Abdullah ibn əl-Mötəz ( ) — Abbasi xəlifəsi Mötəzin oğlu, şair, tənqidçi və ədib. Onun xəlifəliyi çox qısa olmuşdur.

Həyatı Onun tam adı mənbələrdə müxtəlif formalarda qeyd edilib. Lakin o daha çox Abdullah ibn Mötəz və ya İbn əl-Mötəz adı ilə tanınır. O, 1 noyabr 861-ci ildə Səmərrada anadan oldu və 24 iyul 866-cı ildə qardaşı İsmayıl ilə birlikdə atası tərəfindən vəliəhd təyin edildi.

869-cu ildə atası Mötəz devrildi və həbsdə öldü. Bundan sonra yeni xəlifə onu nənəsi ilə birlikdə Məkkəyə sürgünə göndərsə də, bir müddətdən sonra yenidən Səmərraya qaytardı.

Səmərrada o Bəlazuri, Mübərrəd, Sələb və başqa şəxslərdən təhsil aldı, Səmərraya gələn köçəri ərəblərdən dilçilik sahəsinə aid məlumatlar əldə etdi, ədəbi fəaliyyətlə məşğul oldu və şeirlər, qəsidələr yazdı.

902-ci ildə Müktəfi xəlifə olduqda həbs olundu. Lakin dövlət adamlarına yazdığı məktubdan sonra azadlığa çıxdı. Bundan sonra saray çəkişmələrindən bezərək tənhalığa çəkildi və Səmərranı tərifləyən şeirlər qələmə aldı.

908-ci ildə Müqtədir xəlifə oldu. Lakin onun və yaxın adamlarının hərəkətləri sərkərdə, qadı və başqa nüfuzlu şəxsləri narahat etdi. Bu səbəbdən o 908-ci ilin dekabrında devrildə və yerinə Abdullah ibn əl-Mötəz Mürtəzi-Billah tirulu ilə xəlifə elam edildi. Çevrilişə baçılıq edən Məhəmməd ibn Davud ibn Cərrah da vəzir oldu. Lakin ertəsi gün Munis əl-Müzəffərin rəhbərlik etdiyi və əsasən saray qulamlarından təşkil olunmuş dəstələr hücuma keçdikdə, Abdullah ibn əl-Mötəzin tərəfdarları müqavimət göstərə bilmədilər. Tək qaldığını anlayan Abdullah ibn əl-Mötəz taciri İbn əl-Cəssasın evində gizlənməyə məcbur oldu. Rəvayətlərin birinə görə, tacirin onu xəbər verməsi nəticəsində 25 dekabr 908-ci ildə yaxalandı və günlərlə davam edən ağır işgəncələrdən sonra 29 dekabr 908-ci ildə qətlə yetirildi.

Əsərləri Abdullah ibn əl-Mötəz "Təbəqətüş-Şüara", "əl-Bədi" (və ya "Kitabül-Bədi"), "Divan" və başqa əsərlərin müəllifidir.

İrsi və mirası Abdullah ibn əl-Mötəzin xəlifəliyi cəmi bir gün və bir gecə davam etdiyinə görə bir çox tarixçi onu Abbasi xəlifələri sırasında qeyd etməmişdir. Onun xəlifəliyinin çox qısa olması ərəb ədəbiyyatında bir hadisənin və ya işin müddət baxımından çox qısa olmasını ifadə edən zərb-məsələ çevrilmişdir.

Onun haqqında Əli ibn Məhəmməd ibn Bəssam əl-Bağdadi bir neçə mirsalıq mərsiyə yazmışdır.

İstinadlar Kateqoriya:Abbasi xəlifələri Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:Ərəblər Kateqoriya:X əsr Abbasi xəlifələri Kateqoriya:X əsr şairləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:IX əsr şairləri Kateqoriya:İraq şairləri Kateqoriya:Şahzadələr