Alatoran. Saqa. Tutulma () daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmi. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.

30 iyun 2010-cu ildə dünya kinoteatrlarında təqdim edilən “Tutulma”, Alatoran filmlər seriyasından IMAX formatında təqdim edilən ilk filmdir. Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. $30 milyon gəlirlə film, ABŞ və Kanadada ən böyük gecə yarısı açılışına səbəb olmuş, sonradan 2011-ci ildə filmin bu rekordu “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmi tərəfindən qırılmışdır. “Tutulma” filmi $68,533,840 gəlirlə, $62 milyon gəliri olmuş “Transformerlər; Məğlubların qisası” filmini geridə qoyaraq, ABŞ və Kanada tarixinin ən böyük çərşənbə açılışı olmuşdur. 4,416 kinoteatrda vizyona girən “Tutulma” 2009-cu ilin noyabrında vizyona girmiş “Yeni Ay” filminin nəticələrini geridə qoyaraq ən geniş azad çıxış olmuşdur.

Məzmun

Hadisələr Sietlda vampir hücumları xəbəri ilə başlayır, naməlum bir vampir tərəfindən yaradılmış gənc vampirlər qana hərisliklərini idarə edə bilmədikləri üçün çoxlu insanlar öldürür, izləri itirməyi də bacarmırlar. Edvard və Bellanın birlikdə kollecə qəbul olmasından sonra, Bella Edvarddan dostu Ceykob Bleklə görüşmək üçün icazə istəyir. Lakin, Edvard Bellanın təhlükəsizliyi üçün narahat olur, buna görə də onların görüşməsinə yaxşı baxmır. Görüşlərdən birində Ceykob Bellaya onu sevdiyini və Edvardın yerinə onu seçməsini arzuladığını bildirir, Bella isə ona yalnız dost kimi baxdığını bildirir. Bu arada Elis Kallen qisas almaq üçün Bellanı izləyən Viktoriyanın Forksa döndüyünü görür. Bir neçə gün sonra isə Edvard Bellaya evlənmək təklif edir.

Bella və Kallenlər daha sonra müəyyənləşdirirlər ki, Sietlda qəttlər törədən yeni doğulmuş vampirlər “ordu”su Viktoriya tərəfindən idarə olunur. Kallenlər bu təhlükəni rədd etmək üçün canavar adamlar dəstəsinin də köməyindən istifadə etmək qərarına gəlirlər. Hamı döyüşə hazırlaşır, Edvard, Bella və Ceykob döyüş vaxtı dağlarda gizlənirlər, sonradan Set Klirvoter də onlara qoşulur.

Səhər tezdən Ceykob, Edvard və Bellanın arasındakı səmimi münasibəti görərək qısqanır və özünü ölümün pəncəsinə atmaq üçün döyüşə gedəcəyini bildirir. Onun döyüşə getməsinin qarşısını almaq üçün Bella Ceykobdan onu öpməyi xahiş etməyə məcbur olur. Bu öpüşdən sonra Bella əslində Ceykoba qarşı da sevgi hisslərinin olduğunu və bu vaxta kimi özünü aldatdığını başa düşür. Döyüş zamanı Viktoriya Edvardın ətirini hiss edir və Bellanın da onunla birlikdə ola biləcəyini düşünərək onların ardınca dağlara gəlir. Edvard Viktoriyanı öldrür və onun yaratdığı yeni doğulmuşlar ordusu məhv edilir. Daha sonra Bella özündə müəyyən edir ki, həm Edvardı, həm də Ceykobu sevsə də, Edvarda olan sevgisi daha böyükdür.

Epiloqda göstərilir ki, Ceykob canavar formasında qaçaraq uzaqlaşır. Özü də Semlə Bella və Ceykobun hadisəsinə oxşar hadisə yaşayan Leya Ceykoba qarşı yaxınlıq və Bellaya qarşı nifrət hiss edir.

