Gürcülər və ya Kartvellər () — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət.
Etnonimləri
Gürcülər özünə kartveli (; cəm forması kartvelebi ), Gürcüstana Sakartvelo (), gürcü dilinə isə kartuli () deyirlər.
Formalaşması
Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi. Bu üç dil Kartuli dilindən gəlməkdədir. Kartveli tayfalarından tək bir Kartveli xalqının meydana gəlməsi uzun bir müddətdə reallaşmışdır. Bu formalaşmada başqa xalqlar və tayfalar da iştirak etmişdir. Onlar müxtəlif səbəblərdən Kartveli tayfalarının yaşadığı torpaqlarda yaşayırdılar və zamanla gürcüləşirdilər.
Tarix
Antropoloqlar, arxeoloqlar və dilçilərlə yanaşı, Gürcüstan tarixçilərinin və alimlərinin əksəriyyəti müasir gürcülərin əcdadlarının Neolit dövründən bəri Cənubi Qafqaz və Şimali Anadoluda yaşadıqları barədə həmfikirdirlər. Alimlər onları adətən Proto-Kartveli (kolxlar və iberlər kimi Proto-Cənubi Qafqazlı) tayfaları adlandırırlar.Lang, s. 66
Antik dövrdə Kartvelilər qədim yunanlar və romalılar tərəfindən kolxlar və iberlər kimi tanınırdılar.Georgia A Sovereign Country of the Caucasus, Roger Rosen, s. 18Suny, s. 4 Şərqi gürcü tayfaları olan tibarenlər-iberiyalılar öz krallıqlarını e.ə. VII əsrdə qurmuşdular. Bununla belə, qərb kartveliləri (Kolxida tayfaları), şərqdə İberiya Krallığı yaranmazdan xeyli əvvəl (təxminən e.ə. 1350-ci illərdə) ilk Kartveli dövləti olan Kolxidanın əsasını qoymuşdular.Rayfield, ss. 13-14Toumanoff, s. 80 Bir çox gürcü aliminin fikrincə, bu iki erkən Kartveli krallığının — Kolxida və İberiyanın qurulması Kartveli millətinin formalaşması və birləşməsi ilə nəticələnmişdir.Toumanoff, s. 58
Qafqazşünas alim Cyril Toumanoffun fikrincə, Mosxlar eyni zamanda ilk erkən Kartveli dövləti olan İberiyaya inteqrasiya etmiş erkən proto-Kartveli tayfalarından biri idi. Yəhudi tarixçi İosefus gürcülərdən Thobel (Tubal) olaraq da adlandırılan iberlər kimi bəhs edir.The Complete Works, Jewish Antiquities, Josephus, Book 1, s. 57 David Marshall Lang iddia edirdi ki, "Tibar" kökü "İber" formasını yaratmış və bu da yunanların şərqi kartveliləri adlandırmaq üçün "İber" adını istifadə etmələrinə səbəb olmuşdur.Suny, s. 11
Asur mənbələrində Diaohi və yunan mənbələrində Taoxi adlandırılan tayfa Anadolunun şimal-şərq hissəsində yaşayırdı. Bu qədim tayfa bir çox alim tərəfindən gürcülərin əcdadları hesab olunur.Suny, s. 6 Müasir gürcülər günümüzdə Türkiyəyə məxsus olan bu bölgəni hələ də qədim gürcü krallığı olan Tao-Klarceti adlandırırlar. Bölgə sakinlərinin bir hissəsi hələ də gürcücə danışır.Lang, s. 58
Kolxlardan ilk dəfə I Tiqlatpalasarın Asur illiklərində və Urartu kralı II Sardurinin salnamələrində bəhs edilir. Şərqi Kartveli tayfalarından olan və gürcücə danışan Mesxilər də bu dövlətə daxil idi.Lang, s. 59
Tiberlər və ya tiberiyalılar olaraq da tanınan iberlər, Şərqi Gürcü İberiya Krallığında yaşayırdılar. Həm kolxlar, həm də iberlər müasir Kartveli millətinin etnik və mədəni formalaşmasında mühüm rol oynamışlar.Charles Burney and David Marshal Lang, The Peoples of the Hills: Ancient Ararat and Caucasus, s. 38Toumanoff, s. 57
Cyril Toumanoffun qeyd etdiyi kimi:
Şərqi Gürcüstanda, e.ə. VI və IV əsrlər arasında, Kartlidəki gürcü tayfaları Mtsxeta mərkəzində güclərini birləşdirərək I Parnavazın rəhbərliyi ilə Kartli Krallığını (İberiya Krallığı) qurmuş və Parnavaziani sülaləsi hakimiyyətə gəlmişdir.
