Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri.
"Şamlı" adı haqqında Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir.
Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir. Onlar "Şamlı" adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Burdan da onlar Azərbaycana keçərək öz adlarını aşağıdakı kəndlərə vermişlər: Göyçay qəzasında – Şamlı; Ağdaş qəzasında – Şamlı". Hazırda Şamlı (Şamlu) tayfasının öz adını aşağıdakı yaşayış məskənlərinə verdiyini görürük: Şamlı kəndi – Azərbaycan Respublikasının Qəbələ və Zəngilan rayonlarında, Türkiyənin Balıkəsir vilayətində; Hacı Şamlı kəndi – Azərbaycan|Azərbaycan Respublikasının Kəlbəcər rayonunda (işğala qədər – müəl.); Mirşamlı kəndi – Azərbaycan|Azərbaycan Respublikasının Şamaxı rayonunda; Aşağışamlı qəsəbəsi – Türkiyənin Dənizli vilayətində; Yuxarışamlı kəndi – Türkiyənin Dənizli vilayətində; Şamlı kəndi – Türkiyənin Qaraman vilayətinin Bəyşehir rayonunuda; Şamlı şəhəri – Hindistanın Uttar Pradeş ştatının Muzaffarnaqar rayonunda; Şamlı kəndi – Türkmənistanda; Şamlı şəhəri – İraqın Muhafazat al Basrah bölgəsində; Bi’r aş Şamlı şəhəri – Suriyanın Muhafazat Hələb bölgəsində; Dovlət Şamlu şəhəri –İranın Xorasan ostanında. Bundan başqa Şamlı məhəlləsi (Türkiyənin Aksaray şəhərində), dərə (Əfqanıstanda), Şamlılar adını daşıyan nəsil (Türkiyənin Muğla vilayətində və Dənizli vilayətinin Babadağ rayonunda), Şamlular qəbiləsi (oymaq) (Türkiyənin Ərzurum vilayətinin Uzundərə rayonunda), Şamlı, Şamlıoğlu soyadları (İranda, Türkiyədə, Özbəkistanda, Şimali Kipr Türk Respublikasında), ad (Hindistanda), küçə adı (İstanbulda) və s. vardır. Bunlar sadəcə bizim bildiklərimizdir, kim bilir Şamlı (Şamlu) adını daşıyan bilmədiyimiz daha neçə kənd, məhəllə, nəsil və s. vardır.
Tədqiqatçı Adnan Menderes Qayanın 2004-cü ildə Türkiyədə yayınlanmış "Afşar Türkmənləri" adlı kitabında Şamlı tayfası haqqında geniş məlumat verilir: "Şamlı Avşarı (Əski Yörük) adından da anlaşıldığı kimi Quzey Suriya, ya da digər adıyla Hələb avşarlarından gəlməkdədirlər. İranda, özəlliklə Səfəvilər dövründə etkinliyini (təsirini – müəl.) gördüyümüz Şamlılar isə Hələb Türkmənlərindən olub başqa boylara mənsubdu. Ancaq, günümüzdə İrandakı avşarların obalarından biri Şamlı adını daşıyır. Anlaşılan bu Şamlılar, zamanla Afşarlar arasına girib onun bir obasını təşkil etmişdir. 16-cı yüz ildə Qaraman əyalətində bulunan Atçəkən oymaqları arasında Əskil qəzasında sakin bir Şamlular (digər adı Başagirən) camaatı bulunmaqdadır. Bu Şamluların bir bölümü də eyni yüz ildə Tarsus yörəsində bulunurdu. Qutlu Hanlı tayfasına bağlı olan bu camaat, 1543-də ortaya çıxmışdır… Şamlıların önəmli bir bölümü isə Mərsin civarında (ətrafında – müəl.) bulunurdu… …Şamlılar (digər adı Əski Yörük), əsil vətənləri olan Anamurun Çuxurşamlı köyünə (kənd – müəl.) iskan (məskunlaşdırma – müəl.) edildi. Boz-Ulusun Aydın bölgəsində bulunan camaatları arasında yeni oluşan bir Şamlı obası var. Bu obanın bizim Şamlılardan ayrı olmadığını görürük… Şamlılar, Alanya, Anamur, Aydın, Bəyşəhir, Dənizli, Düşənbə, Edirnə, Eflani, Eğridir, Gülnar, Güzelhisar –Aydın, Hamit, İç-Əl, Qaraman, Kıbrıs, Kütahya, Lazkiyə – Kütahya, Manavgat, Manisa, Məntəşə, Rakka, Sarıçam, Saruhan, Tarsus, Təkə, Yalvaç və Zara – Kastamonu bölgəsində yerləşmişdir…".
İnternetdə verilən bir məqalədə Şamlı (Şamlu) haqqında belə yazılır: "…Kərkük və Hələb bölgəsində Bayat boylarının qonaqladıqları (yerləşdikləri – müəl.) bilinməkdədir. Səfəvi Dövlətini quran Şamlu oymaqlarının böyük əksəriyyətini Bayatlar təşkil edir…". İnternetdə yayınlanan "İraqdakı türk oymaqları. İraqda varlığı bilinən boy və oymaqlar" məqaləsində də bu barədə söz açılır: "…. Quzey Suriya Türkmənləri Səfəvilər|Səfəvi dövlətinin quruluşuna, özəlliklə Şamlu adı altında qatılmışlardır…".
Türkiyəli tarixçi Vətən Özgülün internetdə yayınlanan "XIX yüzildən öncə Balaban aşirəti" adlı əsərində XIII əsrdə Suriyada qələbəlik bir Türkmən topluluğunun yaşadığı və bu topluluğun çox mühüm bir hissəsinin yayda Sivasın (Türkiyə) cənub bölgələrinə və Uzun Yaylaya (Türkiyədə) getdiyi qeyd edilir. Bunlara Şamlu, Şam Türkləri və ya Şam Türkmənləri deyilirmiş. Tarixçinin eyni adlı əsərində bu tayfa haqqında belə yazılır: "…Səlçuqlular dövründən bəri Hələb-Antəp arasında qışlayan və Sivas-Gürün-Gəmərək arasında yaylayan Türkmən oymaqlarına Farsca tarixlərdə Ətrak-i Şam və ya Türkman-ı Şam, Türk xalqı arasında və Türkcə əsərlərdə də Şamlu deyilirdi. Osmanlı dövründə rəsmi sənədlərdə Hələb Türkmənləri deyilən Hələb-Antəp arasındakı topluluq başlıca Avşar (Afşar), Bəydili, İnallu, Harbəndəlu, Bayat kimi oymaqlara ayrılmışdı…".
Şamlı tayfası haqqında mərhum Türkiyəli professor Faruq Sümərin "Oğuzlar" kitabında da bəhs edilir. O, yazır: "…XIII əsrdə Suriyada qələbəlik bir türkmən elatı yaşayırdı. Bu elatın çox mühüm bir qismi yayda Sivasın cənub tərəflərinə və Uzun Yaylaya (Türkiyə – müəl.) çıxırdı. Bunlara Şamlu, Şam türkləri və ya Şam türkmənləri deyilirdi". Tədqiqatçının əsərində Şimali Suriya türkmənlərinin Səfəvi dövlətinin yaradılmasında Şamlı (Şamlu) adı altında iştirak etdikləri qeyd olunur. Faruq Sümər eyni adlı əsərində Şamlı boyu haqqında belə yazır: "…Şamlu yayda Sivasın güney (cənub – müəl.) tərəfində və Uzun Yaylada yaşayan, qışı Hələb bölgəsində keçirən türkmənlərin Bəydili, Xarbəndəlu, İnallu kimi oymaqların qollarından meydana gəlmişdir…". Müəllif Şamlı (Şamlu) boyu haqqında yazarkən eyni adlı əsərində daha sonra bunları qeyd edir: "…Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: Ustacalı-Ustahacılu (Səfəvi dövründə Ustaclu), Rumlu, Təkəlü, Zülqədər, Şamlu, Qaçar…".
Bu barədə professor Faruq Sümərin "Qaşqay" adlı əsərində də yazılır: "Bir çox boy və obadan meydana gəlmiş olan Qaşqay elinin bu boy və obaları arasında diqqəti çəkən tarixi boy və oymaqlar bunlardır: Bayat (Oğuz boyu), İğdü (Oğuz boyu), Beğ Dili (Oğuz boyu), Çarıhlu (Çarıklu-Oğuz boyu ?) Kaçarlu, Şamlu, Ağaç-Eri, (Qara Qoyunlulardan), Halac, Musullu (Ağ Qoyunlulardan), Oryad (Oryad Monqol ?)…". Bu fakta Azərbaycanlı tədqiqatçı Mirzə Bala Məmmədzadə|Mirzə Balanın (Məmmədzadə – müəl.) internetdə yayınlanmış "Qaşqay" adlı məqaləsində də rast gəlirik: "…Bəydililərin, Timur səfərlərini izləyərək, Suriyadan Azərbaycana dönən Şamlu Bəydililərdən bir qol olduğu sanılmaqdadır. Eyni təxmin Baharlular üçün də uyğun görülə bilər…".
Alim Vasif İsmayıloğlu 2002-ci ildə İstanbulda nəşr olunmuş "Bir gün xəstəxanada, kürtləşmiş Azərbaycan Türkləri" adlı kitabında Şamlı boyu haqqında belə yazır: "…Quzey (Şimali – müəl.) Azərbaycanın Şamlu, Ayrımlu kimi Türkmən boyları Güneydoğu (cənub-şərq – müəl.) Anadolunun Türkmənlərindən ikən Yavuz Sultan Səlim zamanında məzhəb fərqliliklərindən (Hənəfi və Cəfəri məzhəbləri nəzərdə tutulur – müəl.) doğan ixtilafla əlaqədar köç etmişlərdir".
Türkiyəli professor Əbdülxaluq M. Çayın internetdə yayınlanmış "Azərbaycan və Türklər" məqaləsində də bu barədə məlumat var: "…Qaraqoyunlular, Ağqoyunlular kimi Türkmən topluluqlarından sonra Anadoludan Azərbaycana gələn bu üçüncü böyük köçü təşkil edir. Bu Türkmən topluluqları arasında Sivas, Amasya, Tokat bölgəsindən gedən Ustacalu, Şamlu, Rumlu; Antalya bölgəsindən Təkəlü; Qaraman bölgəsindən Turqutlular və digərləri; Tarsus bölgəsindən Varsaqlar və Dulqədirlilər (Zulqədr)'i görürük". Türkiyəli yazıçı Nihad Çətinqayanın "Qızılbaş Türklər (tarixi yaranışı və inkişafı)" kitabında Şamlı (Şamlu) tayfası haqqında bəhs edir. O, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin "Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu" məqaləsinə istinadən belə yazır: "1576’da İskgəndər Münşi tərəfindən verilmiş buyruqlarda (sərəncam, tapşırıq – müəl.), Türk əsilli Qızılbaş aşirətlər, aşağıdakı kimi sıralanmışlardır: Samlu, Ustağlu, Türkmən, Rumlu, Dulkadir, Afşar, Kaçar, Təkəli və Hunuslu…". Professor Oqtay Əfəndiyevin "Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu" məqaləsində eyni fikrin davamı olaraq belə yazılır: "…1628 ilində eyni yazıçı tərəfindən verilən siyahıda Türk aşirətlərinin siyahısı da verilmişdir: Şamlu, Ustaoğlu, Dulkadir, Qaçar, Avşar, Türkmən, İspirli, Rumlu, Qaradağlı, Bayat, Alpaqut, Kazaklı, Qacirlı, Bayburtlu. Şamlulular; Bəydili, Abdili, Arabgirli, Nikaz qəbilələrinə bölünmüşlərdi…". Professor O. Əfəndiyev daha sonra eyni adlı əsərində Şamlı (Şamlu) boyu haqqında belə yazır: "…Bayat aşirətindən Oruc Bəy (İranın don Juanı), Qızılbaş aşirət qolları və ailələri ilə aşirətlərin hamısını göstərən bir siyahı verir. Bunlar içində ən önəmliləri olaraq Ustağlu, Samlu, Afşar, Türkmən, Bayat, Təkəli, Dulqadir, Kaçar, Qaramanlı, Bayburtlu, İspirli ve Baharlıdan təşkil olunmuş 32 ailə və aşirət yer almaqdadır…".
Türkiyənin Balıkəsir Universiteti tarix bölümünün dosenti Abdulməcid Mutaf bu sətirlərin müəllifinə yazdığı elektron məktubda (e-mail) bildirdiyinə görə dörd ailənin Suriyadan gələrək Balıkəsirdə (Türkiyə) yerləşdikləri ərazi onların mənsub olduqları tayfanın adı ilə Şamlı adlandırılmışdır. Bundan başqa internetdə verilmiş bir məlumatda yazılır ki, Türkiyənin Elazığ vilayətinin Ürünverən kəndində yaşayan Şamlı oymağına mənsub insanlar köklərinin Şamdan gələrək Elazığ vilayətinin kəndlərində və bir hissəsinin də Konya bölgəsində yerləşdiklərinə inanırlar. Yeri gəlmişkən, köklərinin Suriyadan gəldiyinə dair inam Qəbələ rayonundakı Şamlı kəndinin köklü sakinlərində də var. Yaşlıların söylədiklərinə görə Şamlı kəndi yerləşən ərazidə ilk dövrlərdə üç-dörd ailə yaşayırmış. Fikrimizcə, Balıkəsirdə olduğu kimi Qəbələdə də bu ərazi orada məskunlaşan insanların gəldikləri yerin (Şam-lı, yəni, Şamdan gələnlər) və ya mənsub olduqları tayfanın (Şamlı) adı ilə "Şamlı" adlandırılmışdır. Bəlkə də hazırda Qəbələnin Şamlı kəndində yaşayanların kökü Şamlı əmirlərinə qədər çatır. Yeri gəlmişkən qeyd edək ki, Şamlı kəndinin adı bəzən səhv olaraq Şamılı kimi yazılır.