Ataköy Galleria Ticarət Mərkəzi – İstanbulun Bakırköy ilçəsinin Ataköy məhəlləsində yerləşən ticarət mərkəzi. 1988-ci ildə açılmışdır və Türkiyənin ilk müasir ticarət mərkəzidir.
Tarixi 77.906 m² sahədə tikilmiş ticarət mərkəzinin açılışı 1 oktyabr 1988-ci ildə dövrün Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə açılmışdır. Tikilinin memarı Hayati Tabanlıoğlu olmuşdur. O, bu tikilini "Kapalıçarşının müasir dövrdəki təfsiri" adlandırmışdır. Ticarət mərkəzinin adı dizaynı üçün nümunə kimi istifadə olunmuş və Hyustonda yerləşən "The Galleria" ticarət mərkəzsindən götürülmüşdür. Tikili İnşaat Mühəndisləri Palatasının "50 ildə 50 əsər" siyahısına daxil edilmişdir.
2011-ci ildə ticarət mərkəzində 15 milyon dollarlıq yeniləmə işləri aparılmışdır. 2021-ci ildən ticarət mərkəzinin sökülüb yerində hotel və yaşayış binası tikilməsi planlaşdırılır.
Memarlığı Tikili altı hissədən ibarət quruluşa malikdir. Mərkəzində atrium yerləşən beşmərtəbəli bloka qərb tərəfdən üçmərtəbəli və uzun blok birləşir. Atriumun şərqində üçmərtəbəli iki blok yerləşir. Həmin blokların ətrafında isə sosial-əyləncə mərkəzi qurulmuşdur.
Birinci mərtəbədən olan girişlərdə atriuma və mağazalara daxil olmaq mümkündür. Yeraltı mərtəbədə isə tikilinin cənubunda yerləşən avtomobil dayanacağı fəaliyyət göstərir. Bütün ticarət mağazaları və restoranlar ikimərtəbəli blokun və atriumun ətrafında cəmlənmişdir. Orta hissədə isə açıq meydan yerləşir. Tikili dəmir-beton daşıyıcı konstruksiyaya malikdir. Atriumun damı isə fəza qəfəs konstruksiyası formasındadır. Atriumun üzərindəki piramida formalı, səkkizbucaqlı işıqlandırma örtükləri alüminium konstruksiya ilə təchiz edilmişdir.
Buz meydançası "Galleria" açıldıqdan sonra ticarət mərkəzinin simvoluna çevrilmiş buz meydançası istifadəyə verilmişdir. Buz meydançası 1989-cu ildə açılmış və ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən "Galleria Buz Pateni Pisti" şirkəti tərəfindən idarə olunurdu.
Bu buz meydançası İstanbulda kişilər, qadınlar və gənclər üzrə Türkiyə buz hokkeyi liqaları daxil olmaqla buz idman növü tədbirlərinə ev sahibliyi edirdi. 2010-cu ilin aprelində ticarət mərkəzinin direktoru restavrasiya layihəsi çərçivəsində yeni mağazalara yer ayırmaq üçün buz meydançasının bağlanacağını açıqlamışdır. Meydança 2010-cu ildə bağlanmış və ziyarətçilərin dincəldiyi boş bir sahəyə çevrilmişdir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1988-ci ildə tamamlanmış binalar və tikililər