Validə sultan vəya Sədəf-i Dürr-i Xilafət (Osmanlıca: والده سلطان) — taxta çıxan Osmanlı padşahlarının həyatda olan analarına verilən bu ünvan bəzi mənbələrdə "validə-i padşah", "validə-i səadətpənah", "məhdi-ülya-i səltənət" olaraq da qeyd olunur. Kösəm Sultan üçün "ümmül-möminin", Pərtəvniyal Sultan üçün "ümmül-cahan" ünvanları istifadə edilmiş, Dəftərdar Sarı Mehmed Paşa, ölümünün ardından Turhan Xədicə Sultanı "dövlətin bir rükn-ü rəkini" olaraq adlandırmışdır. Osmanlı sülaləsinin hərəmdəki ən yüksək təmsilçisi və hərəmxana sistemində ən yüksək rütbəli şəxs olan validə sultan icazə vermədən ona yaxınlaşmaq, yanında danışmaq vəya oturmaq olmazdı.

Osmanlı tarixində oğlunun səltənətini görə bilən validə sultan sayı 23-dür. Bunlar Orxan Qazini anası Malhun Xatun, I Muradın anası Nilüfər Xatun, I Mehmedin anası Dövlət Xatun, II Mehmedin anası Hüma Xatun, II Bəyazidin anası Gülbahar Xatun, I Süleymanın anası Hafsa Sultan, III Muradın anası Nurbanu Sultan, III Mehmedin anası Safiyə Sultan, I Əhmədin anası Handan Sultan, I Mustafanın anası Həlimə Sultan, II Osmanın anası Mahfiruz Sultan, IV Murad və Sultan İbrahimin anası Kösəm Sultan, IV Mehmedin anası Turhan Xədicə Sultan, II Süleymanın anası Saliha Dilaşub Sultan, II Mustafa və III Əhmədin anası Rabiyə Gülnuş Əmətullah Sultan, I Mahmudun anası Saliha Sultan, III Osmanın anası Şahsüvar Sultan, III Səlimin anası Mehrişah Sultan, IV Mustafanın anası Aişə Səniyəpərvər Sultan, II Mahmudun anası Nəqşidil Sultan, I Əbdülməcidin anası Bəzmialəm Sultan, I Əbdüləzizin anası Pərtəvniyal Sultan və V Muradın anası Şevkəfza Sultandır. II Əbdülhəmid isə kiçik yaşlarında anasını itirdiyi üçün onu böyüdən mənəvi anası Piristü Sultanı validə sultan elan etmişdir.

Padşahın anası, xanımları, qızları, şahzadələri, qısaca padşahın ailəsi XVI əsrin ortalarına qədər bu gün İstanbul Universitetinin olduğu yerdə Köhnə Sarayda yaşayırdılar. Qanuni Sultan Süleymanın xanımı Xürrəm Sultan qaynanası Hafsa Sultanın vəfatının ardından hərəmin bir hissəsi ilə 1534-cü ildə Topqapı sarayına köçdü. Xələfi Nurbanu Sultan da iqamət olaraq bu sarayı seçmişdi. Beləliklə, yeni sarayın hərəmxana hissəsi getdikcə böyüdü. Validə sultan ünvanını ilk dəfə III Muradın anası Nurbanu Sultan istifadə etmişdir. Topqapı Sarayında mütəmadi olaraq yaşayan ilk validə Sultan isə Safiyə Sultan olmuşdur. Validə Sultan olan bir qadın bir daha evlənə bilməzdi. Padşaha övlad verən qadınlar XVIII əsrədək xatun, hasəki, nadir olaraq sultan adlanır, III Əhmədin dövründən etibarən isə qadın vəya qadın əfəndi ünvanı alırdı. Şahzadənin anası oğluyla birlikdə sancağa çıxar, ona nəzarət edib təhlükələrdən qoruyardı və təcrübə qazanmasına kömək edərdi. 1583-cü ildə Şahzadə Mehmedin sancağa göndərilməsinin ardından bu sistem tətbiq edilmədi və şahzadələr sarayda qapalı sistemdə yaşadılar. Hərəmdə padşahdan sonra ən görkəmli otaq validə sultan otağıdır. Otaq yataq otağı, qübbəli taxt otağı, xüsusi məscid və hamamdan ibarət olub, xidmətçilərin otağı ilə mətbəx, anbar və ocaqlar Validə sultan daşlığı adlanan meydançanın ətrafında yerləşirdi. Validə sultanlar padşah, darüssəadə ağası, qadın əfəndilər və digər xidmətçilərilə taxt otağında görüşər, hərəmdəki böyük əyləncələr də burada baş tutardı. Sultan Əbdülməcidin XIX əsrdə inşa etdirdiyi Dolmabağça sarayında da böyük bir validə sultan otağı mövcuddur.

Padşah vəfat etdikdən şahzadələr xaricindəki bütün hərəmxana əhli — anası, qadınları, qızları və kölələri Köhnə saraya göndərilirdi. Şahzadələr Topqapı sarayında şimşirlik otağında həbs olunar, xanımları qalan ömrünü sürgündə yaşayar, sürgün edilən padşah qızları isə yalnız evlilik yolu ilə Köhnə saraydan göndərilə bilərdi. Yalnız oğlu taxta çıxan qadınlar cülusdan bir neçə gün sonra validə alayı adlanan böyük bir mərasimlə Topqapı sarayına geri dönərdi. Köhnə sarayda gözləmə müddəti bəzən 27 ilədək yüksəlirdi (Saliha Sultan). İlk validə alayı III Murad dövründə baş tutmuşdur. Validə sultanlar alay əsnasında at arabasıyla saraya gətirilirdi, ancaq istisna hal olaraq 1754-cü ildə taxta çıxan III Osmanın anası Şahsüvar Sultan kəcavə ilə gətirilmişdi. Bəzən uzun illərdir anasını görməyən yeni padşah (məsələn III Səlim) cülusdan öncə anasını saraya gətirtmişdir.

Alayın ertəsi günü validə sultan divan məclisinin keçirildiyi divanxanaya bir fərmanla birlikdə samur kürk və xəncər göndərərdi. Sədrəzəm divanxana önündə bu hədiyyələri qəbul edər, hədiyyələri gətirən ağaya samur kürk, 1000 qızıl sikkə və başqa hədiyyələr verib geri göndərərdi. 1754-cü ildə validə sultan olan Şahsüvar Sultan şeyxülislama da kürk göndərmiş, ardından bu, ənənə halını almışdır. IV Mustafanın anası Ayşə Səniyəpərvər Sultana validə alayından əvvəl sədarət naibi, şeyxülislam və kaptan-ı dərya adından səbət dolusu meyvə və çiçəklər göndərilmişdi. 8 avqust 1808 tarixində baş tutan II Mahmudun anası Nəqşidil Sultanın alayı isə imperiya tarixinin son validə sultan alayıdır.

