Məmmədəli Nazim oğlu Məmmədov (daha çox DJ Fateh kimi tanınır; 1 fevral 1983, Bakı) — azərbaycanlı radio və teleaparıcı, prodüser, ssenarist. 1999-cu ildən radioda çalışır, MANPASI səhər radioşousunun aparıcılarından biri olub, İctimai TV-də "Breyn Rinq" və "Milyonların şousu" intellektual verilişlərinin aparıcısıdır. İctimai Radionun direktorudur. "Oğlan evi" filminin ssenari müəlliflərindən biridir.

Erkən həyatı Məmmədəli Məmmədov 1983-cü il fevralın 1-də Bakıda anadan olub. 1990-cı ildə Bakıdakı 42 nömrəli orta məktəbə gedib, 2000-ci ildə məktəbi əla qiymətlərlə bitirib və Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub; akademiyanı bitirib. 2005-ci ilin oktyabrından 2006-cı ilin oktyabrınadək Ədliyyə Nazirliyinin Mühafizə Alayında hərbi xidmətdə olub.

Fəaliyyəti Radio Məmmədov radioya 1999-cu ildə Rahib Azərinin dəvəti ilə ANS ÇM radiostansiyasında başlayıb. 1999-cu ilin iyulundan 2005-ci ilin yayınadək ANS Şirkətlər Qrupunda ANS ÇM-də aparıcı və baş aparıcı, ANS TV-də aparıcı, ANS-PRESS nəşriyyatının "Elman" dərgisində redaktor və baş redaktor işləyib. 2006–2008-ci illərdə "AB Standard" şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, 2008–2010-cu illərdə "Promo-Vision" PR agentliyinin baş direktoru olub.

2010-cu illərin əvvəlində Media FM radiostansiyasının səhər aparıcısı və baş prodüseri olub. Media FM-də Rəvan Bağırovla birgə səhər radioşousu aparıb; 2014-cü ildə onlar Gülay Hüseynova ilə birlikdə "Bamboleo" şousunun aparıcıları idilər. 2017-ci ilin iyununda onların "Manpası" səhər şousu Media FM-də yenidən efirə qayıdıb. 2019-cu il sentyabrın 2-dən "Manpası" İctimai Radioda yayımlanır.

2018-ci il sentyabrın 4-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının qərarı ilə Radionun proqram direktorluğu departamentinin direktoru təyin edilib. 2019-cu ildə artıq İctimai Radionun direktoru idi; İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi saytına görə, hazırda da bu vəzifəni tutur.

Televiziya DJ Fateh İctimai TV-də "Breyn Rinq" intellektual layihəsinin aparıcısıdır. O, həmçinin İctimai TV-nin lisenziyalı intellektual verilişi "Milyonların şousu"nu aparır.

2025-ci ildə Azərbaycanın Avroviziya 2025 təmsilçisini seçən milli münsiflər heyətinin üzvü olub.

Kino "Oğlan evi" komediya filminin ssenarisini İlham Qasımov və Tural Sevdimalı ilə birlikdə yazıb.

Mükafatları "Tərəqqi" medalı — 6 noyabr 2019; televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025; milli mətbuatın 150 illik yubileyi münasibətilə, mətbuatın inkişafında xidmətlərinə görə

İstinadlar

Xarici keçidlər

Instagram hesabı TEDx çıxışı

Kateqoriya:1 fevralda doğulanlar Kateqoriya:1983-cü ildə doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan radio aparıcıları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:İctimai TV-nin (Azərbaycan) jurnalistləri Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan prodüserləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər