Zəngilan — Azərbaycanın Zəngilan rayonunun inzibati mərkəzi, Zəngilan şəhər inzibati ərazi dairəsində şəhər.
Adının mənşəyi
Müasir Zəngilan şəhərinin əvvəlki adı Pirçivan olmuşdur. XIX əsr və XX əsrin əvvəllərinə aid inzibati-statistik sənədlərdə Pirçivan və Zəngilan ayrı yaşayış məntəqələri kimi qeydə alınmışdır. 1957-ci ildə Pirçivanın adı Zəngilan olaraq dəyişdirilmişdir.
Zəngilan toponiminin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Nazim Vəlişov və Tahir Kazımlının izahına görə, ad Zəngi etnonimi ilə əlaqələndirilir və "zəngilərin məskəni, yaşadıqları yer" mənasını ifadə edir. Müəlliflər toponimin Zəngənə tayfasının adı, yaxud fars dilində "daş" mənasını bildirən "səng" sözü ilə əlaqələndirilməsi haqqında başqa fikirlərin də mövcud olduğunu qeyd edirlər.
Zəngilanın mənşəyini Zəngi tayfası ilə əlaqələndirən izah başqa toponimik tədqiqatlarda da irəli sürülmüşdür. Bununla belə, yer adının etimologiyası qəti müəyyənləşdirilməmişdir.
XIV əsr coğrafiyaşünası Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" əsərində "Zəngiyan" () adlı ərazidən bəhs edilmişdir. Bu tarixi adın müasir Zəngilan toponimi ilə əlaqələndirilməsi mövcud olsa da, onların coğrafi eyniliyi qəti təsdiqlənməmişdir.
Tarixi Qədim dövr və orta əsrlər
Müasir Zəngilan şəhərinin yerləşdiyi bölgədə qədim dövrlərə aid arxeoloji tapıntılar qeydə alınmışdır. 1962-ci ildə Zəngilan rayonunun Yeməzli və Yuxarı Yeməzli kəndləri arasında yerləşən "Şəhid Məhəmməd" qədim yaşayış yerində müxtəlif maddi mədəniyyət qalıqları ilə yanaşı, ellinizm dövrünə aid sikkələr aşkar edilmişdir. Tapıntılar arasında Makedoniyalı İsgəndərin sikkələrini təqlid edən, çəkisi 3,7 qram olan Qafqaz Albaniyası gümüş draxmaları və Selevkilər hökmdarı VII Antiox Evergetin (e.ə. 138–129) hakimiyyəti dövrünə aid, çəkisi 16,7 qram olan gümüş tetradraxmalar vardır. Həmin sikkələrin fotoşəkilləri Solmaz Məhərrəmovanın tədqiqatında dərc edilmişdir.
Numizmat Əli Rəcəbli 1964-cü ildə Zəngilan şəhəri ərazisində tərkibində Makedoniyalı İsgəndərin sikkələri olan dəfinənin aşkarlandığını da qeyd etmişdir.
Erkən orta əsrlərin tarixi coğrafiyasına dair tədqiqatlarda müasir Zəngilan şəhərinin yerləşdiyi ərazi Kovsakan havarı ilə əlaqələndirilir. "Aşxaratsuyts" coğrafi əsərində Kovsakan Sünik (Sisakan) vilayətinin havarlarından biri kimi göstərilmişdir. Tarixi-coğrafi rekonstruksiyalara əsasən, Kovsakan əsasən indiki Zəngilan rayonunun ərazisinə uyğun gəlir; rayonun şimal hissəsinin bəzi əraziləri isə Kaşunik havarına aid edilir. Bu lokalizasiya tarixi havarların sərhədlərinin müasir inzibati sərhədlərlə tam üst-üstə düşdüyünü göstərmir.
Tarixçi Fəridə Məmmədova Sünikin Qafqaz Albaniyası və Atropatena ilə siyasi, mədəni və dini əlaqələrini araşdırmışdır. Müəllifin fikrincə, Sünik müxtəlif dövrlərdə Qafqaz Albaniyası və Atropatenadan siyasi asılılıqda olmuş, müəyyən dövrlərdə isə müstəqil mövqe tutmuşdur. Məmmədova Sünikin VII əsrə aid edilən coğrafi əsərdə 12 havardan ibarət göstərildiyini də qeyd edir.
XIV əsrdə Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərində Zəngiyan () adlı ərazinin bir neçə kənddən ibarət olduğunu və həmin kəndlərin Mərdan Nəqim adlı ərazi vahidinə daxil edildiyini bildirmişdir. Mənbədə Araz çayı üzərindəki Xudafərin körpüsünün də həmin ətrafda yerləşdiyi göstərilir.
Solmaz Məhərrəmova orta əsrlərə aid "Zəngiya" adını müasir Zəngilanla əlaqələndirmişdir. Lakin Qəzvininin məlumatında Zəngiyan ayrıca böyük şəhər deyil, bir neçə kənddən ibarət ərazi kimi göstərildiyindən, onun müasir Zəngilan şəhərinin yerində mövcud olmuş şəhərlə eyniləşdirilməsi təsdiqlənməmişdir.
Qarabağ xanlığı və Rusiya imperiyası dövrü
Müasir Zəngilan şəhərinin sələfi olan Pirçivan haqqında ətraflı məlumatlar XIX əsrin birinci yarısına aid kameral təsvirlərdə qorunmuşdur.
1832–1833-cü illərin kameral təsvirində Pirçivan Zəngəzur mahalının Çovundur minbaşılığının yaşayış məntəqələri sırasında göstərilmişdir. Mənbəyə görə, Pirçivan obasının sakinləri taxılçılıq, çəltikçilik və pambıqçılıqla məşğul olur, vergilərini Birinci Muşulan obasının sakinləri ilə birlikdə ödəyirdilər. Obada 100 əkingünü əkinəyararlı, 200 əkingünü dəmyə torpaq və üç çəkil bağı qeydə alınmışdı.
Kameral təsvirdə Pirçivan sakinlərinin Qulammirzə Hüseynqulu oğlu və Mehdiqulu Əhmədxan oğluna məxsus olduğu bildirilən əlavə 100 əkingünü əkinəyararlı və 200 əkingünü dəmyə torpaqda da əkinçiliklə məşğul olduqları göstərilmişdir. Həmin şəxslərin torpaq üzərində mülkiyyət hüquqlarını əsaslandırmaq üçün Qarabağ xanı İbrahimxəlil xanın hicri 1224-cü ildə (1809–1810) verdiyi sənədə istinad edilmiş, lakin Rusiya hakimiyyəti bu sənədi tanımamışdı.
1832–1833-cü il kameral təsvirinin əsas siyahısında Pirçivan obasında 17 ailə və 30 kişi sakin qeydə alınmışdır. Obanın kovxası Atakişi Qasım oğlu idi. Üç ailə Məlik Hümbət və Abdulla bəy Məlik Mahmud oğlunun rəncbərləri kimi göstərilmişdir. Mənbəyə görə, bu ailələr yetişdirdikləri taxıl və çəltiyin üçdəbir hissəsini alır və hər ailə üçün ildə iki gümüş rubl ödəyirdilər.
Eyni kameral təsvirin "Xan ailəsinin idarəsində olan mülkədar kəndliləri" hissəsində Pirçivan adı ilə daha 10 ailə və 23 kişi sakin ayrıca qeydə alınmışdır. Mənbəyə əsasən, həmin ailələr 1827-ci ildə Mehdiqulu xan tərəfindən İrandan gətirilərək Pirçivan kəndinin torpaqlarında yerləşdirilmişdi. Onlar xanın xidmətində idilər və təsvirin tərtib edildiyi vaxt hələ vergiyə cəlb edilməmişdilər.
XIX əsrin ikinci yarısında Pirçivan Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində idi. 1886-cı ilin ailə siyahılarının 1893-cü ildə nəşr edilmiş yekununa əsasən, Pirçivanda 50 təsərrüfat və 211 nəfər, o cümlədən 121 kişi və 90 qadın yaşayırdı. Həmin nəşrdə Pirçivan eyniadlı kənd cəmiyyətinə, Zəngilan kəndi isə ayrıca Zəngilan kənd cəmiyyətinə aid edilmişdir. Zəngilan kəndində 57 təsərrüfat və 226 nəfər, o cümlədən 118 kişi və 108 qadın qeydə alınmışdı.
1916-cı ildə nəşr edilmiş inzibati bölgü siyahısında isə Pirçivan, Köhnə Pirçivan və Zəngilan eyni Zəngilan kənd cəmiyyətinə daxil olan ayrı yaşayış məntəqələri kimi göstərilmişdir. Kənd cəmiyyəti Zəngəzur qəzasının dördüncü polis sahəsinə aid idi.
Sovet dövrü
1930-cu ildə Azərbaycan SSR-də həyata keçirilən inzibati-ərazi islahatı nəticəsində Zəngilan rayonu təşkil edilmiş və Pirçivan onun inzibati mərkəzi olmuşdur. Prezident Kitabxanasının tarixi məlumatında rayonun yaradılma tarixi 8 avqust 1930-cu il kimi göstərilir.
1957-ci il avqustun 31-də Pirçivanın adı Zəngilan olaraq dəyişdirilmiş və yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilmişdir. Bu dəyişiklik Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu ildə nəşr etdirdiyi inzibati-ərazi məlumat kitabında həmin tarixlə göstərilmişdir.
