Eldar Bəhram oğlu Mansurov () — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012).

Həyatı Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib

2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.

2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.Ailəlidir, 2 oğlu var.

Gənclik illəri

Eldar Mansurov hələ məktəbdə oxuduğu illərdə musiqiyə böyük maraq göstərmişdir. Uşaqlıqdan fortepiano ilə məşğul olan Mansurov ilk musiqi təhsilini əvvəlcə 1 nömrəli, daha sonra isə 6 nömrəli musiqi məktəbində almışdır. Musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinə daxil olmuşdur. Təhsil aldığı dövrdə dünyada və Sovet İttifaqında estrada, caz və rok musiqisi geniş populyarlıq qazanmışdı. Bu musiqi istiqamətləri gənc Eldar Mansurovun yaradıcılıq maraqlarına da təsir göstərmiş, o, klassik musiqi ilə yanaşı müasir musiqi janrlarını da mənimsəməyə başlamışdır. Pianoda müxtəlif üslublarda ifa etməsi onun musiqiçi kimi formalaşmasına mühüm təsir göstərmişdir. 1960-cı illərin sonu – 1970-ci illərin əvvəllərində Mansurov Bakıda fəaliyyət göstərən Eksperiment OK rok qrupunun tərkibində pianoçu və sintezator ifaçısı kimi çıxış etmişdir. Qrupun tərkibində müxtəlif musiqi festivallarında, müsabiqələrdə və dövrün məşhur Qızıl payız festivallarında iştirak etmiş, laureat adına layiq görülmüşdür. Həmin illərdə qazandığı səhnə təcrübəsi və müxtəlif musiqi janrları ilə tanışlığı onun gələcək bəstəkarlıq fəaliyyətinin formalaşmasına mühüm təsir göstərmişdir.

1990-cı illərdə Eldar Mansurov rok musiqisi sahəsində fəaliyyətini davam etdirərək Tac qrupunun yaradılmasında iştirak edən musiqiçilərdən biri olmuşdur. Qrupun yaradılması onun əvvəlki illərdə əldə etdiyi rok və müasir musiqi təcrübəsinin davamı kimi qiymətləndirilə bilər.

Gənclik illərində əldə etdiyi musiqi təcrübəsi sonralar Eldar Mansurovun yaradıcılığında klassik musiqi, Azərbaycan muğamı, estrada və rok elementlərini bir araya gətirən fərdi üslubunun yaranmasına zəmin yaratmışdır.

Yaradıcılığı thumb|280px|Eldar Mansurov, 1982-ci il.

Simfonik musiqi Eldar Mansurovun geniş yaradıcılığına çoxlu sayda simfonik əsərlər də daxildir: simfoniyalar, opera, baletlər, uvertüralar, süitalar və müxtəlif həcmli əsərlər də daxıldir. O, "Yeddi gözəl" (2005) rok-operasının və iki rok baletin – "Kleopatra" (1998) və "Olimp" (2004) – müəllifidir. Eldar Mansurov beş simfoniyanın (1979, 1981, 1982, 1991, 1999), "Violin və simfonik orkestr üçün Konsert"in (1978), "Mahur-Hindi" Simfonik Muğamının (1990), orkestr üçün "Adagio", "Passacaglia" (1991), "Simfonik rəqslər" (2010), "Rapsodiya" (2024), "Vals" (2025) və bir çox əsərlərin müəllifidir.

Kamera musiqisi Eldar Mansurov bütün yaradıcılığı dövründə kamera musiqisi janrına müraciət etmişdir. Kamera orkestri üçün "Pastoral" (1984), "Freskalar" (1991), iki "Simli kvartet" (1977, 1986), milli musiqi aləti tar və simli kvartet üçün "Sağinamə" (1983), fortepiano üçün "Miniatürlər" (1986), violin və fortepiano üçün "Sonata" (1985), orqan üçün "Muğam-dəstgah" (1989), klavesin, çelesta və fortepiano üçün "Rubato" (1986) və müxtəlif instrumental ansambllar üçün bir çox əsərləri qeyd etmək lazımdır.

Xor və vokal əsərləri Eldar Mansurovun xor və orkestr üçün yazdığı "Bahar oğlu" (2013) oratoriyası və "Ölməzlik" kantatası (1985), məşhur "Ulu torpaq" (1993) mahnısı ilə yanaşı Şərqin böyük şairləri Ömər Xəyyam, İmadəddin Nəsimi, Sədi Şirazi və Məhsəti Gəncəvinin şeirlərinə akapella xoru üçün yazılmış "Sevgi bayatıları" (1981) və "Rübailər" (1987) uğurlu əsərlər hesab olunur. Vokal janrında Hüseyn Cavidin sözlərinə yazılmış "Niyə getdin" romansı (1982) ilə yanaşı "Çıraqla gəzsən", "Taleyim", "Ölməzlik", "Mia sinfonia" və digər əsərləri qeyd etmək lazımdır. Eldar Mansurov bütün yaradıcılığı boyu uşaqlar üçün də bir çox mahnılar və xor əsərləri bəstələmişdir.

Bayatılar Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.

