Kateqoriya:Norveç kralları Kateqoriya:Oldenburqlar Kateqoriya:Norveç monarxları Kateqoriya:Sürgündəki hökumətlər Kateqoriya:1952 Qış Olimpiya Oyunları Kateqoriya:Danimarka şəxsləri Kateqoriya:Masonlar Kateqoriya:Norveç şəxsləri Kateqoriya:Norveç tarixi Kateqoriya:İkinci Dünya müharibəsinin monarxları Kateqoriya:Qüdrətli Hamam ordeni VII Haakon () və ya Kristian Frederik Karl Georq Valdemar Aksel (; ) — Danimarka kralı VIII Frederikin oğlu, Norveç kralı.

Həyatı

Gənclik illəri 3 avqust 1872-ci ildə Kopenhagen yaxınlığındakı Şarlottenlun sarayında dünyaya gəldi. Atası Danimarka kralı IX Kristianın oğlu vəliəhd-şahzadə Frederik, anası isə İsveç-Norveç kralı XV Karlın qızı şahzadə Luizadır. Doğulduğu əsnada babası hələ də taxtda idi və atası və böyük qardaşı Kristiandan sonra Danimarka taxtının üçüncü varisi idi. 7 sentyabrda doğulduğu Şarlottenlun sarayında Şahzadə Kristian Frederik Karl Georq Valdemar Aksel adıyla vəftiz edildi. Dövrün ənənəsinə zidd olaraq bacı-qardaşlarıyla birgə mürəbbiyələr tərəfindən deyil, anası Şahzadə Luizanın sərt nəzarəti altında, daha çox dinə meyilli tərzdə böyüdüldülər. Böyük qardaşı Kristianla birlikdə saray təlim-tərbiyəsi aldı. 1889-cu ildə isə Danimarka Kral donanmasında hərbi təlimlərə başladı. 4 illik təlimin ardından ikinci leytenant rütbəsilə məzun oldu. Ardından donanmadan ayrılmadı və hərbi xidmətinə davam etdi. 1894-cü ildə birinci leytenant, 1905-ci ildə isə admirallığa yüksəldi. Donanmadakı xidmət illəri ərzində Aralıq dənizi və Atlantik okeanda edilən hərbi əməliyyatlarda iştirak etdi.

Evliliyi 28 oktyabr 1895-ci ildə bibisi Uels şahzadəsi Aleksandranın qızı şahzadə Maudla nişanlandı. Eyni zamanda Britaniya kraliçası Viktoriyanın nəvəsi olan şahzadə Maudla olan bu evliliyi onun nüfuzunu artırdı. Cütlüyün toy mərasimi 22 iyul 1896-cı ildə Bukingem sarayında baş tutdu. Mərasimin ardından bir müddət İngiltərədə yaşayan cütlük yeganə övladları Aleksandrın dünyaya gəlişinin ardından Kopenhagenə köçdü. Kraliça Viktoriyanın vəfatının ardından 1901-ci ildə qaynatası VII Eduard taxta çıxdı. Bu tarixdən etibarən ailəsiylə birgə tez-tez Britaniyaya səyahət etdi.

Norveç taxtına çıxışı Müxtəlif mövzularda yaranan anlaşmazlıqların ardından 1814-cü ildən bəri mövcudluğunu davam etdirən İsveç-Norveç birliyi 1905-ci ildə ləğv edildi. 7 iyunda Norveç parlamenti tərəfindən elan edilən bu hadisə daha sonra 13 avqustda keçirilən referendumun ardından xalq tərəfindən də təsdiqləndi. Bu ayrılıq 23 sentyabrda İsveç tərəfindən tanındı. Aparılan danışıqların ardından Danimarka kralı IX Kristianın nəvəsi olaraq Norveç taxtına namizəd seçildi. Bunda isə Kraliça Viktoriyanın nəvəsiylə evliliyi və artıq bir oğul varisinin olması mühüm rol oynadı. Keçirilən ikinci referendumun ardından Norveçin monarxial dövlət quruluşu təsdiqləndi və 18 noyabr 1905-ci ildə Şahzadə Karl Norveç kralı seçildi. Həmin gün axşam saatlarında babası IX Kristianın da təsdiqiylə təklifi qəbul edən şahzadə Karl uzun illərdir istifadə edilməyən skandinav adı Haakon adını qəbul edərək Norveç xalqının rəğbətini qazandı.

