Eksperimental fizika — fizika sahəsində fiziki hadisələrin müşahidəsi və eksperimentlərlə məşğul olan fənlərin və altfənlərin məcmusudur. Metodlar bir sahədən digərinə dəyişir: Qalileo Qalileyin apardığı sadə təcrübə və müşahidələrdən tutmuş Böyük Adron Kollayderi kimi mürəkkəb qurğulardan istifadə edilən eksperimentlərə qədər.
İcmal
Eksperimental fizika verilənlərin əldə edilməsi, onların toplanması üsulları, eləcə də laboratoriya eksperimentlərinin ətraflı konseptuallaşdırılması və həyata keçirilməsi ilə məşğul olan fizika sahəsidir. Bu sahə sadə düşüncə eksperimentlərindən kənara çıxaraq praktiki təcrübələri əhatə edir. Eksperimental fizika çox vaxt empirik verilənlərin toplanmasından daha çox təbiətin fiziki davranışını proqnozlaşdırmaq və izah etməklə məşğul olan nəzəri fizika ilə müqayisə edilir.
Eksperimental və nəzəri fizika təbiətin müxtəlif aspektlərini araşdırsalar da, hər ikisinin məqsədi onu anlamaqdır və bu sahələr arasında qarşılıqlı asılılıq mövcuddur. Eksperimental fizika kainat haqqında verilənlər əldə edir və bu verilənlər sonradan təhlil edilərək izah olunur. Nəzəri fizika isə həmin verilənlərə izah verir və onların daha yaxşı əldə edilməsi, eləcə də eksperimentlərin qurulması yollarını müəyyənləşdirməyə kömək edir. Bundan əlavə, nəzəri fizika kainatı daha dərindən anlamaq üçün hansı verilənlərin lazım olduğunu və onları əldə etmək məqsədilə hansı eksperimentlərin aparılmalı olduğunu müəyyənləşdirməyə kömək edə bilər.
Fizikanın eksperimental və nəzəri aspektləri arasındakı gərginliyi Ceyms Klerk Maksvell belə ifadə etmişdir: “Nəzəri hazırlığımızın praktika ilə əlaqəsini qurmağa çalışana qədər Faradeyin ‘zehni ətalət’ adlandırdığı hadisənin tam təsirini hiss etmirik. Bu, qarşımızdakı konkret obyektlər arasında kitablardan öyrəndiyimiz mücərrəd əlaqəni tanımaq çətinliyi ilə yanaşı, diqqətimizi simvollardan obyektlərə, sonra isə yenidən obyektlərdən simvollara yönəltməyin yaratdığı narahatlığı da əhatə edir. Bununla belə, yeni ideyalar əldə etmək üçün ödəməli olduğumuz qiymət budur”.
James Clerk Maxwell, “Introductory Lecture on Experimental Physics”, The Scientific Papers of James Clerk Maxwell (1890), cild 2.
Tarix Müstəqil sahə kimi eksperimental fizika erkən müasir Avropada, Elmi inqilab dövründə Qalileo Qaliley, Kristian Hüygens, İohann Kepler, Blez Paskal və ser İsaak Nyuton kimi fiziklərin fəaliyyəti nəticəsində formalaşmışdır. XVII əsrin əvvəllərində Qaliley fiziki nəzəriyyələri yoxlamaq üçün eksperimentlərdən geniş istifadə edirdi. Bu, müasir elmi metodun əsas prinsiplərindən biridir. Qaliley dinamika sahəsində bir sıra nəticələr formalaşdırmış və onları uğurla sınaqdan keçirmişdir. Bunlara sonradan Nyutonun hərəkət qanunlarının birinci qanununa çevrilən ətalət qanunu da daxildir. Qalileyin İki yeni elm haqqında mülahizələr və riyazi nümayişlər əsərində Simpliçio və Salviati adlı personajlar gəminin hərəkətini və hərəkət edən istinad sistemini müzakirə edirlər. Onlar gəminin yükünün gəminin hərəkətindən asılı olmaması məsələsinə toxunurlar. Hüygens isə impulsun saxlanması qanununun ilkin formasını izah etmək üçün Hollandiya kanalında hərəkət edən qayıqdan nümunə kimi istifadə etmişdir.
