Əflan Muğan və ya Əflan Zeynal () — azərbaycanlı zabit, müəllim və siyasi mühacir, "Azərbaycanı Tanıtma Dərnəyi"nin sədri.
Mərkəzi Beynəlmiləl Texnikumda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. İkinci Dünya müharibəsi zamanı Tiflis Piyada Hərbi Məktəbində ehtiyat zabit kursunu bitirərək Sevastopol cəbhəsinə göndərilib. 1942-ci ildə alman qoşunlarına əsir düşüb, daha sonra Türküstan və Qafqaz Müsəlman legionlarında xidmət edib, bölük və tabor komandiri olub. 1943-cü ildə Berlində keçirilən Milli Azərbaycan Qurultayında iştirak edib.
1945-ci ilin aprel ayında rəhbərlik etdiyi taborla birlikdə İsveçrəyə keçib. Burada azərbaycanlı hərbi əsirlərin Sovet İttifaqına təhvil verilməməsi və Türkiyəyə köçürülməsi üçün fəaliyyət göstərib. 1948-ci ildə Türkiyəyə mühacirət edərək həmin il ölkənin vətəndaşlığını qəbul edib və "Muğan" soyadını götürüb.
Türkiyədə bank və sənaye müəssisələrində çalışmaqla yanaşı, Azərbaycan mühacir təşkilatlarının fəaliyyətinə qoşulub. "Azəri Qardaşlar Yardımlaşma Dərnəyi"nin idarə heyətinə seçilib, "Azərbaycanı Tanıtma Dərnəyi"nin yaradılmasında iştirak edib və 1967-ci ildə onun sədri olub.
Həyatı
İlk illəri və təhsili Əflan Məşədi Yekan oğlu Zeynalov 1918-ci il oktyabrın 16-da Axtaçı Muğan kəndində anadan olub. Orta təhsilini Güdəcühür və Həşimxanlı kənlərində alıb. Daha sonra M. Ə. Sabir adına Mərkəzi Beynəlmiləl Texnikumunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib.
İnstitutu bitirdikdən sonra Şamaxının Bağırlı kəndində fizika-riyaziyyat müəllimi işləyib. Ardınca Axtaçı-Muğana qayıdaraq kənd orta məktəbində tədris işləri üzrə müdir və fizika-riyaziyyat müəllimi kimi çalışıb.
İkinci Dünya müharibəsində İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ildə Tiflis Piyada Hərbi Məktəbinin altıaylıq ehtiyat zabit kursuna daxil olub. Kursu başa vurduqdan sonra, 1942-ci ildə leytenant rütbəsi ilə Sevastopol cəbhəsinə göndərilib. Həmin il iyulun 1-də bölüyü ilə birlikdə alman qoşunlarına əsir düşüb.234x234px|left|framelessAğməsciddəki əsir düşərgəsinə yerləşdirilib. Daha sonra Sovet İttifaqına qarşı döyüşmək üçün təşkil olunan Türküstan legionuna qoşulub və Buxenvald həbs düşərgəsində hərbi təlim keçib. 1943-cü ildə Qafqaz Müsəlman legionuna göndərilib. Həmin ilin aprelində Berdyansk şəhəri yaxınlığında dörd millətin nümayəndələrindən yaradılan Qafqaz taborunun azərbaycanlılardan ibarət bölüyünə komandir təyin olunub. Noyabrın 6–11-də Berlində keçirilən Milli Azərbaycan Qurultayında iştirak edib.
1944-cü ilin əvvəllərində Polşada yaradılan Müsəlman diviziyasında bölük komandiri kimi xidmət edib. Müharibə dövründə müxtəlif medallarla təltif olunub. Sonradan Krım tatarlarından ibarət I tabora rəhbərlik edib.
1944-cü ilin dekabrında SS-in tərkibində fəaliyyət göstərən Şərqi Türküstan hərbi birliyinin komandiri Harun Əl-Rəşid bəy tərəfindən Berlinə göndərilib. Dekabrın 29-da Əbdürrəhman bəy Fətəlibəyli ilə görüşüb və sonrakı dövrdə də onu dəstəkləyib.