2 gün sonra 20 noyabr səhər saatlarında yeni Norveç kralını görmək istəyən xalq Kopenhagendəki Bernstrof sarayının önündə toplandı. Xanımı Uelsli Maud və oğlu şahzadə Aleksandrla birlikdə sarayın balkonuna çıxan VII Haakon xalqı salamladı. 23 noyabrda dəniz yoluyla Osloya yola düşən yeni monarx ailəsi 2 gün sonra paytaxta çatdı. Baş nazir Kristian Mişelsen tərəfindən limanda qarşılandılar və 27 noyabrda parlamentin qarşısında andiçmə mərasimi keçirildi. Dərhal tacqoyma mərasimi üçün hazırlıqlar başladı. Mərasim 22 iyun 1906-cı ildə Tronheymdə baş tutdu. Ancaq konstitusiyalı monarxiyada bu cür dəbdəbəli bir tacqoyma mərasiminin keçirilməsi bir çox parlament üzvü tərəfindən xoş qarşılanmadı. Beləcə, bu mərasim Norveç tarixindəki son tacqoyma mərasimi oldu.

Səltənət illəri

İlk illəri Taxta çıxmasının ardından Norveç əyalətlərinə səyahətə çıxan VII Hakon yeni ölkəsini tanımağa başladı. Tərəfsiz monarx kimi siyasətə qarışmasa da, dövlət təmsilçisi kimi yalnız məhdud səlahiyyətlərə malik idi. Buna baxmayaraq, 52 illik səltənəti boyunca həm özü, həm də monarxiyanı xalqa sevdirə bildi.

Birinci Dünya müharibəsinin başlamasının ardından Norveç hökuməti ölkənin bitərəf qalmasına qərar verdi. 18 dekabr 1914-cü ildə İsveçin Malmö şəhərində keçirilən qurultaya qatılan VII Haakon ölkəsinin davam edən müharibədə bitərəf qalacağını elan etdi. Qurultayın digər iştirakçıları isə Danimarka kralı X Kristian (qardaşı) və İsveç kralı V Qustav (anasının əmisioğlu) idi. Bu üçlük daha sonra 1917-ci ilin noyabrında Osloda bir araya gəldi.

1927-ci ildə fəhlə partiyası parlamentdəki ən böyük siyasi partiya oldu və ertəsi il Norveç tarixinin ilk fəhlə partiyası hakimiyyətə gəldi. Ancaq dövrün inqilabi ab-havası bu partiyanın hakimiyyətə gəlişini monarxiyanın sonu olaraq qiymətləndirdi və VII Haakondan hökuməti ləğv etmək təklif edildi. Ancaq VII Haakon "Mən kommunistlərin də kralıyam!" deyərək parlamentar sistemə müdaxilə etməyəcəyini bəyan etdi.

1929-cu ildə yeganə övladı vəliəhd-şahzadə Olaf bacısı qızı Marta ilə evləndi. Bu, siyasi parçalanmadan sonra İsveç və Norveç monarx ailələri arasında baş tutan ilk evlilik oldu.

Qrenlandiya adasının bölüşdürülməsi məsələsində Danimarka kralı olan qardaşı X Kristianla münasibətləri gərginləşdi. 5 aprel 1933-cü ildə Haaqadakı beynəlxalq məhkəmədə məsələ müzakirə edildi və nəticədə Danimarka tərəfi məhkəmədə qalib gəldi. Hadisənin ardından qardaşına teleqraf göndərərək təbrik etdi və tərəflər arasındakı münasibətlərin pozulmasının qarşısı alındı.

İkinci Dünya müharibəsi illərində 9 aprel 1940-cı ildə səhər saatlarında Nasist Almaniyasının dəniz və hava qüvvələri tərəfindən Norveç işğal edildi. Paytaxt Oslonun güclü müdafiəsi Alman donanmasına ağır itkilər verdi və 150 parlament üzvünün, eləcə də monarx ailəsinin paytaxtdan qaçmasına şərait yaratdı. Ertəsi gün Norveçdəki alman səfirinin vasitəçiliyi ilə VII Haakona ölkənin təslim edilməsi təklif edildi. Nasistlərə təslim olan qardaşı Danimarka kralı X Kristianın örnək alınmasını məsləhət görən səfir Kurt Brauner bu görüşdən əliboş qayıtdı. Digər yandan Osloda nasistlər tərəfindən yaradılan kukla hökuməti tanımaqdan imtina edən VII Haakon parlamentin onu dəstəkləməməsi təqdirdə taxtdan çəkiləcəyini bəyan etdi. Parlamentin dəstəyini alan kral səfirin təklifini geri çevirdi və bunu dövlət radiosuyla bütün Norveç xalqına elan etdi. Eyni bəyanatla xalqı nasistlərə qarşı müqavimətə səslədi.

11 aprel 1940-cı ildə inadkar Norveç kralını fikrindən daşındırmaq üçün hökumətin toplandığı qəsəbə bombardman edildi. Bitərəf olduğunu elan edən İsveç sadəcə 26 km məsafədə idi və Norveç kralının sərhəddini keçməsi təqdirdə onu həbs edəcəyini bəyan etmişdi. VII Haakon bu rəftarı heç vaxt unutmadı və bağışlamadı. Norveç kralı və nazirlər qarlı meşəyə sığınaraq bombardmandan xilas oldular və ölkənin şimalına qaçdılar. VIII Haakon və vəliəhd-şahzadə Olaf ingilislərin yardımıyla ölkədən çıxarıldı. Londonda yeni bir Norveç hökuməti quruldu və bu hökumətin mərkəzi Kensinqtondakı Norveç səfirliyi binası oldu.

