İşgüzar etiket — işgüzar sahədə və beynəlxalq iqtisadi əməkdaşlıqda ümumi qəbul edilmiş, işgüzar ünsiyyət normalarını (nümayəndə heyətlərinin qarşılanması və yola salınması qaydaları, sənədlərin imzalanması, işgüzar yazışmalar, tədbirlərin keçirilməsi) tənzimləyən qayda və normalar məcmusu. İşgüzar etiketin tərkib hissələrindən biri işgüzar protokoldur. İşgüzar protokol diplomatik protokola əsaslanır və rəsmi şəxslər, habelə biznes sahəsinin nümayəndələri tərəfindən riayət edilən qaydalar, ənənələr və şərti davranışlar məcmusudur.

İşgüzar etiket anlayışı

Etiketin mənbələri mənəviyyat normaları (etika), mifologiya və din, mədəni ənənələr, həmçinin sosial iyerarxiya hesab olunur. İşgüzar etiketdə hərbi, kübar və diplomatik etiketin bəzi qaydaları birləşir. Diqqətəlayiqdir ki, kübar etiket qaydalarından fərqli olaraq, işgüzar etiketdə imtiyazlar insanın yaşına və cinsinə görə verilmir. İşgüzar etiketdə birinci yerdə subordinasiya prioritetliyi dayanır.

Digər məsələlərlə yanaşı, işgüzar etiket məxfi məlumatların açıqlanmaması, vəzifələrin icrasında dəqiqlik və punktuallıq, subordinasiyaya riayət olunması, ünsiyyətdə xeyirxahlıq kimi bəndləri özündə ehtiva edə bilər.

İşgüzar etiketdə kommunikasiya

Ceffri Liç () kommunikasiya prosesində nailiyyətə xidmət edən nəzakət prinsipini irəli sürmüşdür. Bu prinsipi həmsöhbətlər arasındakı münasibətlərin etalonu kimi istifadə etmək olar. Kommunikasiyanın aparıcı prinsipi kimi nəzakət prinsipi nəzəriyyəsi altı maksimadan ibarətdir: Takt maksiması — şəxsi sferanın sərhədləri maksiması. İdeal halda hər bir kommunikativ akt müəyyən məsafəni nəzərdə tutur. Potensial təhlükəli mövzulara (şəxsi həyat, fərdi üstünlüklər) toxunmaq məqsədəmüvafiq deyildir. Səxavət maksiması — müvəffəqiyyətli kommunikativ akt ünsiyyət iştirakçılarına narahatlıq gətirməməlidir. Tərəfdaşı vədlərlə bağlamaq doğru deyildir. Bəyənmə maksiması — başqalarının qiymətləndirilməsində pozitivliyi nəzərdə tutur. Həmsöhbətlər vəziyyəti fərqli qiymətləndirirlərsə, kommunikativ strategiyanı reallaşdırmaq çətin olacaqdır. Təvazökarlıq maksiması — öz ünvanına deyilən tərifləri qəbul etməmək mövqeyi. Realist, obyektiv özünüqiymətləndirməni nəzərdə tutur. Özünüqiymətləndirmə həddindən artıq yüksək və ya aşağı olduqda kontakt yaratmaq çətinləşəcəkdir. Razılıq maksiması — qeyri-oppozisionluq maksiması. Ən ciddi vəzifəni — qarşılıqlı əlaqə predmetini hifz edib saxlamaq məqsədilə həmsöhbətlərin kommunikativ taktikalarına qarşılıqlı düzəlişlər etməsi yolu ilə münaqişədən yayınmanı nəzərdə tutur. Rəğbət (simpatiya) maksiması — xeyirxahlıq mövqeyi. Perspektivli mövzu üzrə söhbət üçün əlverişli fon yaradır. Xeyirxah olmamaq kontaktın yaradılması üçün pis şərait yaradır. Müəyyən bir problemi "biganə kontakt" yaradır, bu zaman həmsöhbətlər düşmən olmasalar da, bir-birlərinə qarşı xeyirxahlıq nümayiş etdirmirlər.

Vizit kartı

Fərdi (işgüzar), korporativ və ad yazılmış vizit kartları fərqləndirilir.

Fərdi (işgüzar) vizit kartı şəxsən onun sahibini təqdim edir — burada onun soyadı, adı, vəzifəsi, şirkətinin adı, iş telefon nömrələri, rəsmi və ya fərdi veb-saytı, eləcə də elektron poçt ünvanı göstərilir.

Korporativ vizit kartı şirkəti, malı və ya xidməti təqdim edir. Bu səbəbdən vizit kartı sahibinin fərdi məlumatları burada göstərilmir. Bütün əlavə məlumatlar tanışlıq anında arxa tərəfə yazılır.

Ad yazılmış vizit kartında yalnız soyad, ad və ata adı yer alır. Həmçinin burada rütbə və ya elmi dərəcə haqqında məlumatlar da yer ala bilər.

Ailə vizit kartı ad yazılmış vizit kartının bir növüdür. O, tanışlıq zamanı, ailə dostlarına təbriklər göndərildikdə istifadə olunur, hədiyyələrə əlavə edilir. Belə vizit kartında arvadın adı ərinin adından əvvəl qoyulur.