Eksperimental fizikanın inkişafının mühüm mərhələsi ser İsaak Nyutonun 1687-ci ildə nəşr olunan Philosophiæ Naturalis Principia Mathematica əsəri hesab edilir. Nyuton bu əsərində iki əhatəli və eksperimentlərlə yaxşı uzlaşan fiziki qanunu təqdim etmişdir: klassik mexanikanın əsasını təşkil edən Nyutonun hərəkət qanunları və cazibənin fundamental qarşılıqlı təsirini təsvir edən ümumdünya cazibə qanunu. Principia əsərində hidrodinamika ilə bağlı bir sıra nəzəriyyələr də yer almışdır.
XVII əsrin sonlarından etibarən termodinamika fizik və kimyaçı Robert Boyl, Tomas Yanq və bir çox başqa alimlərin fəaliyyəti nəticəsində inkişaf etmişdir. 1733-cü ildə Daniel Bernulli klassik mexanikanı statistik mülahizələrlə birləşdirərək termodinamik nəticələr əldə etmiş və bununla statistik mexanika sahəsinin əsasını qoymuşdur. 1798-ci ildə Bencamin Tompson (Reymford qrafı) mexaniki işin istiliyə çevrilməsini nümayiş etdirmişdir. 1847-ci ildə isə Ceyms Preskott Coul enerjinin saxlanması qanununu həm istilik, həm də mexaniki enerji formasında ifadə etmişdir. XIX əsrdə Lüdviq Boltsman statistik mexanikanın müasir formasının yaradılmasında mühüm rol oynamışdır.
Klassik mexanika və termodinamika ilə yanaşı, fizikanın digər mühüm eksperimental tədqiqat sahəsi elektrikin təbiəti olmuşdur. XVII və XVIII əsrlərdə Robert Boyl, Stiven Qrey və Bencamin Franklin kimi alimlərin müşahidələri sonrakı tədqiqatların əsasını qoymuşdur. Bu müşahidələr elektrik yükü və elektrik cərəyanı haqqında ilkin anlayışların formalaşmasına da kömək etmişdir. 1808-ci ildə Con Dalton müxtəlif elementlərin atomlarının fərqli kütlələrə malik olduğunu müəyyənləşdirmiş və müasir atom nəzəriyyəsini irəli sürmüşdür.
Elektrik və maqnetizm arasında əlaqəni ilk dəfə Hans Kristian Ersted irəli sürmüşdür. O, yaxınlıqda yerləşən elektrik cərəyanının kompas əqrəbini yayındırdığını müşahidə etmişdir. 1830-cu illərin əvvəllərində Maykl Faradey maqnit sahələrinin və elektrik hadisələrinin qarşılıqlı şəkildə yaradıla bildiyini nümayiş etdirmişdir. 1864-cü ildə Ceyms Klerk Maksvell Kral Cəmiyyətinə elektrik və maqnetizm arasındakı əlaqəni təsvir edən tənliklər sistemini təqdim etmişdir. Maksvell tənlikləri işıqın elektromaqnit dalğası olduğunu da düzgün proqnozlaşdırmışdır. Astronomiyadan başlayan təbiət fəlsəfəsi tədqiqatları sonrakı əsrlərdə formalaşdırılan və təkmilləşdirilən fundamental fizika qanunlarının yaranmasına gətirib çıxarmışdır. XIX əsrə qədər elmlər ixtisaslaşmış tədqiqatçıların çalışdığı müxtəlif sahələrə bölünmüş, fizika isə məntiqi baxımdan mühüm mövqeyini qorusa da, bütün elmi tədqiqat sahələrinə müstəsna sahiblik iddiasını itirmişdir.
