Süleyman Təkinər və ya Süleyman Məhəmmədov () — azərbaycanlı tarixçi, jurnalist və ədəbiyyatşünas, Azərbaycan mühacirət hərəkatının nümayəndəsi.
Azərbaycan Dövlət Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb, Gəncə Müəllimlər İnstitutunda Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışıb. İkinci Dünya müharibəsi illərində alman qoşunlarına əsir düşüb, Azərbaycan Könüllülər Ordusuna qoşulub və Vustrau qəsəbəsində təbliğatçı-agentlərin hazırlanması üzrə xüsusi təlim keçib. 1943-cü ildə Azərbaycan Milli Birlik Məclisinin üzvü olub.
İkinci Dünya müharibəsi başa çatdıqda sonra 2 il İtaliyada əsir düşərgəsində saxlanılıb. 1947-ci ildə Misirə, 1949-cu ildə isə Türkiyəyə mühacirət edib. Azərbaycan Milli Mərkəzinin İdarə Heyətinin üzvü və Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin sədr müavini olub. 1956-cı ildə Münxenə köçərək Azadlıq radiosunda və Sovet İttifaqını Öyrənmə İnstitutunda fəaliyyət göstərib. "Dergi", "Kafkasya" və "Azerbaycan" jurnalları ilə əməkdaşlıq edib. 1960-cı ildə Azərbaycan Milli Emiqrasiya Komitəsinin sədri seçilib.
Həyatı
İlk illəri Süleyman Məhəmmədəli oğlu Məhəmmədov 1916-cı il aprelin 16-da Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1928-ci ildə Mərdəkandakı 7 nömrəli beşillik məktəbi, 1930-cu ildə Abbas Səhhət adına 5 nömrəli natamam orta məktəbi, 1933-cü ildə Bakıda üçillik Azərbaycan Dövlət Pedaqoji Texnikumu, 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib.
1940–1942-ci illərdə Gəncə Müəllimlər İnstitutunda Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışıb, orta əsrlər tarixi üzrə dərs deyib.
1942-ci ildə İkinci Dünya müharibəsinin Şərq cəbhəsinə göndərilib. 1943-cü ildə Krasnodar ətrafındakı döyüşlər zamanı alman qoşunlarına əsir düşüb. Əvvəlcə Krıma, daha sonra isə Kerçə aparılıb. Əsirlik dövründə onun müəllim olduğu məlum olduqdan sonra düşərgə komendantı Kremser tərəfindən rus dili müəllimi təyin edilib. Bir neçə ay sonra Almaniyanın Vustrau qəsəbəsində yerləşən təbliğatçı-agentlərin hazırlanması üzrə xüsusi təlim düşərgəsinə göndərilib. Təlimi fərqlənmə diplomu ilə başa vurduqdan sonra Sovet İttifaqı əleyhinə təbliğat fəaliyyətinə cəlb olunub.
1943-cü ildə Berlində yaradılmış Azərbaycan Milli Birlik Məclisinin üzvü olub. 1944-cü ildə legion ədəbiyyatında onun "S. Təkin" imzası ilə "Çəkil vətənimdən" adlı şeiri dərc edilib.
Mühacirətdə 224x224px|thumb|Məhəmməd Əmin Rəsulzadə ilə İkinci Dünya müharibəsi başa çatdıqda Süleyman Təkinər Avstriyada olub. Daha sonra iki il İtaliyadakı əsir düşərgəsində saxlanılıb.Azərbaycan Demokrat Birliyinin fəaliyyəti nəticəsində Misir kralı I Faruq 150 azərbaycanlı əsirin Misirə gətirilməsinə razılıq verib. 1947-ci ildə Süleyman Təkinər, Məhəmməd Kəngərli, Cabbar Ərtürk və Əliheydər Süleymanovun (Haydar Aras) daxil olduğu qrup Neapoldan gəmi ilə İsgəndəriyyə limanına gedib. Təxminən iki il Misirdə yaşadıqdan sonra 1949-cu il noyabrın 8-də Türkiyəyə köçüb. İstanbulda məskunlaşan Süleyman Təkinər 1955-ci ilədək Süleymaniyyə məscidi nəzdindəki arxiv və kitabxanada çalışıb. Bu dövrdə Türkiyə vətəndaşlığına qəbul olunub və "Təkinər" soyadını götürüb.
1951-ci il noyabrın 2–8-də keçirilmiş Visbaden konfransının yekun sənədini Azərbaycan tərəfdən imzalayan Milli Birlik Məclisini tənqid edən mühacirlər arasında yer alıb. "Kafkasya" jurnalında Əbdürrəhman bəy Fətəlibəyliyə cavab xarakterli yazı qələmə alıb. Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi ilə əməkdaşlıq edib. 1952-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən 1924-cü ildə İstanbulda yaradılmış Azərbaycan Milli Mərkəzinin 8 nəfərdən ibarət İdarə Heyətinin üzvü seçilib. 1954-cü ildə Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin sədr müavini təyin olunub.
1956-cı ilin martında Münxendə yaradılmış Sovet İttifaqı Tarix və Mədəniyyətini Tədqiq İnstitutuna dəvət edilib. Bundan sonra Almaniyaya köçərək institutda mütəxəssis kimi fəaliyyət göstərməyə başlayıb. 1950–1960-cı illərdə Azərbaycan ədəbiyyatının tədqiqi ilə məşğul olub. 200px|thumb|left|M. Ə. Rəsulzadənin dəfnində 1955-ci il1967-ci il iyulun 26-da institutun Münxendə keçirilən ümumi yığıncağında əsas elmi üzv seçilib. Sonralar Sovet İttifaqını Öyrənmə İnstitutu adlandırılan bu qurumun "Dergi" jurnalında elmi məqalələri dərc olunub. O, həmçinin "Kafkasya" və "Azerbaycan" jurnalları ilə əməkdaşlıq edib.
