Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır.

I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır. Zigetvar mühasirəsinin bitməsinə bir gün qalmış 7 sentyabr 1566 tarixində müharibə düşərgəsində 71 yaşında vəfat etmiş və yerinə oğlu II Səlim keçmişdir.

Şahzadəlik illəri thumb|200px|1579-cu ildə Nəqqaş Osmanın "Şəmailnamə" adlı əsərində yer alan və I Süleymanın gənclik illərinin təsvir edildiyi miniatür.

6 noyabr 1494 tarixində Trabzonda dünyaya gəlmişdir. Atası Süleyman anadan olarkən Trabzon bəylərbəyi olan, 1512-ci il tarixində isə taxta keçən I Səlim, anası isə Aişə Həfsə Sultandır. Uşaqlıq illərini süd qardaşı Yəhya Əfəndi ilə birlikdə Trabzonda keçirmişdir. 1501-ci ildə 7 yaşlı Şahzadə Süleyman elm, tarix, ədəbiyyat, din və hərb sahələrini öyrənmək üçün İstanbula, Topqapı sarayındakı Əndəruna göndərildi. 1508-ci ildə Qarahisar sancaqbəyi seçilsə də, əmisi Amasya sancaqbəyi Şahzadə Əhmədin etirazı ilə Boluya təyin olundu. Şahzadə Əhmədin buna da etiraz etməsi səbəbilə 1509-cu ilin iyul ayında Kəfə sancaqbəyliyinə gətirildi.

Atası I Səlimin 1512-ci ildə taxta çıxması ilə bir müddət İstanbul və Ədirnədə yaşadı. 1513-cü ildə Manisa sancaqbəyliyinə gətirildi. Burada gələcəkdə ən yaxın adamlarından biri olacaq Parqalı İbrahimlə tanış oldu və onunla yaxın dostluq yaratdı. Təqribən 7 illik Manisa sancaqbəyliyindən sonra, 1520-ci il 21 sentyabrdan 22 sentyabra keçən gecə atası doqquzuncu Osmanlı hökmdarı I Səlim vəfat etdi. Dövrün sədrəzəmi Piri Mehmed Paşa sultanın ölümünü gizlədərək silahdar kəndxudası Süleyman ağanı dərhal Manisaya göndərdi və şahzadəni taxta dəvət etdi. Digər tərəfdən paytaxtı nəzarətdə saxlamaq niyyətiylə Rumeli bəylərbəyi Əhməd Paşanı da İstanbula göndərdi. Şahzadənin paytaxta yaxınlaşması xəbərini eşitdikdən sonra sultanın vəfatını elan edən Piri Mehmed Paşa ordu xəzinəsini möhürlədərək ikinci vəzir Çoban Mustafa Paşa və Fərhad Paşanı mərhum sultanın cənazəsiylə birlikdə Çorluda qoyub özü yeni əfəndisini qarşılamaq üçün İstanbula yola düşdü.

30 sentyabr 1520-ci ildə bazar günü gəmiylə Üsküdara gələn Şahzadə Süleyman dərhal Topqapı sarayına gəldi. Yeniçərilər tərəfindən qarşılanan gənc sultanın həmin gün biyat mərasimi baş tutdu.

Taxta keçdikdən bir neçə həftə sonra Venesiya respublikası elçisi Bartolomeo Contarinini qəbul etdi. Contari burada olarkən Süleymanı bu şəkildə təsvir etmişdir: "İyirmi altı yaşında, hündür, lakin sərbəst görünən və alicənab görünüşlü. Boynu həddən ziyadə uzun, üzü zəif, burnu qartal dimdiyi kimi qıvrım. Kölgə kimi bığı və kiçik saqqalı var. Dərisi bir az solğundur, lakin üzü olduqca xoşdur. Ağıllı bir hökmdar olduğu söylənilir və hamı onun səltənətinin xeyirli olacağından ümidlidir."

Səltənət illəri

1520–1529-cu illər thumb|left|223x223px|Rodosun tutulmasını göstərən miniatür.

