Qarabulaq nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə

Qarabulaq nekropolu Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində yerləşir. Burada aşkar olunan qəbir abidəsi hədsiz dağıntıya məruz qaldığından, onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Skelet tamamilə dağılmışdır. Qəbirdən iki bütöv qab və gil qablara aid bir neçə parça əldə edilmişdir. Bütöv qablar qara rəngli küpə və qırmızı rəngli badyadan ibarətdir. Qara rəngli küpə tipli gil qab parçalarının üzəri cızma və basma ornamentlə naxışlanmışdır.

Erkən Dəmir dövrünün abidəsidir. Nekropol Maxta kəndindən şimal-şərqdə, Naxçıvan-Sədərək şose yolunun sağ tərəfində yerləşir. Nekropolun ərazisi 5 hektardan artıq sahəni əhatə edir. О, cənub tərəfdə iri suvarma kanalı ilə məhdudlaşır. Nekropol 1988-ci ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Bu zaman dağılmış qəbirlərdən gil qablar toplanmış və Şərur rayon tarix-diyarşünaslıq muzeyinə verilmişdir. Arxeoloji tapıntılar əsasən boz rəngdə bişirilmiş çaynik kasa və banka tipli gil qablardan ibarətdir. Onların gilinə narın qum qatılmış, yaxşı bişirilmişdir. 1988–1989-cu illərdə nekropolun ərazisində aparılan kəşfiyyat xarakterli tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Qarabulaq nekropolu kurqan tipli abidələrdən ibarətdir. Kurqanlar yer səthindən 1–1,5 m yüksəklikdədir. Kurqanlar konusvari formada olub oturacağı düzgün olmayan dairə şəklindədir. Onların diametri 3–5 m-dir. Kurqanlar bir-birindən xeyli aralıda yerləşir. 1989-cu ildə Qarabulaq nekropolundakı kurqanların biri Azərbaycan EA Tarix İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən tədqiq edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, kurqanların qəbir kameraları daş qutu tipli olub, divarları iri daşlardan hörülmüşdür. Qarabulaq nekropolundan aşkar edilmiş gil məmulatı Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrü abidələri üçün xarakterikdir. Aparılmış tədqiqatlara əsaslanaraq Qarabulaq nekropolunu e.ə. I minilliyin əvvəllərinə aid etmək olar.

İstinadlar

Kateqoriya:Füzuli abidələri Kateqoriya:Azərbaycan nekropolları