Angela Mariya "Geli" Raubal () — Adolf Hitlerin ögey bacısı qızı. Avstriya-Macarıstanın Lins şəhərində anadan olmuş Geli, Leo Raubal ilə Hitlerin ögey bacısı Angela Raubalın ikinci övladı və ən böyük qızları idi. Geli 1925-ci ildən 1931-ci ildə baş verdiyi ehtimal olunan intiharına qədər ögey dayısı Adolfla yaxın təmasda yaşamışdı.
Həyatı Angela Mariya "Geli" Raubal 1908-ci il iyunun 4-də Avstriya-Macarıstanın Lins şəhərində anadan olmuş və orada qardaşı Leo və bacısı Elfride ilə birlikdə böyümüşdür. Gelinin iki yaşı olanda atası 31 yaşında vəfat etdi. 1925-ci ildə o, bacısı Elfride ilə Hitlerin ev işlərinə baxmağa başlayan analarının qaldığı Hitlerin mənzilinə köçdülər. Geli o zamanlar 17 yaşında idi və növbəti altı ili ondan 19 yaş böyük olan ögey dayısı ilə yaxın təmasda keçirdi. 1928-ci ildə anasına Berxtesqaden yaxınlığındakı Berqxofda ev işləri ilə məşğul olan yardımçı qadın vəzifəsi verildi. Geli 1929-cu ildə Münxen Lüdviq-Maksimilian Universitetinin tibb fakültəsinə daxil olanda Hitlerin Münhendəki mənzilinə köçdü, lakin təhsilini başa vurmadı.
Hitler Nasist Partiyasının lideri kimi hakimiyyətdə yüksəldikcə Gelinin üzərində hökmranlıq edir və onu sahiblənmək istəyirdi; onu nəzarətdə saxlayır, hərəkətlərini və sosial əlaqələrini məhdudlaşdırırdı. 1927-ci ilin dekabrında öz sürücüsü Emil Moris ilə Gelinin münasibətdə olduğunu aşkar edən Hitler Gelini bu münasibətə son qoymağa məcbur etmiş, Morisi isə işdən çıxarmışdı. Bundan sonra o, Gelinin dostları ilə ünsiyyət qurmasına icazə vermədi və həmişə özünün və ya etibar etdiyi birinin onun yanında olmasına çalışdı; Hitler alış-veriş zamanı, kinoteatra və operaya gedərkən Geliyə yoldaşlıq edirdi.
Ölümü Geli Hitlerin Münhendəki mənzilində yaşayırdı və Hitler onun hərəkətlərinə ciddi nəzarət edirdi. Əslində o, məhbus kimi idi və nəğmə dərslərini davam etdirmək üçün Vyanaya qaçmağı planlaşdırırdı. Anası müharibədən sonra dindirmə aparanlara demişdi ki, Hitler qızının Linsdən olan, ərə getməyi ümid etdiyi bir kişi ilə münasibətini davam etdirməsini qadağan etmişdi. Hitler və Geli 1931-ci il sentyabrın 18-də mübahisə etdilər: Hitler onun Vyanaya getməsinə icazə verməkdən imtina etmişdi. Hitler Nürnberqdəki görüşə yola düşdü, lakin ertəsi gün Gelinin ağciyərinə güllə yarası nəticəsində öldüyü xəbərini eşidib Münhenə geri çağırıldı; görünür, Geli Hitlerin Münhendəki mənzilində Hitlerin Valter tapançası ilə özünü vurmuşdu. Onun cəmi 23 yaşı var idi.
Mediada dərhal fiziki zorakılıq, ehtimal olunan cinsi münasibət, Gelinin dayısına vurulması və hətta qətl barədə şayiələr yayılmağa başladı. "Münchener Post" qəzeti ölən qadının burnunun sındığını yazdı. Hitlerin siyasi rəqibi Otto Ştrasser daha sensasiyalı hekayələrin bəzilərinin mənbəyi idi. Tarixçi Yan Kerşou hesab edir ki, "fəal cinsi xarakter daşıyıb-daşımamasından asılı olmayaraq, Hitlerin Geliyə münasibətində güclü, ən azından gizli cinsi bağlılığın bütün əlamətləri var." Polis cinayət ehtimalını istisna etdi və ölüm intihar kimi qiymətləndirildi. Hitler sarsıldı və təsvir edildiyinə görə, dərin depressiyaya düşdü. O, Tegernze gölünün sahilindəki bir evə köçdü və sentyabrın 24-də Vyanada keçirilən dəfn mərasimində iştirak etmədi. İki gün sonra Vyana Mərkəzi Qəbiristanlığında Gelinin qəbrini ziyarət edən Hitlerin yalnız bundan sonra depressiyanı aşdığı və yenidən siyasətə yönəldiyi deyilir.