I Süleymanın taxta keçməsindən qısa bir müddət sonra Şam bəylərbəyi Canbərdi Qazəli, Süleymanın sultanlığını tanımadı və öz hakimiyyətini elan edərək üsyan başlatdı. Mərkəzdən göndərilən Fərhad Paşa idarəsindəki birliklə Zülqədriyə əyalətindəki hərbi dəstələrin birləşmiş qüvvəsi Şam yaxınlığındakı Mastaba adlı bölgədə, 27 yanvar 1521 tarixində Canbərdi Qazəli və qoşunlarını darmadağın etdi. Canbərdi Qazəli öldürüldü və üsyan yatırıldı. Qazəlinin yerinə Şam bəylərbəyliyinə Ayaz Mehmed Paşa gətirildi.

Süleyman ilk səfərini 18 may 1521 tarixində Macarıstan Krallığının idarəsindəki Belqrada (o dönəmdəki adı ilə Nándorfehérvár) hazırladı. Ətrafındakı Böyürdələn, Zəmun və Salankamen şəhərlərinin alınmasının ardından 1 avqust günü mühasirəyə alınan şəhər 29 avqust 1521 tarixində təslim oldu. Avropada planlaşdırdığı səfərlər üçün arxa cəbhə rolunu oynayan bu şəhər I Süleymanın növbəti fəthlərinin müjdəçisi oldu.

Növbəti il Süleyman Aralıq dənizində yerləşən Rodos adasına qurudan səfər təyin etdi. Mühasirəyə qatılacaq olan Osmanlı donanması isə iyun 1522'də adanın "Cem Bağçası" körfəzinə gəlib çatdı. Süleymanın da aralarında olduğu ordu qüvvələri 28 iyul günü Mərmərə dənizindən gəmiylə adaya keçirildi. Təxminən 100.000 nəfər piyada və 400 gəmidən ibarət Osmanlı ordusunun 6 aydan çox mühasirədə saxladığı bu ada 26 dekabr 1522 tarixində təslim oldu. Adada xristian olaraq yaşayan Cem Sultanın oğlu Murad və Muradın oğlanları boğduruldu, xanımı və iki qızı isə İstanbula göndərildi. Rodosun tutulmasından sonra Bodrum, Taxtalı və Aydos qalaları, İstanköy və Sömbəki adaları da işğal edildi.

1523-cü ilin fevral ayında İstanbula geri qayıdan Süleyman səltənətinin ilk 3 ilində vəzifədə qalan sədrəzəm Piri Mehmed Paşanı yaşıyla əlaqədar sədarətdən kənarlaşdırdı və 27 iyun 1523 günü ənənəyə uyğun olmayaraq Xasodabaşısı Parqalı İbrahim ağanı sədrəzəm və Rumeli bəylərbəyi təyin etdi. Sədrəzəmlik sırası gözləyən ikinci vəzir Əhməd Paşa, hakim olaraq təyin edildiyi Misirdə 1524-cü ilin əvvəlində üsyan çıxardaraq müstəqilliyini elan etdi. Əhməd Paşanın öldürülməsiylə yatırılan üsyanın ardından Sədrəzəm Parqalı İbrahim Paşa Misirdə sülhü təmin etmək üçün vəzifələndirildi.

