Lütfəli xan Zənd (1769–1794) — 1789–1794-cü illərdə hakimiyyətdə olmuş Zənd hakimi.
Həyatı Hakimiyyət uğrunda Zəndlərlə uzun savaşlar aparan Ağaməhəmməd şah 1785-ci ilin yanvarından mühasirədə saxladığı Tehran qalası önündə müəyyən qədər qoşun saxlamaqla həmin ilin martında Qum şəhərinə yürüş etdi və oranı tutdu. Elə o vaxt onun sərkərdəsi Məcnun xan da Tehranı aldı və şah bu kiçik şəhəri Əstərabaddan sonra ikinci paytaxta çevirdi (1785).
İsfahanı tutaraq (fevral, 1786) Zəndləri oradan qovan və 40 gün həmin şəhərdə qaldıqdan sonra Tehrana qayıdan Ağaməhəmməd şah 11 cəmadiyül-əvvəl 1200-də (12 mart 1786) Tehranda səltənət taxtına əyləşdi və elə həmin gün Tehranın şahlığın paytaxtı olmasına fərman verdi. (Mazandarandan sonra ikinci dəfə taxta əyləşən Ağaməhəmməd şah tacqoyma mərasimini bu dəfə 10 il gecikdirdi). 21 mart 1786-da Ağaməhəmməd şah Qacarın adına Aslan və Günəş (Şirü Xurşid) təsvirli qızıl sikkə kəsildi, onun adına xütbələr oxundu.
Şah 1786-cı ildə özünü "İran şahı" adlandıran Cəfər xan Zənd üzərində parlaq qələbə qazandı. Şiraza qaçan Cəfər xan orada sui-qəsdlə öldürüldü. Beləliklə, həmin il o, gündoğandan Bəstam və Şahrudu, günbatandan Gilan, Talış və Kirmanşahı, quzeydən İsfahan, Əstərabad və Mazandaranı bütünlüklə öz ağalığı altına keçirdi. Qardaşı Murtuzaqulu xan Qacarı Gilan və Əstərabad hakimi qoydu.
Bu vaxt Rusiya çoxbaşlı oyun oynayırdı – o, Ağaməhəmməd xanın qardaşı Murtuzaqulu xanla əlaqə saxlayır, onu hakimiyyətə ruhlandırırdı. Qardaşına xəyanət etmiş, qacarların düşməni Şeyx Veys xan Zəndə itaət edərək mənsəb almış Murtuzaqulu xan bu Zənd xanının məğlubiyyətindən sonra qardaşının qorxusundan didərgin düşdü – əvvəlcə Talışa getdi, orada onu himayəyə alması üçün II Yekaterinaya müraciət etdi. 1 il sonra rus donanmasının dəstəyiylə Gilana yürüş etsə də Ağaməhəmməd şahın böyük qoşunla gəldiyini eşidən Murtuzaqulu xan yenə Rusiyaya qaçdı və 1798-ci ildə ömrünü Sankt-Peterburqda başa vurdu. Murtuzaqulu xanı himayə etdiklərinə görə Ağaməhəmməd şah Qafqaza 1795-ci ildəki yürüşündə talışlıları cəzalandırdı.
Azərbaycanın güneyində – Xoy, Təbriz, Meşkin, Ərdəbil, Marağa, Urmiyə və başqa iri məntəqələrdə XVIII əsrin 80-ci illərində güclü xanlar yetişmişdi və onlar daimi öz aralarında müharibədə idilər. Ağaməhəmməd şah onları Qacar mərkəzi hakimiyyəti altında birləşdirmək üçün Tehrandan Azərbaycan üzərinə yeridi. Ona ən şiddətli müqavimət göstərən Sadıq xan Şəqaqi oldu, ancaq bu xanın dayağı Sərab darmadağın edildikdən sonra Qaradağ, Xoy, Urmiyə və ardınca başqa yerlər Ağaməhəmməd şaha tabe oldu. O, 1790-cı ildə Azərbaycanın güneyini bütünlüklə öz əlinə keçirə bildi. Azərbaycanın paytaxtı Təbriz Qacar vəliəhdlərinin oturduğu "darüssəltənə" oldu.
1790-cı illərin başlanğıcında, demək olar ki, artıq bütün "İran"ı öz hakimiyyəti altına almış Ağaməhəmməd şah 1790-cı il 12 fevralda qardaşı Hüseynqulu Cahansuz şahın oğlu Baba xanı (Xanbaba Cahanbani; sonrakı Fətəli şah) özünə vəliəhd (naibüssəltənə) etdi.
Təbrizdə olarkən Ağaməhəmməd şaha sui-qəsd hazırlandı. Ancaq iştirakçılardan birinin xəbərdarlığı sayəsində şahı öldürmək istəyən 15 nəfər tutularaq zərərsizləşdirildi. (6 dekabr, 1970)
Fars hakimi Lütfəli xan Zənd Ağaməhəmməd şahın hakimiyyətini tanımayan yeganə qüvvə idi. Şah öz vəliəhdi Xanbaba Cahanbanini onunla vuruşmağa göndərdi və Xanbaba xan 1791-ci ilin yanvarında Semiromda Lütfəli xanın ordusunu tədbirlə darmadağın etdi, özünü isə qaçmağa məcbur etdi. Bu çox mühüm qələbə Şirazla birgə fars əyalətinin mühüm hissəsini qacarların nüfuzu altına keirdi.