Almanların Şərq cəbhəsindəki məğlubiyyətdən sonra, 1945-ci ilin fevralında taboru ilə birlikdə İtaliyaya göndərilib. Aprelin 20-də İtaliya dağlarını aşaraq İsveçrəyə keçib və taboru ilə birlikdə bu neytral ölkənin hakimiyyət orqanlarına təslim olub. Qrup İtaliya ilə sərhəddə, Qraubünden kantonunda yerləşən Kampokoloniyo yaşayış məntəqəsinə daxil olub. Engadin bölgəsinin hərbi komendantlığının məlumatına görə, Əflan Muğanın rəhbərlik etdiyi taborun 307 üzvündən 7-si polyak, 30–35-i tatar, 265–270-i isə azərbaycanlı olub. Alman ordusunda son rütbəsi hauptşturmfürer olub.
Mühacirətdə İsveçrədə düşərgəyə yerləşdirilən azərbaycanlı hərbi əsirlərdən ibarət qrupa rəhbərlik edib və onların Sovet İttifaqına təhvil verilməsinin qarşısını almağa çalışıb. 1945-ci il avqustun 13-də Bern kantonunun Kilsə İdarəsinə ünvanladığı məktubda azərbaycanlıların geri qaytarılacaqları təqdirdə hamısının öldürüləcəyini bildirib. Məktubda onların antikommunist olduqlarını, kommunist rejimi və ordudakı qətllərlə razılaşmadıqları üçün Sovet İttifaqına qarşı döyüşən tərəfə keçdiklərini qeyd edib.
1947-ci ildən İsveçrədə saxlanılan azərbaycanlıların nümayəndəsi kimi onların Türkiyəyə köçürülməsi ilə bağlı Türkiyə hakimiyyət orqanları ilə əlaqə saxlayıb. Bununla belə, İsveçrədə iş tapan və ya ailə quran bəzi azərbaycanlı əsirlər ölkədə qalmağa üstünlük veriblər.
1948-ci il iyunun 4-də 205 azərbaycanlı hərbi əsirdən, 18 qadından və 7 uşaqdan ibarət qrup Genuyaya göndərilib. Buradan "İstanbul" gəmisi ilə yola çıxan qrup iyunun 9-da Türkiyəyə çatıb.
Əflan bəy 1948-ci il noyabrın 19-da Türkiyə vətəndaşlığını qəbul edib. Özünə "Muğan" soyadı götürüb. Hökumətin qaçqınlara yaratdığı imkanlardan yararlanaraq imtahan verib, ibtidai təhsildən ali təhsilədək bütün diplomlarını təsdiqlədib.
"YapıKredi" bankının Bahçekapı mərkəzində, daha sonra isə müxtəlif iş yerlərində çalışıb. 1956–1959-cu illərdə "Makine Kimya Endüstri Kurumu"nda, 1959–1983-cü illərdə isə Ankara Silah Fabrikində işləyib. Fabrikdə müxtəlif vəzifələr tutub və 1983-cü ildə Anbarlar və ehtiyatlar şöbəsinin müdiri vəzifəsindən təqaüdə çıxıb.
1951-ci ilin noyabrında Almaniyanın Visbaden şəhərində imzalanan Visbaden bəyannaməsinə qarşı çıxıb. 1952-ci il dekabrın 28-də keçirilən qurultayda "Azəri Qardaşlar Yardımlaşma Dərnəyi"nin idarə heyətinə seçilib.
1965-ci il martın 15-də Ankarada yaradılan "Azərbaycanı Tanıtma Dərnəyi"nin 15 qurucu üzvündən biri olub. 1967-ci il mayın 27-də dərnəyin sədri seçilib.
Əflan Muğan 1997-ci il mayın 13-də Ankarada vəfat edib. Kocatepe məscidində qılınan cənazə namazından sonra Karşıyaka qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Məhəmməd Kəngərli, Cəmil Ünal, Əhməd Qaraca, Fəxrəddin Gülseven və Yaşar Demirbulak iştirak ediblər.
Ailəsi Atası Məşhədi Yekan, anası Səyyarə xanım olub. İlk dəfə Axtaçı-Muğan kəndində yaşadığı dövrdə ailə qurub.
Türkiyəyə köçdükdən sonra yenidən evlənib. Bu nikahdan 1951-ci ildə Azər, 1952-ci ildə isə Baycan adlı oğulları dünyaya gəlib. Həyat yoldaşından ayrıldıqdan sonra Nərmin Hüseyn Nazım qızı ilə ailə qurub. Nərmin xanım 2017-ci ildə Ankarada vəfat edib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətənə gələrək burada yaşayan qızı ilə görüşüb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər