Əkbər Kazım Muğan və ya Əkbər bəy Kazımbəyov () — azərbaycanlı rəssam, hüquqşünas və siyasi xadim.
İmperator Moskva Universitetində hüquq, Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbində isə rəssamlıq təhsili alıb. Kazimir Maleviç və Leonid Pasternak kimi rəssamlardan dərs alıb. Ərdəhanda Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin yerli şöbəsinə rəhbərlik edib. 1918-ci ildə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin Əkinçilik, Meşə və Ticarət naziri, 1930–1934-cü illərdə isə Ərdəhan bələdiyyəsinin sədri vəzifələrində çalışıb.
Sonrakı illərdə arıçılıqla məşğul olaraq rəssamlıq fəaliyyətinə fasilə verib. 1966-cı ildə İstanbula köçdükdən sonra yenidən yaradıcılığa qayıdıb. Təxminən yüz rəsm əsərinin müəllifidir. Əsərləri Türkiyənin müxtəlif muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rəsm əsərlərindən biri Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına daxildir.
Həyatı Əkbər Cəlil oğlu Kazımbəyov 1884-cü ildə Naxçıvanda anadan olub. Orta təhsilini 1906-cı ildə İrəvan kişi gimnaziyasında başa vurub.
1908-ci ildə Kiyevdə yerləşən Müqəddəs Valdimir İmperator Universitetinin hüquq fakültəsinə qəbul olunub. İki il sonra İmperator Moskva Universitetinə keçərək təhsilini burada davam etdirib. 1912-ci ildə hüquq üzrə ali təhsilini tamamlayıb. Hüquq təhsili ilə yanaşı, təsviri sənətə də maraq göstərən Kazımbəyov 1912-ci ildə Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbinə daxil olub. Burada Kazimir Maleviç və Leonid Pasternak kimi rəssamlardan dərs alıb. 1915-ci ildə incəsənət sahəsində ali təhsilini başa vurub.
1917-ci ildə Rusiya imperiyasının tərkibində olan Ərdəhan şəhərinə köçüb. Burada Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin yerli məntəqəsinə rəhbərlik edib, eyni zamanda meşəbəyi vəzifəsində çalışıb.
Əkbər Kazım Muğanın siyasi fəaliyyəti Cənubi Qafqazda baş verən siyasi dəyişikliklər dövrünə təsadüf edib. 1918-ci ildə mərkəzi Qars şəhəri olan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin yaradılmasından sonra hökumətin tərkibinə daxil edilib. O, respublikanın Əkinçilik, Meşə və Ticarət naziri vəzifəsinə təyin olunub.
Türkiyə Cümhuriyyətinin qurulmasından sonrakı dövrdə də dövlət və yerli idarəetmə sahəsində fəaliyyətini davam etdirib. 1930–1934-cü illərdə Ərdəhan bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 1934–1936-cı illərdə Qars liseyində rəsm müəllimi işləyib. Müəllimlik fəaliyyətindən sonrakı illərdə əsas məşğuliyyəti arıçılıq olub. 1966-cı ilə qədər davam edən bu dövrdə rəssamlıqdan uzaqlaşıb.
1966-cı ildə İstanbula köçməsi onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olub. Uzun fasilədən sonra yenidən rəsm çəkməyə başlayaraq ömrünün son illərində təsviri sənətlə məşğul olub.
Əkbər Kazım Muğan 1972-ci il dekabrın 7-də İstanbulda vəfat edib və şəhərin Ədirnəqapı qəbiristanlığında dəfn olunub.
Rəssamın vəfatından sonra əsərlərinin ictimaiyyətə təqdim olunması istiqamətində oğlu Nuri Muğan təşəbbüs göstərib. 1986-cı ildə İstanbulun Pamuk Bank Suadiye Sanat qalereyasında onun rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Bu sərgi rəssamın ölümündən 14 il sonra keçirilib. Kazım Muğanın yaradıcılıq irsi təxminən yüz rəsm əsərindən ibarətdir. Onun tabloları Türkiyənin müxtəlif muzeylərində və şəxsi kolleksiyalarda mühafizə olunur. 1989-cu ildə Bakıya səfər edən Nuri Muğan atasının əsərlərindən birini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edib.
Ailəsi Əkbər bəy Naxçıvanda Cəlil bəy və Səadət xanımın ailəsində anadan olub.
Əkbər Kazım Muğan 1920-ci ildə əslən Xoy şəhərindən olan Tuti xanımla evlənib. Bu nikahdan Nazim, Yasin, Nuri və Lətifə adlı dörd övladı dünyaya gəlib. Həyat yoldaşı Tuti Muğan 1980-ci il yanvarın 17-də vəfat edib.
Övladlarından Nazim Muğan ali təhsilli kənd təsərrüfatı mühəndisi olub. Bir müddət siyasi fəaliyyətlə məşğul olduqdan sonra 1968-ci ildən Ərdəhan Ziraət İnstitutuna rəhbərlik edib. Digər oğlu Yasin Muğan uzun illər Türkiyə İş Bankında müdir vəzifəsində çalışıb. Nuri Muğan isə fəaliyyətini tibb və ali təhsil sahələrində davam etdirib. İstanbulda Diş həkimliyi fakültəsinin dekanı vəzifəsini tutub. O, həmçinin "Türk diş həkimliyinin tarixi" adlı monoqrafiyanın müəllifidir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin dövlət xadimləri Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları