Ümumdünya Kapoeyra Federasiyası gənc təşkilatdır. Belə ki, o 2011-ci ildə yaradılmış və Estoniyada dövlət qeydiyyatından keçmişdir. Təşkilatın yaranmasını 18 iyun 2011-ci ildə, Bakı şəhərində keçirilmiş 3-cü ümumdünya kapoeyra forumunda iştirak edən bir sıra ölkələrinin kapoeyra təşkilatlarının nümayəndələri təklif etmişlər. Forum çərçivəsində əsasən beynəlxalq kapoeyra qruplarının hazırkı vəziyyəti haqqında, onların ayrı-ayrılıqda fəaliyyət göstərməsi və qrupların mövcud pərakəndə vəziyyətinin kapoeyranın inkişafının ləngitdiyi haqqında müzakirələr aparılmışdır. Uzun sürən danışıq və müzakirələrdən sonra forum iştirakçıları nəticəyə gəlmişdirlər ki, yeni dünya kapoeyra təşkilatının yaradılması və onun ətrafında bütün qrupların birləşdirilməsi hazırkı vəziyyətdən yeganə çıxış yoludur. Beləliklə forum iştirakçıları tərəfindən yeni dünya kapoeyra təşkilatının təsis olunması haqda qərar qəbul olunmuşdur.

Forumun ertəsi gün Bakı şəhəri, "Əl oyunları sarayı"nda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Braziliya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə yeni yaradılmış Ümumdünya Kapoeyra Federasiyasının Beynəlxalq turniri keçirilmişdir.

4 noyabr 2011-ci il tarixdə təşkilat Estoniyanın paytaxtı Tallin şəhərində dövlət qeydiyyatından keçmişdir (qeydiyyat nömrəsi: 8033439.)

Ümumdünya Kapoeyra Federasiyası dünya, Avropa və digər beynəlxalq yarışlar təşkil edir.

Ümumdünya Kapoeyra Federasiyası (WCF) beynəlxalq müstəvidə idman kapoeyrasının inkişafı və yayılması, kapoeyranın idman kimi hüquqi və institusional maraqlarının təmsil olunması, beynəlxalq yarışların təşkili, yarış qaydalarının və qiymətləndirmə standartlarının müəyyənləşdirilməsi, hakimlik sisteminin formalaşdırılması, beynəlxalq hakimlik kurslarının keçirilməsi və hakimlərə beynəlxalq lisenziyaların verilməsi istiqamətlərində fəaliyyət göstərən beynəlxalq federasiyadır.

WCF hər il beynəlxalq səviyyəli kapoeyra yarışları təşkil edir. Federasiyanın yarış təqviminə Dünya və kontinental çempionatlar, beynəlxalq statuslu açıq turnirlər və dünya reytinqinə xal qazandıran digər yarışlar daxildir. WCF-nin keçirdiyi yarışlarda müəyyən edilmiş beynəlxalq yarış qaydaları və hakimlik standartları tətbiq olunur, nəticələr isə federasiyanın dünya reytinq sistemində nəzərə alınır. Federasiyanın rəsmi reytinq sistemində Dünya Çempionatı, Avropa Çempionatı, Cənubi Amerika Çempionatı və beynəlxalq açıq turnirlər kimi yarışların nəticələri əks olunur.

Rəsmi vebsəhifə: https://capoeira.ws/

Kateqoriya:Beynəlxalq idman təşkilatları