Rollarda

Əsas obrazlar Kristen Stüart – Bella Svon. Vampir Viktoriyanın ətrafında dolanmasının onun həyatı üçün təhlükə yaratmasını öyrənir. Həmçinin vampir Edvard və canavar adam Ceykobun sevgisi arasında seçim etməyə məcbur olur. Robert Pattinson – Edvard Kallen. Bellanın vampir sevgilisidir, Bella xaric olmaqla insanların fikirlərini oxuya bilir. “Yeni Ay” filmində Bellanı tərk etmiş Edvard bu filmdə geri qayıdaraq onun həyatının bir parçası olmağa çalışır. Teylor Lotner – Ceykob Blek, Bellanı sevən və Edvardın yoxluğunda onu ovunduran canavar adam. Edvardın qayıtmasından sonra Bellanın həyatı dəyişir, o canavr adamlarla daha az ünsiyyət saxlamağa çalışır və Ceykob özünün Bellanın sevgisinə daha çox layiq olduğunu sübut etməyə çalışır. Köməkçi obrazlar Piter Façinelli – Karlayl Kallen, Kallenlər ailəsinin ata obrazı olan həkim-vampir. Elis və Casper istisna olmaqla Karlayllar ailəsini qurmuşdur. Elizabet Rizer – Esme Kallen, Kallenlər ailəsinin sevimli ailə fiquru. Eşli Qrin – Elis Kallen, Kallenlər ailəsinin üzvü, gələcəyi görə bilir və Bella ilə dostluq edir. Kellan Lats – Emmet Kallen, Kallenlər ailəsinin fiziki baxımdan ən güclü üzvü. Nikki Rid – Rozali Heyl, Kallenlər ailəsinin üzvü, vampirə çevrilməmişdən əvvəl nişanlısı və onun dostları tərəfindən zorlanaraq ölməsi üçün küçəyə atılıb. Bellanın insan həyatı yerinə vampir həyatı seçməsinin yanlış olduğunu düşünür. Cekson Retbon – Casper Heyl, Kallenlər ailəsinin üzvü, vətəndaş müharibəsi zamanı vampirə çevrilib. Kallenlərin yeni doğulmuşlar ordusu ilə mübarizəsində mühüm rol oynayır. Billi Bruk – Çarli Svon, Bellanın atası və Forksun polis şerifi. Bruk müsahibələrindən birində Alatoran romanlarını oxumadığını bildirir və qeyd edir ki, “Biz kitab yox, film hazırlayırıq” və ssenari üzrə hərəkət edirik. Brays Dallas Hovard – Viktoriya, sevgilisi Ceymsin ölümünə görə Edvarddan qisas almaq məqsədi ilə Bellanı öldürməyə çalışan vampir. Dakota Fanninq – Ceyn, Volturilərin yerli xidmətçisi. Kameron Brayt – Alek, Ceynin ekiz qardaşı, Volturilərin xidmətçisi. Ksavye Samuel – Rilli Bayers, Viktoriyanın çevirdiyi vampirlərdən biri, yeni doğulmuşlar ordusunun idarə olunmasına kömək edir. Codell Ferlend – Bri Tanner, Kallenlərlə döyüşmək üçün çevrilmiş vampir. Sara Klark – Rene Dyuer, Bellanın Ceksonvill, Floridada həyat yoldaşı Fillə birlikdə yaşayan anası. Anna Kendrik – Cessika Stenli, Bellanın Forksdakı dostlarından biri. Maykl Velç – Mayk Nyuton, Bellanın Forksdakı dostlarından biri. Maykın Bellaya vurulur və Edvarddan xoşu gəlmir. Katalina Sandino Moreno – Mariya, Casperi çevirmiş vampir.

İstehsal İnkişaf 200px|thumbnail|right|Rejissor Devid Sleyd filmin London premyerasında 2008-ci ilin noyabrında “Summit” Stefani Mayerin Alatoran seriyasından olan “Alatoran”, “Yeni Ay”, “Tutulma” və “Sübh” romanlarının ekranlaşdırılması hüquqlarını aldığını elan etdi. 2009-cu ilin fevralında “Summit” “Tutulma” filmi üzərində işlərin başladığını elan etdi. Elə həmin gün rejissor Kris Veytzin “Yeni Ay” filminin istehsalı ilə məşğul olduğundan “Tutulma” filminin rejissor kürsüsündə əyləşə bilməyəcəyi də açıqlandı. Bundan sonra film rejissor Devid Sleydə həvalə edildi, ssenarini yazmaq isə yenidən Melissa Rozenberqə həvalə olundu. Devid Sleyd ssenari və personajları bir neçə dəfə müzakirə etdikdən, həmçinin aktyorlarla fərdi müsahibələrdən sonra işə başlamışdı.

Aktyor seçimi

2009-cu ilin iyulunda “Summit Entertainment” əvvəlki filmlərdə qəddar vampir Viktoriya obrazını yaratmış Raşel Lefevreni Brays Dallas Hovardla əvəzləyəcəklərini elan etmişdi. Bu qərar qrafik konflikti ilə əlaqələndirilmiş, Lefevre isə alınmış qərardan “təsirləndiyini” və “çox kədərləndiyini” bildirmişdi. “Alatoran” filmində Viktoriya obrazını canlandırmaq təklif edildikdə Hovard “rolun çox kiçik olması” səbəbiylə obrazı canlandırmaqdan imtina etmişdi.

“Saylent Hill” filminin ulduzu Codell Ferland yeni çevrilmiş vampir Bri Tanneri canlandırmışdır. Ksavye Samuel, Rayli obrazını, Cek Hyuston, Kral II Roys obrazını, Katalina Sandino Morena, Mariya obrazını, Culia Cons, Li Klirvoter obrazını, Bu Bu Stüart Set Klirvoter obrazını canlandırmışlar.