Bu mahnı sözləri şair Nikolay Denisova məxsus olan "Zdravstvuy" adı ilə Rusiya estradasının "şərq" ulduzu sayılan Reno tərəfindən ifa edilmişdi. Braziliyada "Bayatılar" vokaliz şəklində məşhur caz müğənnisi Monica Salmaso və onu müşayiət edən "Orquestra Popular de Câmara" tərəfindən səsləndirilib. Sonralar "Bayatıları" məşhur Braziliya cazmeni, pianoçu Benjamim Taubkin və onun qrupu instrumental versiyada ifa etdilər. Almaniyanın "Grinsteins Mischpoche" qrupunun ifasında mahnının nəfəsli alətlərlə instrumental variantı bir növ marşı xatırladır. Türkiyə estradasının "kraliçası" Sezen Aksu "Bayatılar"а yeni ruh və nəfəs verdi. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya aiddir. Levent Yükselin ifasında və klip şəklində təqdim etdiyi "Zalim" neçə illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır. 1995-ci ildə yunan müğənnisi Petros Dourdumbakis Bayatıları "TAXIDIARIKO BIRD" adlı mahnı kimi ifa etdi. 1997-ci ildə isə digər yunan müğənnisi Dimitra Galani, şair Nikos Maraitisin "όσες φωτιές" (Bu yanğınlar) adlı mətni ilə "Bayatıları" bir daha ifa etdi. Bir neçə il sonra daha bir yunan müğənnisi Vasilis Lekkas Bayatıları – "TAXIDIARIKO BIRD" ifa etdi.

Artıq 30 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənir və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılır. Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə Seray Severin "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "Çalarsaat" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.

Türkiyənin tanınmış DJ-ləri – Hüseyn Karadayı və Cem Nadiran "Bayatılar"ı "Miracles" adı ilə rep üslubunda ifa etdilər. Elə həmin il yunan DJ Pantelis də "Bayatılar"ı – "I Have A Dream (Extended MIX)" adı ilə ifa etdi. Azərbaycanda isə bu mahnını Aygün Kazımova özünəməxsus şəkildə ifa etmişdir. Sonralar bir çox ölkələrdə, müxtəlif ifaçılar bu mahnını bir-birindən fərqli versiyalarda ifa etməyə başladılar. 2009-cu ildə italiyanın "Cantodiscanto" qrupu "Bayatıları" fərqli şəkildə ifa etdi. "Bayatılar" İsraildən də yan keçmədi. 2011-ci ildə İsrailin "Babbe Rabbe" qrupu "Bayatılar"ı orijinal versiyasında olduğu kimi ifa etdilər.

Elə həmin ildə rumıniyalı DJ Edward Maya "Bayatılar"dan öz "Stereo love" (Vika Jigulina vocal version Extended) mahnısında istifadə etdi. Elə həmin il "Stereo love" isveçli PJ feat Velvet və kanadalı Mia Martina ifasında da səslənərək dünyanı dolaşdı. "Zalim" ilə məşhurlaşan Türkiyəli Levent Yüksel 2006-cı ildə "0 km" qrupu ilə həmin mahnını rok üslubunda yenidən ifa etdi. 2004-cü ildə bosniyalı Dino Merlin "Subota" adı ilə "Bayatıları" bir daha ifa etdi. 2005-ci ildə Nyu-Yorkda yaranmış "Brazilian girls" qrupu "Don’t Stop" kompozisiyasında bir daha Bayatılardan istifadə etdi. 2010-cu ildə "Bayatılar"ı daha bir instrumental qrup – İngiltərənin Bristol şəhərinin "The Guzek Trio" üçlüyü ifa etdi. Elə həmin il "Bayatılar"ı DJ Brizi və Eusebio Belli ispan dilində səslənən "Moliendo Cafe" (extended version) kompozisiyasına daxil etdilər. 2010-cu ilin daha bir maraqlı versiyası İngiltərənin Hip-Hop, Rep, R&B üslubunda ifa edən populyar "N Dubz" qrupu oldu. Onlar "Bayatılar"ı "Scream my name" adlı kompozisiyasına daxil edib ifa etdilər.

2012-ci ilin əvvəllərində gənc türk müğənniləri Aydan Kaya, Haktan, Mustafa Eren, "SALTANATH" rok qrupu, 2013–2018-ci illərdə isə digər türk müğənniləri Selin Ataş, Bahtiyar Özdemir, Ayşe İnak Ekiz və Mustafa Demiroğlu, Bengü, Ferhat Göçer, Koray Çapanoğlu, Hediye Güven, Sevcan Orhan, Tuğba Uzun & Melis Aktaş, Mine Geçili, Fondip qrupu, Kanun Yıldırım, Edis, Yaraband qrupu və başqaları Bayatıların "Zalim" versiyasını özlərinə məxsus ifa etdilər. 2014-cü ildə İtaliyanın Leççe şəhərindən olan musiqiçilər — "Abash" rock qrupu "Bayatılar"ı çox orijinal şəkildə ifa etmişdir. Daha bir maraqlı fakt odur ki, son bir neçə ildə "O Ses Türkiye" mahnı müsabiqəsində "Zalim" bir çox müğənnilər tərəfindən daim ifa olunur. 2018-ci ilin sentyabrında Finlandiyanın Flat Earth rok qrupu "CYANİDE" kompozisiyasında Bayatılardan istifadə etmişdir. Onların ifa etdikləri bu kompozisiya rok-metal üslubundadır. Həmən bu ildə azərbaycanlı — Dj Roshka və Samir Cavadzadə "Feel the rhythm" adlı kompozisiyasında "Bayatılar" mahnısını yeni versiyada ifa etdilər. 2019 və 2020-ci və sonrakı illərdə "Bayatılar" daha bir neçə yeni versiyada müxtəlif ifaçılar tərəfindən oxundu. Almaniyada Why So Sad — Out Of Time, Drenchill-in ifasında "Never Never", İsrail kamança çalanı Mark Eliyahu — "Alegria" kompozisiyasında və bir çox DJ-lər "Bayatılar"ı ifa etdilər. Hər zaman olduğu kimi "Bayatılar" Türkiyədə də "Zalim" adı ilə bir çox müğənnilər tərəfindən hələ də oxunmaqdadır. Belə ki, ən sonuncu versiyalar Bergüzar Korel və Tuğba Yurt tərəfindən oxunmuşdur.

Esena Mono