Müasir eksperimentlər
Eksperimental fizikanın tanınmış layihələrinə aşağıdakılar daxildir:
Relyativistik Ağır İon Kollayderi — qızıl ionları kimi ağır ionları (ilk ağır ion kollayderi) və protonları toqquşdurur. ABŞ-ın Lonq-Aylend adasında yerləşən Brukhaven Milli Laboratoriyasında fəaliyyət göstərir. HERA — elektronları və ya pozitronları protonlarla toqquşdurur. Almaniyanın Hamburq şəhərində yerləşən DESY tədqiqat mərkəzinin bir hissəsidir. BAK — Böyük Adron Kollayderi 2008-ci ildə tikinti baxımından tamamlanmış, lakin bir sıra gecikmələrlə üzləşmişdir. Kollayder 2008-ci ildə fəaliyyətə başlamış, lakin texniki xidmət üçün 2009-cu ilin yayına qədər dayandırılmışdır. Tamamlandıqdan sonra dünyanın ən yüksək enerjili hissəcik kollayderi olmuşdur. O, CERN-də, Cenevrə yaxınlığında, Fransa–İsveçrə sərhədində yerləşir. Kollayder ilkin plandan bir il yarım gec — 29 mart 2010-cu ildə tam fəaliyyətə başlamışdır. LIGO — Lazer İnterferometrik Qravitasiya-Dalğa Rəsədxanası kosmik qravitasiya dalğalarını aşkar etmək və qravitasiya-dalğa müşahidələrini astronomik vasitə kimi inkişaf etdirmək məqsədi daşıyan genişmiqyaslı fizika eksperimenti və rəsədxanadır. Hazırda iki LIGO rəsədxanası mövcuddur: Luiziana ştatının Livinqston şəhərindəki LIGO Livinqston Rəsədxanası və Vaşinqton ştatının Riçlend şəhəri yaxınlığındakı LIGO Hanford Rəsədxanası. JWST — Ceyms Uebb Kosmik Teleskopu 2021-ci ildə orbitə buraxılmışdır. O, Habbl Kosmik Teleskopunu əvəz etmək üçün nəzərdə tutulmuşdur və səmanı infraqırmızı diapazonda müşahidə edir. JWST-nin əsas məqsədləri kainatın ilkin mərhələlərini, qalaktikaların yaranmasını, ulduz və planetlərin formalaşmasını, eləcə də həyatın mənşəyini anlamaqdır.
Metod
Eksperimental fizikada eksperimental tədqiqatın iki əsas metodundan istifadə olunur: nəzarət olunan eksperimentlər və təbii eksperimentlər. Nəzarət olunan eksperimentlər çox vaxt laboratoriyalarda aparılır, çünki laboratoriyalar idarə olunan mühit təmin edə bilir. Təbii eksperimentlər isə, məsələn, astrofizikada göy cisimləri müşahidə edilərkən tətbiq olunur. Belə hallarda təsir göstərən dəyişənlərə nəzarət etmək mümkün olmur.
Məşhur eksperimentlər
Məşhur eksperimentlərə aşağıdakılar daxildir:
Bell sınaq eksperimentləri Kavendiş eksperimenti Çikaqo-1 nüvə reaktoru Kovan–Rayns neytrino eksperimenti Devison–Cermer eksperimenti Gecikmiş seçimli kvant silgisi İki yarıq eksperimenti Eddinqton eksperimenti Eötvös eksperimenti Fizo eksperimenti Fuko rəqqası Frank–Herts eksperimenti Heyger–Marsden eksperimenti Gravity Probe A və Gravity Probe B Hafele–Kiting eksperimenti Homesteyk eksperimenti Çərpələng eksperimenti Yağ damcısı eksperimenti Maykelson–Morli eksperimenti Römerin işıq sürətini müəyyənləşdirməsi Ştern–Gerlax eksperimenti Torriçelli eksperimenti Vu eksperimenti
Eksperimental texnikalar Tanınmış eksperimental texnikalara aşağıdakılar daxildir:
Kristalloqrafiya Ellipsometriya Faradey qəfəsi İnterferometriya NMR Lazerlə soyutma Lazer spektroskopiyası Raman spektroskopiyası Siqnal emalı Spektroskopiya STM Vakuum texnikası Rentgen spektroskopiyası Qeyri-elastik neytron səpilməsi