O, 1792-ci ilin yazında partizan müharibəsi aparan Lütfəli xan Zəndlə birdəfəlik üzülüşmək üçün Lütfəli xana hücum etdi və Əbrəc çəmənində onu məğlub etdi. Lütfəli xan bu dəfə də qaçıb aradan çıxa bildi. Şah Şirazın hasarlarını uçurtdu.
Tarixçilər Ağaməhəmməd şahla Lütfəli xan Zəndin Kirmandakı müharibəsinə daha çox diqqət yetirir, şahı gözdən salmaq üçün bu hadisədən geniş yararlanırlar.
Vəliəhd Xanbaba Cahanbanini Lütfəli xan Zəndlə savaşmaq üçün göndərdikdən sonra 1794-cü il 17 martda Ağaməhəmməd şahın özü də Tehrandan yola düşdü. Kirman şəhərinə çataraq onu hər tərəfdən mühasirəyə aldı. Ağaməhəmməd şah dünya hərb tarixində ilk dəfə olaraq, əsgərlərinin qışın soyuğundan əziyyət çəkməməsindən ötrü Kirmanın ətrafında yaşayış evləri tikdirərək hərbi şəhərcik saldırdı. İngilis yazıçısı Robert Uotson (Robert Spence Watson) sonralar göstərirdi ki, Napoleon da Ağaməhəmməd şahın üsulundan yararlansaydı, onun ordusu Rusiyanın soyuğunda məhv olmazdı.
Şahın əmriylə hazırlanmış gəzəri bürclər şəhər hasarına yaxınlaşdırıldı və bürcün içindəki qəhrəman qacar tüfəngçiləri bürclə hasar arasına körpü qoyaraq şəhərə girməyə başladılar. Şah göstəriş verdi ki, Lütfəli xanı yalnız diri tutun. Buna görə də onu heç kəs öldürmədi və Zənd xanı yenidən qaçıb aradan çıxdı.
Kirmanın fars əhalisi mühasirə günlərində Ağaməhəmməd şahın ünvanına aramsız təhqirlər yağdırdığına, xüsusən onun xədimliyinə sataşdıqlarına görə (şahın ən ağrılı yeri fiziki şikəstliyi olduğu üçün o, bu təhqiri heç vaxt heç kimə bağışlamayıb) hökmdar şəhəri ələ keçirəndən sonra özünün şahlığı çağında ilk dəfə olaraq əhalinin malının qarət edilməsinə, can və namusunun təcavüzə uğradılmasına icazə verdi, sonra isə şəhərin bütün kişilərinin gözünü çıxartdırdı. Ruslara satılmış gürcüləri "ağıllandırmaq" üçün bir neçə il sonra Tiflislə çox sərt davranması da həm Şərqdə olan (xüsusən farslar, ruslar və gürcülər), həm də Qərbdə olan (xüsusən ingilislər və fransızlar) düşmənlərinin bu şahı rəhmsiz, amansız, qaniçən şəxs kimi tanıtmasına bəhanə qazandırdı. Onun "İran" adlandırılan ölkəni Nadir şah Əfşardan sonra vahid dövlətdə birləşdirməyi bacarmış yeganə şah olduğunu etiraf etmək əvəzinə, bədxahlar buna göz yumur, "Kirman!" və "Tiflis!" hayqırmağa üstünlük verərək bu ədalətli və vətənpərvər dövlət başçısını bütün dünyaya vampir kimi təqdim etmək üçün əllərindən gələni əsirgəmirdilər.
Lütfəli xan Zəndi 1794-cü ildə Kirmanda ağır məğlubiyyətə uğradan Ağaməhəmməd şah, nəhayət, 8 illik çarpışmadan sonra onu ələ keçirdi. Nadir şahın Hindistandan gətirdiyi, onun ölümündən sonra Kərim xan Zəndə qismət olmuş "İşıq dənizi" ("Dəryayi-nur") almazı və başqa cəvahiratlar Lütfəli xandan tapıldı. Bu Zənd xanını işgəncələrlə öldürdən Ağaməhəmməd şah zəndlərin ağalığına son qoydu və imperatorluğun tək şahına çevrildi. Tehrana qayıdan kimi vəliəhdi Xanbaba Cahanbanini bütün fars əyalətinin (Kirman, Şiraz və Yəzd) hakimi təyin etdi.
Mənbə Ədalət Tahirzadə, Ağaməhəmməd şah Qacar, "Çıraq" nəşriyyatı, Bakı, 2005, səh. 21–24.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər Kateqoriya:Hökmdarlar Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Zəndlər Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Qətl qurbanları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran şəxsləri