Atşi-Baqavan (həmçinin Baqavan, Baguan; ) — qədim Kaspiananın, sonralar isə Paytakaranın havarlarından biri. Robert Hyusen havarı Araz çayının sağ sahili boyunca, tarixi İran Azərbaycanının şimal-şərq hissəsində yerləşdirir.
Adı və etimologiyası
Ribert Hyusen havarın adını Bagawan, Baguan və Aṭʿši Bagawan formalarında verir. O, "Atşi" komponentini ehtimalla orta farsca ātaš — "od" sözü ilə əlaqələndirir. Suren Yeremyanın fikrinə əsaslanan bu izaha görə, eyniadlı şəhər vaxtilə zərdüşti kult mərkəzi olmuş ola bilər.
Coğrafiyası
Atşi-Baqavan Paytakaran əyalətinin Hani havarı, cənub-şərqdə Ormizd-Peroj, cənub-şərqdə Spandaran-Peroj, cənub-qərbdə Kaqan-rot havarları, şərqdə Xəzər dənizi ilə sərhədlənirdi.
Hyusen Atşi-Baqavanı Arazın sağ sahili boyunca, İran Azərbaycanının şimal-şərq hissəsində yerləşdirir. Havarın daxilində Baqavan və ya Atşi-Baqavan adlı şəhər yerləşirdi. Hewsen bu şəhəri ərəb və fars mənbələrindəki Bāgarvān və Bājarvānla əlaqələndirir.
Hewsen 1988-ci ildə həmin yaşayış məntəqəsini sovet dövrünün inzibati nomenklaturasında Prişib rayonundakı Badcharvan/Bājarvān kəndi ilə eyniləşdirmişdir.
Yaxınlıqdan qədim Bagarwan çayı axırdı; Hewsen onu müasir Bazarçayla əlaqələndirir və Bagaru formasının yerli adlandırmada qorunduğunu qeyd edir.
XVII əsrdə rayonun adının Bejirwan formasında hələ istifadə edildiyi qeyd olunur.
Mənbələrdə
Atşi-Baqavan "Aşxaratsuyts"dan əlavə VIII əsr müəllifi Gevondun əsərində də qeyd edilir. Hyusen bu məlumat üçün Gevondun 1887-ci il nəşrinin 101-ci səhifəsinə istinad edir.
Bakı ilə əlaqələndirilməsi
Azərbaycan tarixçisi Sara Aşurbəyli Atşi-Baqavanın lokalizasiyasına dair fərqli mövqe irəli sürmüşdür. O, erməni mənbələrində Bagavan, Atli (Ateşi) Bagavan və Atşi (Ateşi) Baguan formalarında qeyd edilən toponimi qədim Bakı ilə əlaqələndirmişdir.
Aşurbəyli Atşi-Baquan adındakı atşi komponentini "od", Baqavan adını isə İran mənşəli baqa — "tanrı" sözü ilə əlaqələndirərək toponimi od kultu və Bakı–Abşeron ərazisində mövcud olmuş zərdüşti ənənələri kontekstində izah etmişdir.
Aşurbəylinin bu lokalizasiyası Robert Hyusenin Atşi-Baqavanı Arazın sağ sahilində, İran Azərbaycanının şimal-şərqində yerləşdirən rekonstruksiyasından fərqlənir.
Svat Soucek Bakı adının etimologiyasının qeyri-müəyyən olduğunu qeyd etməklə yanaşı, Bagawanla əlaqə nəzəriyyəsini mümkün etimoloji təkliflərdən biri kimi göstərir.
Bu etimoloji nəzəriyyə Atşi-Baqavan havarının Bakı və ya Abşeronda yerləşdiyini sübut etmir. Hyusenin tarixi-coğrafi rekonstruksiyasında havar Arazın sağ sahilində yerləşir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Paytakaran Kateqoriya:Qafqaz Albaniyasının vilayətləri Kateqoriya:Azərbaycanın tarixi vilayətləri Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Talış tarixi