Oğlu vəliəhd-şahzadə Olafla birlikdə Britaniya kralı VI Corc tərəfindən Bukingem sarayında qonaq edilən VII Haakon Londonun bombardman edilməsi səbəbilə sentyabr ayında Berkşirdə məskunlaşmağa başladı. Norveçin işğalı illərində radio vasitəsilə tez-tez xalqına səslənən VII Haakon xalqın nasistlərə qarşı mübarizəsinin simvoluna çevrildi. Digər yandan Adolf Hitler nasistlər tərəfindən osloda toplanan parlamenti kralı vəzifədən almağa məcbur edirdi. Parlament bunun konstitusiyalı sistemə zidd olduğunu bildirsə də, Hitler hərbi mükəlləfiyyət yaşına çatmış bütün Norveçliləri alman düşərgələrinə alacağını bildirərək parlamenti hədələdi. Oslodan 27 iyunda göndərilən teleqrafla kraldan istehfa etməsi istənilsə də, VII Haakon parlamentin nasistlərin təzyiqi altında olduğunu bildirərək 3 iyulda bu təklifi geri çevirdi. Kralın bu sərt cavabı 8 iyulda BBC radyosunda elan olundu.

Müharibədən sonrakı illər Nasistlər 8 may 1945-ci ildə təslim olanadək Norveçdəki hakimiyyəti əlində saxladılar. Müharibənin ardından vəliəhd-şahzadə Olaf və 5 nazir 13 mayda azad edilmiş Norveçə qayıtdılar. VII Haakon və digər monarx ailəsi üzvləri daha sonra qayıtdılar və 7 iyunda Osloda coşqulu izdiham tərəfindən qarşılandılar. Müharibə illərindəki aktiv siyasi rolundan əl çəkən VII Haakon müharibədən öncəki passiv fəaliyyətinə döndü. Həmin ilin payızında müharibənin səbəb olduğu zərər-ziyanı görmək üçün ölkənin müxtəlif əyalətlərinə səyahət etdi.

1952-ci ildə xanımının qardaşı oğlu olan və müharibə illərində ona və ailəsinə sığınacaq verən Britaniya kralı VI Corcun cənazə mrəasiminə qatıldı və ictimaiyyət önündə göz yaşlarına boğuldu.

1955-ci ilin iyulunda yıxılaraq uyruq sümüyünü qırdı və təkərli oturacaqla hərəkət etməyə başladı. Bu tarixdən etibarən oğlu vəliəhd-şahzadə Olaf naib olaraq atasını bir çox dövlət tədbirində təmsil etdi. 21 sentyabr 1957-ci ildə Oslodakı kral sarayında 85 yaşında vəfat etdi. 1 oktyabrda keçirilən mərasimin ardından dəfn olundu.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriV Olaf2 iyul 190317 yanvar 1991 (87 yaşında)İsveçli Marta (21 mart 1929)Şahzadə RaqnildŞahzadə AstridV Harald

Qalereya

Mənbə

Ədəbiyyat

Bomann-Larsen, Tor (2002). Kongstanken. Haakon & Maud (in Norwegian). Vol. 1. Oslo: Cappelen. ISBN 978-82-02-19092-7 Bomann-Larsen, Tor (2004). Folket. Haakon & Maud (in Norwegian). Vol. 2. Oslo: Cappelen. ISBN 978-82-02-22526-1 Bomann-Larsen, Tor (2006). Vintertronen. Haakon & Maud (in Norwegian). Vol. 3. Oslo: Cappelen. ISBN 978-82-02-24665-5 Bomann-Larsen, Tor (2008). Makten. Haakon & Maud (in Norwegian). Vol. 4. Oslo: Cappelen Damm. ISBN 978-82-02-27355-2 Bomann-Larsen, Tor (2011). Æresordet. Haakon & Maud (in Norwegian). Vol. 5. Oslo: Cappelen Damm. ISBN 978-82-02-30374-7 Dahl, Hans Fredrik (1995). Norsk krigsleksikon 1940–45 (in Norwegian). Oslo: Cappelen. ISBN 8202141389 Greve, Tim (1983). Haakon VII of Norway: Founder of a New Monarchy. C. Hurst & Co. ISBN 978-0905838663 Lerche, Anna; Mandal, Marcus (2003). A royal family : the story of Christian IX and his European descendants. Copenhagen: Aschehoug. ISBN 9788715109577

İstinadlar