Süleyman Təkinər Azərbaycan Milli Mərkəzinin təklifi ilə Azadlıq radiosunda fəaliyyətə başlayıb. Burada redaktor və şərhçi vəzifələrində çalışıb, fəaliyyətinin ilk dövrlərində "Süleyman Azər" təxəllüsü ilə çıxış edib.O, "Azərbaycan: Dünəni, bu günü və sabahı" və "Azərbaycanda fikir hərəkatları" adlı iki monoqrafiya yazıb. Lakin bu əsərlər nəşr olunmayıb.
1960-cı il iyulun 17-də Almaniyada Azərbaycan Milli Emiqrasiya Komitəsinin qurultayı keçirilib. Qurultayda komitənin yeni idarə heyəti seçilib və Süleyman Təkinər sədr, Allahverdi Abbasoğlu sədr müavini, Bəşir Əlizadə katib, Samran Mehmedzadə isə mühasib üzv vəzifələrinə seçiliblər.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra, 1992-ci ilin sentyabrında Süleyman Təkinər Azərbaycana səfər edib. Dövlət televiziyası və radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.
2006-cı ildə Münxendə vəfat edib. Nəşi İstanbula gətirilərək Qaraca Əhməd məzarlığında dəfn olunub.
İrsi 2000-ci illərdə türkiyəli Neşe Sarısoy Karatay tərəfindən İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasıvə Sovet İttifaqı arasında qalan Sovet Şərq xalqlarının, o cümlədən Azərbaycan türkləri, qazaxlar, tatarkar, Kırım tatarları, qırğızlar, türkmənlər və müxtəlif Qafqaz xalqlarının ağır həyatı, faciələri və sürgünləri haqda "Qamalı xaç ilə Qızıl ulduz arasında" adlı sənədli film çəkib. 2006-cı ildə TRT 2 kanalında nümayiş olunan 8 hissəli bu sənədli filmdə Süleyman Təkinər də müsahibə verib və öz xatirələrini bölüşüb. Bu filmdəki xatirələr əsasında 2011-ci ildə Türkiyədə "Qamalı xaç ilə Qızıl ulduz arasında" adlı kitab nəşr olunub.
2018-ci ilin mayında Süleyman Təkinərin qardaşı qızı Rəna xanımın həyat yoldaşı Rauf Həsənov tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Süleyman Təkinərə yazdığı 30 məktub və bir sıra fotoşəkillər Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib. Məktublar Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda mühafizə olunur. Məktublar əsasında muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov tərəfindən "Məhəmmədəmin Rəsulzadənin otuz məktubu" adlı kitab hazırlanıb. 2018-ci ildə nəşr olunan kitabda Rəsulzadənin 1950–1955-ci illərdə Türkiyədə yaşayan Süleyman Təkinərə yazdığı məktublar, eləcə də hər iki şəxsin çıxışları, məqalələri və müxtəlif illərə aid fotoşəkilləri yer alıb.
2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Süleyman Təkinər. Seçilmiş əsərləri" kitabı nəşr olunub. Nəşrin tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlıdır. Kitabda Süleyman Təkinərin ədəbi-elmi irsindən seçilmiş məqalələr, məktublar və müsahibə ilk dəfə toplu halında təqdim edilib.200x200px|thumb|Ailəsi ilə birlikdə, 1950-ci illər Münxen
Ailəsi Süleyman Təkinərin atası Məhəmmədəli Qəhrəman oğlu Suraxanı–Mərdəkan daş yolunun çəkilişində iştirak edib. Müsavat Partiyasının üzvü olan Məhəmmədəli 1937-ci ildə həbs olunaraq 10 il müddətinə sürgün edilib. 1942-ci ildə həbs düşərgəsində vəfat edib.
Süleyman Məhəmmədov Azərbaycanda yaşadığı dövrdə ilk dəfə ailə qurub. Bu evlilikdən Akif adlı oğlu dünyaya gəlib. Lakin Süleyman Təkinər oğlunu heç vaxt görməyib: o, hərbi xidmətə yollanarkən Akif hələ dünyaya gəlməmişdi, Azərbaycana qayıtdıqda isə oğlu artıq vəfat etmişdi.
1950-ci il dekabrın 28-də Türkiyədə Qədriyyə Sağun adlı qadınla ikinci dəfə ailə qurub. Bu evlilikdən 1953-cü ildə Məhməd İldəniz adlı oğlu, 1957-ci ildə isə Leyla Firəngiz adlı qızı dünyaya gəlib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Süleyman Təkinər: "Məhəmməd Əmin bəyin xəfif gözləri yaşardı. Yanağımı oxşadı və dedi ki:…"
Yazdığı məqalələr Özbekistan'da Milliyetçilik (I) Birlik Dış Politika Dergisi 9–10. Sayı / 1977 Özbekistan'da Milliyetçilik (II) Birlik Dış Politika Dergisi 11–12. Sayı / 1977
Kateqoriya:Ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Almaniya azərbaycanlıları Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Azadlıq Radiosunun əməkdaşları Kateqoriya:SSRİ-ni Öyrənmə İnstitutunun əməkdaşları Kateqoriya:Münxendə vəfat edənlər Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan Kültür Dərnəyinin üzvləri