Tanınmış eksperimental fiziklər Tanınmış eksperimental fiziklərə aşağıdakılar daxildir:
Arximed (e.ə. təqribən 287 – e.ə. təqribən 212) İbn əl-Heysəm (965–1039) Əbu Reyhan Biruni (973–1043) Əl-Xazini (fəaliyyəti 1115–1130) Qalileo Qaliley (1564–1642) Evangelista Torriçelli (1608–1647) Robert Boyl (1627–1691) Kristian Hüygens (1629–1695) Robert Huk (1635–1703) İsaak Nyuton (1643–1727) Ole Römer (1644–1710) Stiven Qrey (1666–1736) Daniel Bernulli (1700–1782) Bencamin Franklin (1706–1790) Laura Bassi (1711–1778) Henri Kavendiş (1731–1810) Cozef Pristli (1733–1804) Uilyam Herşel (1738–1822) Alessandro Volta (1745–1827) Pyer-Simon Laplas (1749–1827) Bencamin Tompson (1753–1814) Con Dalton (1766–1844) Tomas Yanq (1773–1829) Karl Fridrix Qauss (1777–1855) Hans Kristian Ersted (1777–1851) Hamfri Devi (1778–1829) Oqüstən-Jan Frenel (1788–1827) Maykl Faradey (1791–1867) Ceyms Preskott Coul (1818–1889) Vilyam Tomson, lord Kelvin (1824–1907) Ceyms Klerk Maksvell (1831–1879) Ernst Max (1838–1916) Con Uilyam Stratt (3-cü Reyli baronu) (1842–1919) Vilhelm Rentgen (1845–1923) Karl Ferdinand Braun (1850–1918) Anri Bekkerel (1852–1908) Albert Abraham Maykelson (1852–1931) Heyke Kamerlinq-Onnes (1853–1926) C. C. Tomson (1856–1940) Henrix Hers (1857–1894) Caqadiş Çandra Bose (1858–1937) Pyer Küri (1859–1906) Uilyam Henri Breq (1862–1942) Mari Küri (1867–1934) Robert Endryus Milliken (1868–1953) Ernest Rezerford (1871–1937) Liza Meytner (1878–1968) Maks fon Laue (1879–1960) Klinton Devison (1881–1958) Hans Heyger (1882–1945) C. V. Raman (1888–1970) Uilyam Lourens Breq (1890–1971) Ceyms Çedvik (1891–1974) Artur Kompton (1892–1962) Pyotr Kapitsa (1894–1984) Çarlz Drammond Ellis (1895–1980) Con Kokroft (1897–1967) Patrik Blekket (Blekket baronu) (1897–1974) Ukiçiro Nakaya (1900–1962) Enriko Fermi (1901–1954) Ernest Lourens (1901–1958) Uolter Hauzer Brettayn (1902–1987) Pavel Çerenkov (1904–1990) Abraham Əlixanov (1904–1970) Karl Devid Anderson (1905–1991) Feliks Blox (1905–1983) Ernst Ruska (1906–1988) Con Bardin (1908–1991) Uilyam Şokli (1910–1989) Doroti Hodkin (1910–1994) Luis Valter Alvares (1911–1988) Çien-Şiung Vu (1912–1997) Uillis Lamb (1913–2008) Çarlz Hard Tauns (1915–2015) Rozalind Franklin (1920–1958) Ouen Çemberlen (1920–2006) Nikolaas Blumbergen (1920–2017) Vera Rubin (1928–2016) Mildred Dresselhaus (1930–2017) Rayner Vays (1932–2025) Karlo Rubbia (1934–) Berri Bəriş (1936–) Samar Mubarakmand (1942–) Serj Aroş (1944–) Anton Saylinqer (1945–) Alen Aspe (1947–) Gerd Binniq (1947–) Stiven Çu (1948–) Volfqanq Ketterle (1957–) Andre Qeym (1958–) Lene Hau (1959–)
Xronologiyalar Fizika eksperimentlərinin siyahıları ilə aşağıdakı xronologiyalarda tanış olmaq olar:
Atom və atomaltı fizikanın xronologiyası Klassik mexanikanın xronologiyası Elektromaqnetizm və klassik optikanın xronologiyası Qravitasiya fizikası və nisbilik nəzəriyyəsinin xronologiyası Nüvə sintezinin xronologiyası