Rudolf Vissell (; ) — Almaniya siyasətçisi, həmkarlar ittifaqı xadimi və Veymar Respublikası dövründə Almaniya Sosial-Demokrat Partiyasının (SPD) aparıcı nümayəndələrindən biri. O, 1918-ci il Noyabr inqilabından sonra Xalq Müvəkkilləri Şurasının tərkibinə daxil olmuş, respublikanın ilk İqtisadiyyat naziri (1919) və uzun müddət Əmək naziri (1928–1930) vəzifələrində işləmişdir. Vissell Veymar dövründə mərkəzləşdirilmiş iqtisadi planlaşdırma və dövlət tənzimləməsinə söykənən "ictimai iqtisadiyyat" () konsepsiyasının əsas müdafiəçilərindən biri kimi tanınır.
Erkən illəri və həmkarlar ittifaqı fəaliyyəti
Rudolf Vissell 1869-cu ildə Hannover əyalətinin Göttingen şəhərində dənizçi ailəsində anadan olmuşdur. İbtidai təhsilini bitirdikdən sonra 1883–1887-ci illərdə maşınqayırma peşəsinə yiyələnmiş və fəhlə kimi işləməyə başlamışdır.
1888-ci ildə Almaniya Sosial-Demokrat Partiyasına (SPD) və Azad Həmkarlar İttifaqlarına qoşulmuşdur. 1901-ci ildə Lübek şəhərində həmkarlar ittifaqının katibi seçilərək peşəkar fəaliyyətə başlamış, 1908–1918-ci illərdə isə Berlində Almaniya Həmkarlar İttifaqları Baş Komissiyasının () katibi kimi fəaliyyət göstərmişdir.
Siyasi fəaliyyəti
Noyabr inqilabı və Xalq Müvəkkilləri Şurası
Birinci Dünya müharibəsi dövründə SPD-nin müharibə siyasətini dəstəkləyən Vissell, 1918-ci il Noyabr inqilabı zamanı fəal siyasi rol oynamışdır. 28 dekabr 1918-ci ildə Almaniyanın Müstəqil Sosial-Demokrat Partiyası (USPD) nümayəndələri Xalq Müvəkkilləri Şurasından istefa verdikdən sonra, Vissell Qustav Noske ilə bərabər müvəqqəti hökumətin tərkibinə daxil edilmişdir. O, hökumətdə iqtisadiyyat və sosial siyasət məsələlərinə cavabuidi.
İqtisadiyyat nazirliyi və "Gemeinwirtschaft" modeli
1919-cu ilin fevralında Filipp Şeydemannın rəhbərliyi ilə ilk formal Veymar kabineti (Scheidemann kabineti) yaradıldıqda Vissell Almaniyanın ilk İqtisadiyyat naziri () təyin olunmuşdur.
Nazir kimi Vissell kapitalizmin sərbəst bazar modeli ilə radikal sosializm arasında orta yol olan "ictimai iqtisadiyyat" () modelini təklif etmişdir. Bu model dövlətin, fəhlə şuralarının və işəgötürənlərin müştərək idarə etdiyi mərkəzləşdirilmiş planlı iqtisadiyyatı nəzərdə tuturdu. Lakin onun bu islahat layihəsi həm burjua partiyaları, həm də SPD daxilindəki liberal iqtisadiyyat tərəfdarları tərəfindən rədd edilmişdir. İslahatlarının qəbul olunmamasına etiraz olaraq Vissell 12 iyul 1919-cu ildə nazir vəzifəsindən istefa vermişdir.
Əmək nazirliyi dövrü (1928–1930)
Vissell 1920–1933-cü illərdə Reyxstaqın deputatı olmuşdur. 1928-ci ildə Hermann Müllerin rəhbərlik etdiyi "Böyük Koalisiya" hökumətində Vissell Əmək naziri () təyin edilmişdir.
Əmək naziri kimi o, fəhlələrin sosial müdafiəsi, məcburi işsizlik sığortası sisteminin möhkəmləndirilməsi və əmək müqavilələrinin kollektiv tənzimlənməsi istiqamətində mühüm addımlar atmışdır. 1929-cu ildə başlayan Böyük İqtisadi Böhran zamanı işsizlik sığortası haqqlarının artırılması məsələsində işəgötürənlərlə yaranan kəskin fikir ayrılığı 1930-cu ilin martında Müller hökumətinin istefasına və Veymar parlamentarizminin süqutuna yol açmışdır.
Nasizm dövrü və müharibədən sonra
1933-cü ildə Adolf Hitler hakimiyyətə gəldikdən sonra Vissell siyasi fəaliyyətdən uzaqlaşdırılmış və iki ay boyunca həbsdə saxlanılmışdır. Azadlığa çıxdıqdan sonra Berlində polis nəzarəti altında yaşamış və siyasi həyatdan kənarda qalmışdır.
İkinci Dünya müharibəsi bitdikdən sonra Vissell Qərbi Berlində SPD-nin yenidən təşkilatlanmasında iştirak etmişdir. O, ömrünün son illərini elmi və memuar yazılarına həsr edərək, Veymar Respublikasının sosial siyasəti haqqında əsərlər yazmışdır. 1954-cü ildə Almaniya Federativ Respublikasının Yüksək Xidmət Xaçı ordeni ilə təltif edilmişdir.
Rudolf Vissell 13 dekabr 1962-ci ildə Qərbi Berlində 93 yaşında vəfat etmişdir.
Əsərləri
Praktische Wirtschaftspolitik (1919) Die Keime der deutschen Wirtschaftsgemeinschaft (1920) Gestaltung der Sozialpolitik (1928)
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Entry in Reichstag members database (German) Rudolf Wissell at the Akten der Reichskanzlei Online (German)
Kateqoriya:Almaniya sosial-demokratları Kateqoriya:Göttingen şəxsləri