Amerikalı jurnalist Vilyam Şayrer bildirmişdir ki, Hitler sonradan Geli Raubalın həyatında sevdiyi yeganə qadın olduğunu bəyan edib. Gelinin Haus Vaxenfelddəki otağı o, necə qoyub getmişdisə, elə də saxlanıldı və Hitler onun portretlərini həm orada, həm də Berlindəki Reyx Kanslerliyində öz otağında asdı.
İkinci Dünya müharibəsi zamanı və sonrakı illərdə bu hadisə ilə bağlı əlavə ittihamlar ortaya çıxdı. Otto Ştrasser 1943-cü ildə Hitlerlə yolları ayırdıqdan sonra ABŞ Strateji Xidmətlər İdarəsinə bildirdi ki, Geli Raubal ona 1931-ci ildə Hitler tərəfindən cinsi zorakılığa məruz qaldığını danışmışdı və iddia etdi ki, Hitler Gelini sidiklə bağlı cinsi fetişlərə məruz qoymuşdu. Ştrasser həmçinin iddia edirdi ki, Geli Raubalın dəfninə rəhbərlik edən keşiş onun ölümünün intihar olmadığı fikrində idi. Jurnalist Konrad Heyden 1944-cü ildə nəşr olunan "Der Fuehrer" kitabında anonim mənbələrə istinad edərək bildirirdi ki, Hitler 1929-cu ildə Raubala yazdığı və yanlış əllərə düşən cinsi məzmunlu məktub üzündən şantaja məruz qalmışdı; bu, Hitlerin yaxın çevrəsini məktubun geri qaytarılması üçün böyük məbləğdə pul ödəməyə məcbur etmişdi. Hitlerin yaxın əməkdaşı Ernst Hanfştenql 1957-ci ildə nəşr etdiyi xatirələrində oxşar məsələdən bəhs edirdi, lakin o, hadisənin 1930-cu ildə baş verdiyini və şantajın predmetinin Gelinin pornoqrafik eskizlərindən ibarət bir qovluq olduğunu bildirirdi. Hanfştenqlın sözlərinə görə, o, bu eskizləri nasistlərin xəzinədarı Frans Ksaver Şvarsın əlində görmüşdü; Şvars onları şantajçıdan satın almış və qorunub saxlanılması üçün Qəhvəyi evə aparırdı. Tarixçilər bu iddiaları mübahisələndirmişlər; məsələn, Rudolf Binion hesab edir ki, Hayden və Hanfştenql kitablarını satmaq üçün hadisələri şişirtmiş, Ştrasser isə Hitlerin düşməni olduğu üçün etibarsız şahid idi. Digər tərəfdən, Robert C.L.Veyt Ştrasserin ifadəsini Hitlerin "cinsi pozğunluğu"nun inandırıcı sübutu hesab edir.
Adolf Hitlerin ögey qardaşı Alois Hitlerin oğlu Vilyam Stüart-Hyustonun sözlərinə görə: "1931-ci ildə Berlinə səfər edəndə ailə çətin vəziyyətdə idi. ... Hamı bilirdi ki, Hitlerlə o, çoxdan yaxın münasibətdə olub və o, uşaq gözləyirdi – bu isə Hitleri qəzəbləndirmişdi."
Ron Rozenbaum 1992-ci ildə "Vanity Fair" jurnalında dərc olunan məqaləsində bir neçə nəzəriyyəni araşdırırdı; onların arasında Hitlerin mübahisə zamanı Raubalı qəsdən və ya təsadüfən güllələyib öldürməsi və ya onun Hitlerin əmri ilə öldürülməsi barədə fərziyyələr də var idi.
Tarixçi Harald Zandner 2026-cı ildə aşkar etmişdi ki, Geli Raubalın ölüm şəhadətnaməsində onun cəsədinin tapılması sentyabrın 18-i səhər saatları kimi göstərilib; bu, rəsmi versiyadan 24 saat əvvəldir və onun ölümünün Hitler hələ şəhərdə olarkən baş verdiyini göstərir. Zandner iddia edirdi ki, bu, Geli Raubalın ölümü barədə rəsmi hekayəyə şübhə yaradır; bu səbəbdən o, Münhen polisinin Hitleri qorumaq üçün həqiqəti gizlətdiyini ehtimal edirdi. Zandnerin iddialarını hitlerşünas Hayke Görtemaker tənqid etmişdi; o, uyğunsuzluğun sadəcə texniki kargüzarlıq səhvi olduğunu iddia edərək qeyd edirdi ki, Raubalın cəsədinin tapılmasının şahidi olan səkkiz şahidin hamısı bunun sentyabrın 19-da baş verdiyini bildirib. Görtemaker həmçinin Münhen polisinin Hitleri qorumaq üçün sui-qəsd hekayəsi uydurduğu fikrinə şübhə ilə yanaşır və iddia edirdi ki, Hitlerin əleyhdarı olan yerli polis rəisi onu həbs etmək üçün istənilən imkandan istifadə edərdi.
Həmçinin bax Hitler ailəsi
Qeydlər
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:Avstriya şəxsləri