Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov () — Azərbaycanın əməkdar həkimi (1942), Ağdam MRX-nin həkim-terapevti.

Həyatı Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov 1879-cu ildə Şuşa qəzasının Pərioğlular (indiki Ağdam rayonunun Pərioğlular kəndi) kəndində anadan olmuşdur. 1899-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirmişdir.

Fərruxbəy Ağakişibəyov Zəngəzur qəzasının Lənbəran, Qarıqışlaq, Minkənd kənd məktəblərində, Gəncə şəhər məktəbində dərs demişdir.

Fərruxbəy Ağakişibəyov 1909–1914 illərdə Odessa Universitetinin tibb fakültəsində ali təhsil almışdır. Odessa qəzasında həkim, Odessa-Poltava cəbhəsində həkim işləmişdir. 1915-ci ildə Odessa cərrahi qospitalına ordinator qəbul edilmişdir.

Fəaliyyəti Fərrux bəy Ağakişibəyov 1918-ci ildə Azərbaycana qayıtmış, Vətənində adlı-sanlı cərrah olaraq tanınmışdır. Ağdamda həkim işləmək istəsə də, orada xəstəxana olmadığından Şuşa xəstəxanasında cərrah işləmişdir. Azərbaycan müstəqilliyini itirdikdən sonra 1920-ci ildə Şuşa səhiyyə şöbəsinin müdiri işləmişdir.

Fərrux bəy Ağakişibəyovun təşkilatçılığı ilə 1922-ci ildə Ağdamda xəstəxana, ambulatoriya yaradılmış, əhaliyə cərrahi yardımın təməli qoyulmuşdur. Onun təşəbbüsü ilə 1925-ci ildə Ağdamda üçkorpuslu xəstəxana və yardımçı binalar tikilmişdir. Ağdamda tibb məktəbinin 1936-cı ildə yaranması Fərrux bəy Ağakişibəyovun adı ilə bağlıdır. O, 1941–1945 illərdə Ağdam hərbi komissarlığı tibb komissiyasının sədri olmuşdur.

Fərrux bəy Ağakişibəyov 1925-ci ildə sahə həkimlərinin Moskvada keçirilən birinci Ümumittifaq qurultayına nümayəndə seçilmişdir. Ona 1942-ci ildə Azərbaycan SSR-nin əməkdar həkimi fəxri adı verilmişdir.

Fərrux bəy Ağakişibəyov 1956-cı ildə Bakıda vəfat etmişdir.Ənvər Həmidov. Loğmanlar yurdu. Bakı, 1991

İstinadlar

Xarici keçidlər Fərrux bəy Ağakişibəyov – səhhət və sağlamlığın atası

Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan cərrahları Kateqoriya:Azərbaycanlı cərrahlar Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Odessa Universitetinin məzunları