Cəmil Əziz oğlu Əliyev () — tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (2001), Əməkdar Elm xadimi (2000), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru.
Həyatı Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olmuşdur.
1968-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1973-cü ildə Bakı şəhərində onkologiya ixtisası üzrə "Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində onkologiya ixtisası üzrə "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə "onkologiya" ixtisası üzrə professor elmi adını almışdır.
Professor C. Ə. Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C. Ə. Əliyev süd vəzi, baş və boyun yumşaq toxumalarının şişlərinin diaqnostikası sahəsində aparıcı mütəxəssislərdən biridir.
C. Ə. Əliyev Azərbaycanda müasir klinik onkologiyanın, həmçinin süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biridir. O, hazırda da uzun illər ərzində yaratdığı Azərbaycan elmi onkologiya məktəbinə uğurla rəhbərlik edir.
C. Ə. Əliyev 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi ilə 8 tibb elmləri doktoru və 48 tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.
C. Ə. Əliyev Nyu-York Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Amerika Birləşmiş Ştatları M. D. Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktorudur, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın üzvü seçilmişdir.
1990-cı ildən Milli Onkologiya Mərkəzinin baş direktorudur.
Akademik C. Ə. Əliyevin uzun illər ərzindəki gərgin səyləri nəticəsində bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.
Hazırda Milli Onkologiya Mərkəzində 1290 nəfər çalışır. Onkoloji xəstələrin 92%-i Milli Onkologiya Mərkəzində müalicə olunur. İl ərzində burada 110 minə yaxın pasiyent müayinə olunur, 20 mindən çox insan stasionar müalicə kursu keçir.
Akademik C. Ə. Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006–2012-ci illərdə Milli Onkologiya Mərkəzi tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir.
Mərkəzin tam müasir təchizatı dünya şöhrətli "Varian Medical Systems", həmçinin "Orfit Industries" şirkətləri ilə əməkdaşlıq müqavilələri əsasında həyata keçirilmişdir.
Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış Onkoreqistr 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilmişdir.
Akademik C. Ə. Əliyevin ardıcıl və səmərəli fəaliyyəti Milli Onkologiya Mərkəzinin beynəlxalq səviyyəyə yüksəlməsinə həlledici şəkildə kömək etmişdir. 2015-ci ildə Milli Onkologiya Mərkəzi ilə ABŞ-nin M. D. Anderson Xərçəng Mərkəzi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanmışdır. 2018-ci ildə İngiltərənin Liverpul Universiteti hospitalı, Avstriya Tibb Universiteti, Türkiyənin Hacettepe Universiteti, həmçinin Xərçənglə Mübarizə üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu ilə də Milli Onkologiya Mərkəzi memorandumlar imzalamışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusu verilmişdir.
Mükafatlar 1980-ci ildə "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı" monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik N. N. Petrov adına mükafatına layiq görülmüşdür.
Professor Cəmil Əliyevin adı 1996-cı ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin dünya intellektualları arasında "Kim kimdir?" bioqrafik toplusuna daxil edilmişdir.
Həmin il C. Ə. Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının "Bilik" Maarifçilik Cəmiyyətinin Y. Məmmədəliyev adına mükafatına layiq görülmüşdür.
O, 2000-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
2001-ci ildə professor C. Ə. Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
C. Ə. Əliyev akademik M. Topçubaşov adına mükafata (2003), Dağıstan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına (2011) və "Türk dünyasına xidmət" böyük qızıl medalına (2015) layiq görülmüşdür.
Akademik Cəmil Əliyev 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən N. Piroqov ordeninə, "Avropanın fəxri alimi" adına və V. Leybnits medalına, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə akademik M. Mirqasımov adına mükafatına layiq görülmüşdür.
O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə səhiyyə sahəsində xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.
2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə "Elm və Sülh elçisi" fəxri adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
29 mart 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
Ailəsi Ailəlidir, iki övladı var.
Həyat yoldaşı Dilşad Hüseyn qızı Əliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimidir.
Oğlu — Əziz Cəmil oğlu Əliyev tibb elmləri doktoru, professor, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin aparıcı elmi işçisi və onkoloq-cərrahdır.
Qızı — İradə Cəmil qızı Əliyeva tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosentidir.
İstinadlar
Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan onkoloqları Kateqoriya:Dağıstan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:SSRİ şəxsləri Kateqoriya:SSRİ onkoloqları