı 26 mln. başdan 1953-cü ildə 200 mln başa qaldırılsın. Bu dövrdə mal-qaranın başı nəinki artmadı, hətta 1953-cü ildə 23 mln-a endi və 1940-cı ildəkindən 3 mln baş da az oldu.
Dövlət idarəçiliyi partiya idarəçiliyi ilə əvəz olunmuşdu. Ən yaxşı halda dövlət idarəçiliyinin hər üç qanadı: idarəedici, qanunverici və məhkəmə sistemi bütünlüklə və tamamilə hakim partiyanın-MXİP-nin göstəriş və qərarlarını yerinə yetirməklə məşğul idi.
Təkpartiyalıq siyasi həyatın xarakter cəhətinə çevrilmişdi və ölkə həyatının bütün sahələri onun diktəsi altında idi. Partiya isə faktik olaraq öz liderinin diktəsilə, lider isə Sov. İKP-nin diktəsi ilə idarə olunur və istiqamətləndirilirdi.
Belə bir vəziyyət 1984-cü ilin sonlarınadək davam etmişdir. Yəni volüntarizm istər Çoybalsanın (o, 1952-ci ildə ölmüşdür), istərsə də ondan sonra MXR hökumətinin başçısı və MXİP-nin baş katibi) o, bu vəzifəyə 1940-cı ildə seçilmişdir) vəzifələrini öz əlində cəmləşdirən Y. Sedenbalın idarəçilik üsulu idi. Bu da maraqlıdır ki, Y. Sedenbal MXİP MK-nın 1956-cı ilin aprelində və 1962-ci ilin yanvarında keçirilən plenumlarında Çoybalsanın şəxsiyyətinə pərəstişin tənqid və pislənməsinin təşkilatçısı olmuşdur. Nəhayət, ilk dəfə olaraq 1984-cü ilin dekabrında MXİP MK-nın V plenumunda partiya və dövlət rəhbərliyində hakim kəsilmiş bu volüntar idarəçilik üsulu açıq şəkildə tənqid olunmuşdur. Həm də bu o zaman idi ki, artıq Y. Sedenbalın partiya və hökumət rəhbərliyindən uzaqlaşdırılmasına(heç şübhəsiz ki, Moskva tərəfindən) hökm verilmişdi.
Ümumiyyətlə Sovet İttifaqından edilən "sosializm idxalı" monqol cəmiyyətində çox səthi dəyişikliklər yarada bilmişdi, istər sosial, istər də fərdi həyatda dərin iz buraxa bilməmişdi, xalqın çox böyük hissəsinin sosial və siyasi şüuruna güclü təsir göstərmək mümkünsüz olmuşdur. Əksinə, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında və inkişafında ziddiyyətləri daha da gücləndirmişdi. Belə ki, ölkədə bir tərəfdən sosialist istehsal formaları yaradılırdı, o biri tərəfdən əsas istehsal sahələrində, xüsusilə heyvandarlıqda arxaik əmək alətləri və arxaik istehsal formaları qorunub saxlanılırdı, bir tərəfdən müasir elm, təhsil və tibb müəssisələri təsis edilirdi, o biri tərəfdən xalqın böyük çoxluğu öz qədim adətləri, ənənələri, düşüncələri və dini təsəvvürlərindən kənara çıxmırdı. Bir sözlə, Monqolustandakı sosializm quruculuğu cəmiyyətdə əsrlər boyunca yaranmış və formalaşmış təməlləri sarsıtdısa da, dağıda bilmədi. Bir qədər irəli gedərək qeyd etmək istərdik ki, "soyuq müharibə"nin başa çatması və Sovet nəzarətinin azacıq zəifləməsi nəticəsində monqol cəmiyyəti kommunist ideologiyası və prinsiplərindən imtina edən ilk sosialist ölkələrindən biri oldu. Artıq 1988-ci ilin sonlarında MXİP MK plenumunda aşağıdakı fikirlər səslənirdi : "Biz çox uzun zaman şagird olduq, öz müəllimlərimizə məhəbbətimizi izhar etməklə kifayətləndik. Köhnə qayda ilə yaşamaq olmaz! Başqasının təcrübəsini əzbərləmək isə mümkünsüzdür!" Monqolustan Rəssamlar ittifaqının sədri N. Sultemin çıxışındakı aşağıdakı sözlər sanki monqol cəmiyyətinin sosializmə olan reaksiyasının əks-sədasıdır : "Dostlar, siz bilirsiniz ki, mən Stalinin də və Çoybalsanın da, Brejnevin də və Sedenbalın da portretlərini çəkmişəm. 33 ildir ki, Rəssamlar İttifaqına başçılıq edirəm. Artıq bu kürsüyə dözə bilmirəm, həmkarlarım da mənə dözməkdə gücsüzdürlər. Mənim tövbəmi qəbul edin.. Məni azad edin!"