1525-ci ilin mart ayında I Süleyman İstanbul ətrafında ovdaykən yeniçərilər şəhərdə ayaqlanma başlatdılar. Qısa zamanda yatırılan ayaqlanmadan sonra Yeniçəri ağası Mustafa ağa, kətxudası Qıran Bali bəy və rəisül-küttab Heydər bəy edam edildi. Misirdə asayişi təmin edən Sədrəzəm İbrahim Paşa isə 6 sentyabr 1525 tarixində İstanbula geri döndü. Bu dönəmdə İstanbula gələn fransız elçisi Jean Frangipani 24 fevral 1525 tarixində baş verən Paviya müharibəsində Müqəddəs Roma imperatoruna əsir düşən kral I François üçün, kralın anasının adından məktub gətirmişdi. Yazdığı məktubla yardım edəcəyi barədə söz verən I Süleyman, iki dövlət arasında sülh bağlanıb, kral azad olunsa da, Macarıstana səfər təyin olunması barədə fərman verdi. Macarıstana öncə Sədrəzəm İbrahim Paşanı göndərdi, daha sonra 23 aprel 1526 tarixində Süleymanın rəhbərliyi ilə ordu Macarıstana hücuma keçdi. İbrahim Paşanın qüvvələri Petrovaradin və İyluk şəhərləriylə 11 qalanı ələ keçirdikdən sonra Özək qalasını mühasirəyə aldı. Bosniya bəyləri də Sirəm bölgəsində bəzi qalaları ələ keçirmişdi. Macarıstan kralı II. Lajosun rəhbərliyindəki ordu ilə Dunay çayı sahilindəki Moxac düzündə qarşılaşan Osmanlı ordusu 29 avqust 1526 tarixində baş verən döyüşdə qəti qələbə qazandı. Kral Lajos isə müharibədən qaçarkən bataqlığa düşmüş və burada boğularaq can vermişdir. Osmanlı ordusu səfərə davam edərək 20 sentyabr tarixində Budin şəhərinə daxil oldu. Şəhərin açarlarını ələ keçirdən və təxminən 14 gün kral sarayında qalan I Süleyman geri qayıdarkən Segedin və bəzi şəhərləri də ələ keçirmiş, Macarıstanın rəhbərliyinə Ərdəl hakimi Janos Zapolyanı gətirdi. Macarıstanın Osmanlı imperiyasına qatılması və Fransa-Osmanlı ittifaqıyla 5 oktyabr 1526 tarixində başa çatan yeddi aylıq səfərin ardından 13 noyabr 1526 tarixində İstanbulda zəfər sevinci yaşandı. Osmanlı ordusunun Macarıstanda olduğu 1526-cı ilin avqust ayında Səfəvilərin dəstəyi ilə Anadoluda Baba Zünnun üsyanı başlamışdı. Ətraf ərazilərə də yayılan üsyan 26 sentyabr 1526-cı ildə Diyarbəkir bəylərbəyi Xosrov Paşa və Adana sancaqbəyi Piri bəy tərəfindən yatırıldı. Ancaq həmin ilin payızında orta Anadoluda çıxan Qələndər Çələbi üsyanı daha güclü oldu. Bu üsyan da Səfəvilərin dəstəyi ilə baş vermişdi. Ətraf bölgələrin hakimlərinin məğlub olması ilə üsyan daha da böyüdü. Bundan sonra üsyanı yatırmaq üçün Sədrəzəm İbrahim Paşa vəzifələndirildi. 22 iyun 1527-ci ildə Əlbistanda məğlub edilən Qələndər Çələbi başı kəsilərək edam olundu. Bir neçə ay sonra Anadoluda Molla Qabiz problemi yarandı. Əslən fars mənşəli olan Molla Qabiz öz məclislərində İsa peyğəmbərin digər bütün peyğəmbərlərdən üstün olduğunu danışırdı. Bu səbəbdən 1527-ci ilin noyabrında divana çağrıldı və mühakimə edilərək edam cəzası verildi.thumb|I. Vyana Mühasirəsini göstərən bir miniatürMüqəddəs Roma imperatoru V. Karlın qardaşı, Avstriya hersoqu Ferdinand Janos Zapolyanın Macarıstandakı hakimiyyətini tanımayaraq özünü Macar kralı elan etdi. Janos Zapolyanı məğlub edərək 20 avqust 1527 tarixində Budinə daxil olmuş, illik ödəyəcəyi vergi ilə macar kralı olmağı təklif etmişdir. Ancaq bu təklifi rədd edən I Süleyman 10 may 1529 tarixində yeni bir səfərə çıxmış, Sədrəzəm İbrahim Paşaya isə səraskər rütbəsi verərək ordunun başına gətirmişdir. 3 sentyabr 1529 tarixində Budinə daxil olan Osmanlı qüvvələri şəhəri mühasirəyə aldı. 7 sentyabr günü təslim olan şəhər yenidən Janos Zapolyonun hakimiyyəti altına keçdi. Dərhal Esterqon qalasına hücum edən Osmanlı ordusu 23 sentyabr 1529 tarixində Avstriya sərhəddini keçmiş, 27 sentyabr günü Vyana şəhərini mühasirəyə almışdır. Ancaq ağır hava şəraiti və ordunun mühasirə üçün zəif olması səbəbilə 16 oktyabr günü mühasirə qaldırıldı və ordu 16 dekabr 1529 tarixində İstanbula geri döndü.

1530–1539-cu illər thumb|Prevezə Dəniz Müharibəsi (Osman Nuri Paşa)