Kolxida sonradan Roma leqat idarəçiliyi altında Romanın Lazika əyalətinə çevrildiyi halda, İberiya Roma himayəsini qəbul etdi. B.e. III əsrində Lazlar b.e. 562-ci ilinə qədər davam edəcək Lazika (Eqrisi) krallığını qurdular.
İberiya Krallığı III Mirian dövründə (ənənəvi olaraq 324-cü ildə), Müqəddəs Ninonun təbliği ilə Xristianlıq dinini qəbul etdi. IV əsrin ortalarına qədər həm Lazika, həm də İberiya rəsmən xristian olmuş və Bizans İmperiyası mədəniyyəti ilə uyğunlaşmışdı. Fars idarəçiliyi daha sonra bəzi bölgələrdə xristianlıqla yanaşı Zərdüştlük dininin də az miqdarda mövcud olmasına səbəb oldu.
Kral Vaxtang Qorqasali İberiya krallıq strukturunu yenidən bərpa etdi və müstəqillik uğrunda mübarizə apardı, lakin varisləri zaman-zaman Fars vassalları oldular və krallıq bəzən bir fars valisi (Mərzban) tərəfindən idarə edildi. VII əsrin sonlarına doğru Bizans-Fars rəqabəti nəticəsində yaranan güc boşluğu Xilafətin irəliləməsinə şərait yaratdı.
Orta əsrlər
645-ci ildə Ərəb Xilafəti cənub-şərqi Gürcüstanı işğal edərək uzunmüddətli müsəlman təsiri dövrünü başlatdı; bu proses Tiflis əmirliyi və Kaxetiya knyazlığı kimi yarımmüstəqil feodal dövlətlərin yaranmasına səbəb oldu. Bunun əvəzində, Qərbi Gürcüstan Lazika müharibəsindən sonra böyük ölçüdə Bizans İmperiyasının himayəsi altında qaldı.
Mərkəzi hakimiyyətin zəifləməsi IX əsrdə Bagrationi sülaləsinin yüksəlişi üçün əlverişli şərait yaratdı. I Aşot (813–830) Tao-Klarcetidə yeni bir krallıq qurdu və həm Abbasilər, həm də Bizans tərəfindən tanınaraq nüfuz dairəsini İberiyaya (Kartli) qədər genişləndirdi. Daha sonra IV Adarnase gürcü torpaqlarının çoxunu birləşdirməyə nail oldu və 888-ci ildə müstəqil "İberiya kralı" kimi taxta çıxdı.
Qərbi Gürcüstanda Abxaziya krallığı VIII əsr boyu yerli tayfaları birləşdirdi və IX–X əsrlərdə İberiyaya doğru genişləndi. Lakin davam edən sülalə çəkişmələri və daxili qeyri-sabitlik Abxaz monarxiyasını tədricən zəiflətdi.
Bu vaxt, Cənubi Gürcüstanda Tao şahzadəsi III David gürcü torpaqlarının siyasi birliyini hədəfləyən güclü regional lider kimi ortaya çıxdı. O, ölkəni birləşdirmə potensialını dərk edərək, gənc III Bagratı dəstəklədi. Hərbi yürüşlər və diplomatik ittifaqlar vasitəsilə III Baqrat gürcü dövlətlərini uğurla vahid bayraq altında birləşdirdi və 1008-ci ildə Gürcüstan Krallığının ilk kralı kimi tac qoydu.
