İkmə dağı () — Səudiyyə Ərəbistanında dağ. Əl-Ula şəhərindən üç kilometr şimal-qərbdə yerləşir. Sıldırım qayalarında və daş üzlüklərində əsasən Dadan və Lihyan dövrlərinə aid yüzlərlə yazı və həkk olunmuş təsvirlər saxlanıldığı üçün Səudiyyə Ərəbistanının açıq səma altındakı kitabxanası hesab olunur. Bu yazılar müxtəlif tarixi dövrlərdə bölgənin tarixini və buradakı həyatı əks etdirir, həmçinin Ərəbistan yarımadasında və Şərqdə uzun bir tarixi dövr ərzində çiçəklənən Lihyan sivilizasiyasını sənədləşdirən vacib bir salnamə sayılır.
Səudiyyə Ərəbistanının Mədəniyyət naziri Bədr bin Əbdullah bin Fərhan Əl-Səud 24 may 2023-cü ildə İkmə dağının YUNESKO-nun "Dünya Yaddaşı" reyestrinə daxil edildiyini elan etmişdir.
Əhəmiyyəti İkmə dağı bölgəsindəki yazı, həkk olunmuş mətnlər və təsvirlərin əhəmiyyəti onların tarixi və mədəniyyət salnaməsi olmasındadır. Məzmunca əsasən şəxsi məsələlərə toxunmalarına baxmayaraq, bu yazılar Lihyan padşahığı, onun sivilizasiyası, qədim ərəb-lihyan cəmiyyəti, mənəvi və məişət şəraiti, habelə qurbanlar, nəzirlər, zəkat və məbudlara həcc ziyarətlərini əhatə edən dini həyat barədə vacib məlumatlar verir. Eyni zamanda cəmiyyəti idarə edən qanunlar və qaydalar haqqında zəngin faktlar təqdim edir.
Bu mətnlər iqtisadi vəziyyət, vergi və xərac sistemləri, lihyanlıların Ərəbistan yarımadasındakı qonşuları ilə ticarət və siyasi əlaqələri barədə təsəvvür yaradır. Onların sayəsində bir çox şəxsiyyətlərin, ilahların və hökmdarların adları müəyyən edilmişdir. Yazıların ən mühüm xüsusiyyətlərindən biri bəzilərinin Lihyan padşahlarının hakimiyyət illəri ilə tarixləndirilməsidir; bu da Lihyan padşahlığı hakimiyyətin xronoloji ardıcıllığını bərpa etməyə və hərflərin formaları vasitəsilə yazının inkişaf mərhələlərini izləməyə imkan vermişdir. Yazılar həmçinin əsasən mübadilə sisteminə əsaslanan alqı-satqı kimi ticarət əməliyyatlarını aşkara çıxarmışdır. Qayaüstü təsvirlər və mətnlər əyləncədən xali olmayan sosial həyatın mövcudluğunu da göstərir; belə ki, lihyanlıların günümüzdə məlum olan simsimiyyə kimi simli alətlərdə, təbillərdə və tütəklərdə çalmaq sənətinə bələd olduqları anlaşılır. Bu alətlər Cəbəl İkmənin qaya üzlüklərindən birində müxtəlif forma və ölçülərdə həkk olunmuş halda tapılmışdır.
İkmə dağındakı yazılar, eləcə də digər ərazilərdəki mətnlər lihyanlıların sivilizasiya səviyyəsini, metal tökmə və həkkaklıq kimi zərif peşə və sənətlərə bələd olduqlarını nümayiş etdirir.
İstinadlar
Kateqoriya:Mədinə Kateqoriya:Səudiyyə Ərəbistanı dağları