Dinləmələrdən keçirilən aktyorlara ssenari göstərilməmişdir. Aktrisa Kristen Prout qeyd edir ki, “biz kitabdan götürülmüş konkret səhnələr üzərində çalışdıq...Onlar ssenarini bizə göstərmədilər. Beləliklə, dinləmə hissəsi yalnız “Alatoran”dan bəzi hissələrin oxunmasından ibarət idi.”

Çəkiliş və sonrakı istehsal

“Tutulma” filminin əsas çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamışdır. 29 avqustda Kristen Stüart, Billi Bruk və digər aktyorların iştirakı ilə buraxılış səhnəsindən şəkil yayılmışdır. 2 sentyabrda Ksavye Samuel, Kristen Stüart və Robert Pattinsonun srudiyada Bellanın ev səhnələri çəkilmişdir. Rejissor Devid Sleyd həmin səhnələrin fasilələrlə 13 sentyabrda çəkildiyini qeyd edir. O, həm də bildirir ki, Ceykob və Bella arasında öpüş səhnəsi də 17 sentyabrda çəkilmişdir. Çəkilişlər 29 oktyabr 2009-cu ildə tamamlanmış və sonrakı istehsala noyabrda başlanılmışdır. Sleyd öz twitter səhifəsində montaj işlərinin yaxşı getməsini qeyd edərək, istehsal prosesi haqqında məlumat yaymışdır. O, qeyd edir ki, “hekayə və vəziyyət filmə daha realistik yanaşmanı tələb edir.” 2010-cu ilin aprelində filmin bəzi səhnələrinin yenidən çəkiləcəyi elan edilmişdi. Sleyd və Stefani Mayer filmin üç əsas ulduzu ilə birgə çəkilişlərdə iştirak etmişdilər.

2010-cu ilin yanvarında filmin ssenarisinin ilkin variantlarından biri internetə sızdı. Səhifələrin hər birinin kənarında filmin ulduzlarından biri olan Cekson Retbonun adı yazıldığına görə, sızan ssenarinin ona aid olması güman edilir.

Film musiqisi

“Tutulma” filminin musiqisi “Üzüklərin hökmdarı” trilogiyası və “Aviator” kimi filmlərin musiqisini yazmış bəstəkar Hovard Şor tərəfindən bəstələnmişdir. Film musiqiləri albomu 8 iyun 2010-cu ildə “Atlantic Records” tərəfindən, Aleksandra Pastavasın “Chop Shop” leyblının iştirakı ilə satışa çıxarılmışdır. Britaniya qrupu “Muse” tərəfindən ifa edilmiş “Neutron Star Collision (Love Is Forever)” mahnısı albomdan sinql kimi çıxarılmışdır.

11 may 2010-cu ildə MySpace, növbəti gündən etibarən hər saatın ilk yarısında, ümumilikdə gün ərzində altı saat müddətində “Tutulma” film musiqilərinin tam siyahısının açıq istifadədə olacağını elan etdi. Albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdi.

Təqdimat Marketinq

5 noyabr 2009-cu ildə “American Film Market” “Tutulma” filminin ilk afişasını təqdim etmişdir. 2010-cu ilin fevralının sonlarında “Summit Entertainment” filmin ilk treylerinin Robert Pattinsonun baş rolu canlandırdığı “Xatırla məni” filmi ilə birlikdə təqdim ediləcəyini elan etmişdir. 10 mart 2010-cu ildə filmin ilk treylerinin 10 saniyəlik təqdimatı baş tutmuş, növbəti gün isə treyler tam şəkildə təqdim edilmişdir. Filmin ilk treylerinin çıxarılması onun rəsmi saytının işə düşməsi ilə üst-üstə düşmüşdür. 19 mart 2010-cu ildə “Alatoran Saqa: Yeni Ay” filmi DVD və Blu-ray formatlarında çıxarılmışdır; “Walmart Ultimate Fan Edition” versiyasına “Tutulma” filminin 7 dəqiqəlik ilk baxış videosu da əlavə edilmişdir. 23 martda filmin ikinci afişası təqdim edilmişdir. 13 mayda filmin final treyleri “Ofra Unfri Şousu”nda təqdim edilmiş və filmin təbliği üçün Robert Pattinson, Kristen Stüart, Teylor Lotner və Dakota Fanninq şouda iştirak etmişlər. 6 iyun 2010-cu ildə, “MTV Film Mükafatları”nın təqdim edilməsi mərasimində filmin ilk baxışı keçirilmiş, həmin həftə filmdən videolar və TV şərhləri çıxardılmışdır.

26 iyun 2010-cu ildə ay tutulması ilə əlaqədar olaraq “Summit Entertainment” ABŞ-nin iyirmi şəhərində “Alatoran” filmlər seriyasından olan iki ilk filmin baxışını təşkil etmişdir. Tədbir Filadelfiya və San Diyeqodan canlı yayımlanmış, film aktyorları tədbiqlərə qatılmış və “Tutulma” filminin bəzi səhnələri göstərilmişdir.