1967-ci ildə Zəngilana rayon tabeli şəhər statusu verilmişdir.
Azərbaycan SSR-in 1977-ci il vəziyyətinə əsaslanan inzibati-ərazi nəşrində Zəngilan şəhəri və Zəngilan Şəhər Soveti ayrıca, tarixi Zəngilan kəndi isə Zəngilan kənd Sovetinin tərkibində göstərilmişdir. Beləliklə, müasir Zəngilan şəhəri ilə eyniadlı kənd sovet dövründə də ayrı yaşayış məntəqələri kimi mövcud olmuşdur.
İşğal dövrü
1993-cü ilin oktyabrında Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində rayon mərkəzi olan Zəngilan şəhəri də Ermənistan qüvvələrinin nəzarətinə keçmişdir. İşğal dövründə şəhərin yaşayış və ictimai infrastrukturu, eləcə də mədəni və dini abidələri dağıntılara məruz qalmışdır.
İşğaldan azad edilməsi və bərpası
2020-ci il oktyabrın 20-də İkinci Qarabağ müharibəsi zamanı Zəngilan şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Həmin ilin dekabrın 23-də şəhərdə Azərbaycan bayrağı ucaldılmışdır.
2021-ci il aprelin 26-da Zəngilan şəhərində yeni məscidin təməli qoyulmuş, 2022-ci il mayın 26-da şəhərin Baş planı təqdim edilmişdir.
2023-cü il iyulun 31-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi müəyyənləşdirilmişdir.
2024-cü il mayın 18-də Zəngilan məscidi açılmışdır.
2026-cı il mayın 10-da Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksi istifadəyə verilmişdir. İki hektardan artıq ərazidə yerləşən kompleks 12 binadan ibarətdir. Mənzillərin 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Həmin gün şəhərin ilk yaşayış kompleksinə köçmüş ailələrlə görüş keçirilmişdir.
Mədəniyyəti Şəhərdə olan tarixi irs obyektləri arasında XVII–XVIII əsrlərə aid İmam Hüseyn məscidi də var. 1980-ci illərə qədər Səməd Vurğunun adını daşıyan mərkəzi stadiona malik idi. Şəhəri təmsil edən futbol komandası "Süsən" FK idi.Bir vaxtlar Zəngilanda belə komanda var imiş — FOTOLAR . rekord.az, 30.11.2016
Coğrafi şəraiti Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı-dəniz səviyyəsindən 1304 metr yüksəkdir) Bazarçayla Oxçuçay arasında "Ağ oyuq" maili düzünü (dəniz səviyyəsindən 400–600 metr yüksəkdir) əmələ gətirir. Şimal-şərqdən Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən çölündən keçir. Qərbdən Meğri (Mehri-Güney) silsiləsinin kənarı Şükrətaz dağı (dəniz səviyyəsindən 2270 metr yüksəkdir) yerləşir. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayonun bitki örtüyü Araz palıdı bitən kserofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.
Zəngilanın faunası belədir: rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Eləcə də ərazidə dağ keçisi, tülkü, boz dovşan, canavar, quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin geniş yayılmışdır.
Əhalisi 1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Pirçəvan kəndində 50 tüstü və 211 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə — "tatarlar").
1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Azərbaycan SSR-in Qubadlı rayonunun Zəngilan kənd cəmiyyətinin Pirçəvan kəndində 524 nəfər (162 təsərrüfat) yaşayır, əsas millət türklər (azərbaycanlılar) idi.
1933-cü il yanvarın 1-nə olan məlumata görə, I Pirçəvan (mərkəzdə) və II Pirçəvan Azərbaycan SSR Zəngilan rayonunun eyniadlı kənd cəmiyyətinin tərkibində idi. Əhalisi 95 təsərrüfatda 574 nəfər (I Pirçəvan), 35 təsərrüfatda (II Pirçəvan) 148 nəfərdir. Kənd sovetinin də kəndlərdən ibarət (Gənlik, Malatkeşin, Tağılı) əhalisinin 98,7 faizini türklər (azərbaycanlılar) təşkil edirdi.Административное деление АССР.. — Баку: Издание АзУНХУ, 1933. — С. 101.
Milli tərkibi Siyahıyaalma ili1939195919701979azərbaycan türkləri915 (83,0 %)2 929 (98,3 %)4 047 (98,6 %)4 819 (96,1 %)ruslar111 (10,1 %)25 (0,8 %)27 (0,7 %)182 (3,6 %)ermənilər54 (4,9 %)6 (0,2 %)14 (0,3 %)5 (0,1 %)digərləri23 (2,1 %)20 (0,7 %)15 (0,3 %)6 (0,1 %)Ümumi1 1032 9804 1035 012
Foto qalereya
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun şəhərləri Kateqoriya:Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri