Viktoriya Luiza Adelhayd Matilda Şarlotta (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin qızı, Braunşveyq hersoginyası.
13 sentyabr 1892-ci ildə Potsdamdakı Mərmər sarayda dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelm, anası isə Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı Avqusta Viktoriyadır.22 oktyabrda Potsdamdakı Yeni sarayda vəftiz edildi və adını atasının ana-nənəsi Kraliça Viktoriyadan və ata-babasının nənəsi Meklenburq-Strelitzli Luizadan aldı.
Atasının yeganə qızı və ən kiçik övladı olduğu üçün ailənin sevimlisi idi. İngilis dayələrin nəzarətində təlim-tərbiyə edildi. 1911-ci ilin mayında valideynləriylə birgə Britaniyaya səyahət etdi və adını daşıdığı Kraliça Viktoriyanın Bukingem sarayı önündəki heykəlinin açılışında iştirak etdi.
1912-ci ildə son Hannover kralı V Georqun nəvəsi Ernest Avqust mərhum qardaşının cənazə mərasiminə qatılan vəliəhd-şahzadə Vilhelm və şahzadə Eytel Fridrixə təşəkkür etmək məqsədilə Berlin sarayını ziyarət etdi. Bu ziyarət əsnasında Viktoriya Luiza ilə tanış oldular və qısa zamanda cütlük bir-birinə aşiq oldu. Ancaq cütlüyün evlilik müzakirələri bəzi vərəsəlik məsələləri səbəbilə uzandı. Belə ki, Ernest Avqust Hannover sülaləsinə mənsub idi və vaxtilə ailəsinin hökmranlıq etdiyi Hannover krallığı Prussiya tərəfindən ilhaq edilmiş və ailəsi Avstriyaya sürgün olunmuşdu. Vəliəhd-şahzadə Vilhelm bacısının evliliyinə yalnız bir şərtlə razılıq verəcəyini bildirdi: Ernest Avqust Hannover taxtındakı hüququndan imtina etməli və qarşılığında Braunşveyq hersoqu ünvanı alacaqdı.
Nəhayət, cütlük 11 fevral 1913-cü ildə Karlsruedə nişanlandı. Toy mərasimləri isə 24 mayda Berlində baş tutdu. Beləcə, 1866-cı ildən bəri Hannover və Hohensollern sülalələri arasında davam edən gərginlik aradan qalxmış oldu. Toy mərasimi münasibətilə bir çox monarx ailəsi, eləcə də bəyin sürgündəki ailə fərdləri Berlinə dəvət olundu. Dəvətlilər arasında qısa zaman sonra bir-birinə müharibə elan edəcək qohumları rus çarı II Nikolay və Britaniya kralı V Corc da vardı.
Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Ernest Avqust (1914-1987) Georq Vilyam (1915-2006) Frederika Luiza (1917-1981) Kristian Oskar (1919-1981) Qulf Henri (1923-1997)
Birinci Dünya müharibəsinin ardından digər alman əsilzadələri kimi əri Ernest Avqust da bütün alman əsilzadə ünvanlarını itirdi. Ertəsi il isə müharibədə Almaniyanı dəstəkləməsi səbəbilə Britaniya əsilzadə ünvanlarından məhrum edildi. Bu səbəblə, 1923-cü ildə atasının vəfatından sonra Kumberland hersoqu ünvanını ala bilmədi. Beləcə, ömrünün qalan 30 ilini ailəsiylə birgə Avstriyanın və Almaniyanın müxtəlif şəhərlərində sakit həyat yaşadı.
1965-ci ildə "İmperatorun qızı kimi həyatım" () adlı avtobioqrafik əsərini dərc etdirdi. Ardından anasının və qardaşı arvadı olan son vəliəhd-şahzadə Sesilyanın bioqrafiyalarını dərc etdirdi.
13 sentyabr 1972-ci ildə 80-ci ad günü şənlikləri Braunşveyqdə təntənəli şəkildə qeyd olundu. Oğlu Georq Vilyam və xanımı şahzadə Sofiya, qızı Yunanıstan kraliçası Frederika, nəvəsi İspaniya vəliəhd-şahzadəsi Sofiya, digər nəvəsi Yunanıstan kralı II Konstantin və xanımı Anna-Mariya, nəticələri Aleksiya, Pavel və Nikolay dəvətlilər arasında idi.
13 sentyabr 1977-ci ildə 85-ci ad günü şənlikləri Braunşveyqdə təntənəli şəkildə qeyd olundu. Bu dəfəki qonaqlar arasında qardaşı oğlu Luiz Ferdinand, nəticələri İnfanta Kristina və İnfanta Elena da yer aldı.
11 dekabr 1980-ci ildə Hannoverdə vəfat etdi.
Mənbə
Ədəbiyyat
- Total pages: 544
İstinadlar
Kateqoriya:Almanlar Kateqoriya:Hannover sülaləsi Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:II Vilhelm Kateqoriya:Kraliçalar