Validə sultanın hərəm və ailə içərisindəki önəmini ona təsis edilən maaşdan və mülklərdən də anlamaq mümkündür. Nurbanu Sultanın günlük gəliri 2000 axca idi. III Mehmed anası Safiyə Sultan üçün bu məbləği 3000 axcaya yüksəltmişdi. Safiyə Sultan oğlunun 1603 tarixində vəfatının ardından Köhnə saraya göndərilsə də, yükək dərəcəli bu maaşını almağa davam etmişdir. O günlərdə taxtda oğlu olan Handan Sultanın günlük gəliri isə 1000 axca idi. IV Murad və Sultan İbrahimin anası olaraq uzun müddət validə sultan olan Kösəm Sultan günlük 3000 qızıl sikkə alırdı. IV Mehmedin anası Turhan Xədicə Sultan isə əvvəlcə 2000, Kösəm Sultanın qətlindən sonra isə günlük 3000 qızıl sikkə maaş alırdı. Bundan başqa validə sultanlar XVI əsrin sonlarından etibarən onlara təsis olunan mülklərin və torpaq sahələrinin gəlirlərini də almağa başlamışdı. "Başmaqlıq" adlanan bu gəlirlər ömürləri boyunca onlara aid olurdu və ölümlərinin ardından xəzinəyə yönləndirilirdi. Kösəm Sultanın illik başmaqlıq gəliri 20 milyon axcadan çox olduğu halda, Turhan Sultanın gəlirləri 12 milyon axcaydı. Başmaqlıq hesabları xəzinə gəlirlərindən ayrı hesablanırdı. Digər tərəfdən padşah, vəzifəyə gətirilən dövlət adamları və xarici elçilər tərəfindən göndərilən hədiyyələr də validə sultanlara önəmli dərəcədə gəlir gətirirdi.

1838-ci ildə qurulan Maliyyə nazirliyi dövlətin bütün gəlir və xərclərini nizamlamaq məqsədilə validə sultanların da gəlirlərini sabitlədi. Belə ki, Sultan Əbdülməcidin anası Bəzmialəm Sultanın maaşı 1839-cu ildə 2500, 1840-cı ildə 3500 lirəyə yüksəldildi. Sultan Əbdüləzizin anası Pərtəvniyal Sultanın maaşı isə 5000 lirə idi. Bundan başqa validə sultanların günlük, aylıq və illik olaraq verilən meyvə, şam, qaymaq, süd, zeytun, buz, odun kimi qida və ləvazimatları da vardı. Taxta çıxan padşah düzgün, namuslu, təcrübəli və dövlət tərbiyəsi almış birini validəsinin saray xaricindəki işlərini idarəə etmək üçün anasına kəndxuda təyin edərdi. Kəndxuda sədrəzəm tərəfindən dəyərli hədiyyələrlə təltif edilirdi. Bundan başqa validə sultanın hərəmdəki qızların tərbiyəsi ilə məşğul olan bir qadın kəndxudası, müsahibəsi, xüsusi xidmətçiləri də vardı.

Validə sultan saraydan padşah kimi izdihamlı bir alayla çıxardı. Saraylara, məscidlərə və xüsusilə də Ədirnəyə alayla gedib qayıdardı. Xüsusilə Ədirnəni mərkəz seçən IV Mehmed dövründə gediş-gəlişlər tez-tez baş tuturdu. Bu səyahətlər əsnasında validə sultanı dövlət adamlarından biri və böyük miqdarda hərbi dəstə müşayiət edirdi. Turhan Sultanın 28 dekabr 1672 tarixində Ədirnəyə hərəkət edən alayını 3000 yeniçəri qoruyurdu. Validə sultanların şəhər içərisindəki gəzintiləri də izdihamlı olurdu. 2 iyul 1668 tarixində Turhan Sultanın Ədirnədən İstanbula gəlişini detallı şəkildə qeyd dən fransız taciri J.B. Tavernier 5–6 min nəfərlik validə alayının keçidinin təxminən 3 saat davam etdiyini yazır.

Padşahın övladı dünyaya gələndə validə sultan hədiyyələr paylayardı. Doğuşdan öncə hərəmdə bütün işlər nizamlanır, uşaq və anası üçün zinət əşyaları, ipək parçalar, geyimlər hazırlanırdı. Bundan başqa validə sultanın beşik alayı adlanan və təxminən XVII əsrdən etibarən tərtib olunan alayı da önəmlidir. Şahzadənin dünyaya gəlməsini qeyd etmək üçün qiymətli daş-qaşla bəzədilən bir beşik Köhnə saraya göndərilər, oradan alayla birlikdə şəhəri gəzərək Topqapıya gətirilərdi.

Validə sultanların dövlət işlərinə müdaxilələri və siyasi nüfuz qazanmaları əsasən XVI əsrin sonunda meydana gəlmiş, ancaq bu kimi fəaliyyətlər daha keçmiş illərdə də davam etmişdir. II Bəyazidin anası Gülbahar Xatun və Qanuni Sultan Süleymanın anası Hafsa Sultanın oğullarına yazdıqları siyasi məzmunlu məktubları günümüzədək gəlib çatmışdır. Validə sultanların dövlət idarəsinə birbaşa müdaxiləsi isə XVI əsrin sonlarından XVII əsrin ortalarına qədər davam etmişdir. Belə ki, III Muradın 1574 tarixində taxta çıxmasıyla validə sultan olan Nurbanu Sultan oğlu üzərindəki nüfuzundan istifadə edərək dövlət işlərinə qarışmış, əslən venesiyalı bir kölə olan Nurbanu Sultan daim Venesiyanın lehinə siyasət yürütmüşdür. Hətta Venesiya senatının 1583-cü ildə Nurbanu Sultana 2000 Venesiya qızılı dəyərindəki hədiyyə göndərməsi bu siyasətin nə dərəcədə önəmli olduğunu göstərir.

Safiyə Sultan da oğlu üzərindəki nüfuzu ilə dövlət idarəsində söz sahibi olmuşdur. İngilis elçisi Lello onun "oğlu böyük türkü" tamamilə əlində tutduğunu, xarici siyasətdə qaynanası Nurbanu Sultanın davamçısı olaraq hədiyyə almağı sevdiyini qeyd edir. Validənin elçilərlə olan əlaqələrini isə yəhudi əsilli Esparanzo Malxi qururdu. Safiyə Sultanın rüşvət çarxının mərkəzində olan və bu yolla böyük sərvət qazanan Esparanzo 1 aprel 1600 tarixli sipahi üsyanında oğluyla birlikdə qətlə yetirildi. Safiyə Sultan isə bu fəlakətdən zorla xilas ola bildi.

XVII əsrdə kiçik yaşdakı padşahların taxta çıxması ilə dövlət, onlara naibəlik edən anaları tərəfindən idarə olunmağa başlandı. 1617–1618 tarixlərində 3 ay və 1622–1623 tarixlərində təxminən 1 il taxtda oturan I Mustafanın zehni geriliyi səbəbilə onun adına dövləti anası Həlimə Sultan idarə etdi. I Mustafanın ardından 11 yaşında taxta çıxan IV Muradın hakimiyyəti ələ aldığı 1632-ci ilədək dövlət işləri anası Kösəm Sultanla sədrəzəm və dövlət adamları tərəfindən aparıldı. 1640-cı ildə dövlət işlərinə uzaq olan digər oğlu Sultan İbrahimin taxta çıxmasıyla birlikdə oğlunun yaratdığı boşluğu Kösəm Sultan doldurdu. Sultan İbrahim 1648-də taxtdan endirilsə də, Kösəm Sultanın dövlət idarəsindəki gücü və nüfuzu azalmadı. Çünki o əsnada yeni padşah IV Mehmed 6 yaşında, anası Turhan Sultan isə 21 yaşında idi. Buna görə də Kösəm Sultan böyük validə adı ilə dövləti idarə etdi. Bununla da imperiya tarixində ilk dəfə olaraq iki validə eyni anda dövlət idarəsinə qarışırdı. Ancaq yeniçərilərlə iş birliyi quran Kösəm Sultanın, əvvəlcə Sədrəzəm Sofu Mehmed Paşa və ardından Turhan Sultanla münasibətləri pozuldu. İki validə sultanın mübarizəsi dövlət adamları arasında da qütbləşməyə səbəb oldu. Nəticədə 2 sentyabr 1651 tarixində Kösəm Sultanın qətl edilməsi ilə bu mübarizə başa çatdı.