XII və XIII əsrin əvvəlləri Qurucu David (1089–1125) və Tamarın (1184–1213) dövründə Gürcüstan öz siyasi və mədəni zirvəsinə — Qızıl dövrünə çatdı. Qurucu David 1121-ci ildə Didqori döyüşündə Səlcuqlu qüvvələrini məğlub etdi və Tiflis əmirliyinə son qoydu.
Tamar "krallar kralı" titulunu qazanaraq dövləti daha da gücləndirdi. O, daxili müxalifəti zərərsizləşdirdi və gürcü torpaqlarını günümüz Azərbaycan, Ermənistan, şərqi Türkiyə və şimali İrana qədər genişləndirdi, Trabzon İmperiyasını isə özündən asılı dövlətə çevirdi.
Krallığın tənəzzülü 1226-cı ildə Cəlaləddin Xarəzmşahın Tiflisi yağmalaması və ardınca gələn Monqol istilası ilə başladı. 15-ci əsrdə krallıq tamamilə parçalandı.
Erkən müasir tarix
1466-cı ilə qədər Gürcüstan Krallığı daxili iğtişaşlara sürükləndi və üç müstəqil krallığa və beş yarımmüstəqil knyazlığa bölündü. XVI əsrdən etibarən Osmanlı və İran qüvvələri bölgədə hakimiyyət uğrunda mübarizə apardılar. 1783-cü ildə imzalanan Georgiyevsk traktatı ilə Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi.
Lakin 1795-ci ildə Qacar sülaləsi Tiflisi yağmalayanda Rusiya kömək etmədi. Nəhayət, 1801-ci ildə Rusiya Şərqi Gürcüstanı ilhaq etdi, Baqrationi sülaləsini devirdi və Gürcü Pravoslav Kilsəsinin müstəqilliyinə son qoydu.
Müasir tarix
XIX əsrdə Rusiya idarəçiliyinə qarşı Guriya üsyanı kimi çıxışlar baş verdi. 1917-ci il Rusiya inqilabından sonra Gürcüstan 26 may 1918-ci ildə müstəqil Gürcüstan Demokratik Respublikasını elan etdi. Lakin 1921-ci ilin fevralında Qırmızı Ordu ölkəni işğal etdi.
Sovet İttifaqının dağılması ərəfəsində, 9 aprel 1989-cu ildə Tiflisdə dinc nümayişin yatırılması müstəqillik hərəkatını gücləndirdi. 9 aprel 1991-ci ildə Gürcüstan öz müstəqilliyini yenidən bərpa etdiyini elan etdi.
Məskunlaşma və say 2002-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə Gürcüstanda gürcülərin sayı 3661,2 min nəfər, 1999-cu ildə Azərbaycanda isə 14,9 min nəfər təşkil etmişdir. Bunların 12 000 nəfəri gürcülərin bir subetnik qrupu olan ingiloylardır.
Türkiyədə yaşayan gürcülərin sayı haqqında 70 mindən 1 milyonadək müxtəlif rəqəmlər söylənilir. Ancaq 120–150 min rəqəmi daha inandırıcı sayılır. Türkiyədə yaşayan gürcülər 19-cu yüzildə indiki Gürcüstan ərazilərində müsəlman gürcülərin yaşadıqları torpaqlar Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Türkiyəyə köçmüşlərin törəmələridir. Rusiyada yaşayan gürcülərin sayının isə 1 mln. olduğu ehtimal edilir. Rusiyaya ilk gürcü köçləri hələ orta əsrlərdə baş vermişdi. Daha sonra gürcü hakimlərinin Osmanlıya və Qacarlıya qarşı Rusiyaya sığınma siyasətlərindən dolayı köçlər daha da artmışdı. Hazırda Rusiyada yaşayan gürcülərin çoxusu başlıca olaraq 1990-cı illərdə işsizlikdən dolayı köç edənlərdir.
İstinadlar
Mənbə Gürcüstanda 2002-ci ildə aparılmış əhalisi siyahıyaalmasının nəticələri Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi Türkiyə gürcülərinin internet səhifəsi
Kateqoriya:Gürcülər Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Cənubi Qafqazdakı yerli xalqlar Kateqoriya:Qərbi Asiya xalqları Kateqoriya:Antropologiya