Standart xüsusiyyətləri: Təxminən 90x50 mm (Ölkədən və üstünlük verilmədən asılı olaraq) Yarımkarton kağız Üfüqi yazı Şəxsi/firmanı xarakterizə etməsi

Vizit kartlarında ixtisarlar: Bütün dünyada qəbul edilmiş ixtisarlar mövcuddur ki, bunlar göndərilən vizit kartlarına yerləşdirilir — onlar qələmlə deyil, karandaşla aşağı sol küncdə yazılır. Bu ixtisarlar fransız dilindən götürülmüşdür və onların hər birinin öz mənası vardır.

Ən geniş yayılmışları bunlardır: P.P. () — «təqdimat üçün». Bu yazı tanışlıq, tövsiyə etmək məqsədilə edilir. Belə qeydi olan vizit kartı tövsiyə məktubu ilə bərabər zərfə qoyulur. P.R. () — «təşəkkürlə». Bu yazısı olan vizit kartı hədiyyələr alındıqdan, hər hansı xidmətlər göstərildikdən, eləcə də qəbulda olduqdan sonra təşəkkür məktubunu əvəz edə bilər. P.C. () — «başsağlığı». Belə vizit kartını tərəfdaşlardan birinin, onun qohumunun və ya əməkdaşının vəfatı, habelə milli matəm və digər faciəvi hadisələr münasibətilə çiçəklərlə, pul töhfəsi ilə birlikdə və ya məktubun əvəzinə göndərmək olar. P.P.C. () — «vidalaşma münasibətilə». Belə yazı, şəxsən vidalaşmaq imkanı olmadıqda, qiyabi şəkildə vidalaşmaq istədiyiniz halda gedişiniz haqqında xəbərdarlıq etmək üçün göndərilən vizit kartında yerinə düşür. P.F. () — «bayram münasibətilə». Bu yazısı olan vizit kartı hər hansı bir bayram münasibətilə göndərdiyiniz hədiyyəni, çiçək dəstəsini, məhsul nümunəsini tamamlaya bilər. Münasibətləriniz dəqiq rəsmi xarakter daşıdığı halda, o, təbrik açıqçasını əvəz edə bilər. P.F.N.A. () — «Yeni il münasibətilə».

İşgüzar yazışma

İ. R. Qalperin öz əsərində qeyd edir ki, tabeli mürəkkəb cümlə konstruksiyaları tabesiz mürəkkəb cümlələrdən üstünlük təşkil edir. İşgüzar sənədlərin tərtib edilməsində bu meyl tarixi olaraq formalaşmışdır, çünki işgüzar məktubun əsas məqsədlərindən biri tək bir cümlə çərçivəsində müxtəlif mənaları və dəyişkən şərtləri ötürmək cəhdidir.

Sənədlərdə müraciətlər

Sənədlərdə əsas müraciət formulası belədir: "Hörmətli cənab (Hörmətli xanım) + soyad". Nümunə üçün: "Hörmətli cənab İvanov!", "Hörmətli xanım Petrova!". Bəzi hallarda, məsələn, iddia/iddianamə (pretenziya) məktublarında müraciətdə "hörmətli" sözü buraxıla bilər: "Cənab Tixonov!".

Şəxslər qrupuna, məsələn, təşkilat rəhbərlərinə və ya təşkilatın bütün kollektivinə müraciət edərkən "Hörmətli cənablar!" və ya "Cənablar!" müraciətindən istifadə olunur. Məktub alanların adları və vəzifələri məlum olmadıqda da eyni müraciət forması tətbiq edilir.

Həkimiyyət orqanlarının vəzifəli şəxslərinə, deputatlara, cəmiyyətlərin, şirkətlərin, firmaların prezidentlərinə (sədrlərinə), eləcə də müxtəlif dinlərin dini xadimlərinə müraciət edərkən soyad göstərilmədən vəzifənin qeyd olunması qəbul edilmişdir.

Təbrik məktublarında, dəvətnamələrdə, bildirişlərdə ad və ata adı ilə müraciət etməyə icazə verilir: "Hörmətli Evgeni Aleksandroviç!". Müraciətdən sonra həm nida işarəsi, həm də vergül qoyula bilər, lakin yeknəsəkliyə (vahidsizliyə) riayət olunması tövsiyə edilir. Müraciətdən sonra vergül qoyulduqda məktubun mətni kiçik hərflə, nida işarəsi olduqda isə böyük hərflə başlayır.

Xarici ünvan sahibləri ilə yazışmalarda müraciətlər

Xaricdə müraciət xidməti məktubun mütləq elementidir. Müraciətin olmaması işgüzar etiket normalarının pozulması hesab olunur. Xarici müxbirlərlə yazışmalarda müraciət təyinat ölkəsinin ənənələrinə, vəzifəli şəxslərin statusuna və qarşılıqlı münasibətlərinin səviyyəsinə müvafiq formalaşdırılır. Şəxsi müraciətlərdə ünvan sahibinin adı (adının baş hərfi) adətən buraxılır, yalnız soyadı qalır.

Yekun nəzakət formulaları

Yekun hissə kimi aşağıdakı ifadələrdən istifadə etmək olar: "Hörmətlə", "Dərin hörmətlə", "Ən xoş arzularla".

Xarici görünüş

İşgüzar etiket xarici görünüşə xüsusi tələblər qoyur. Bir çox iri korporasiyalarda, xüsusən də Qərb şirkətlərində əməkdaşın necə geyinməli olduğu müqavilədə təfərrüatı ilə göstərilir. Britaniyalı sosial antropoloq Keyt Foksa () görə, geyim bir neçə funksiyanı yerinə yetirir: isitmək və atmosfer təsirlərindən mühafizə etmək; cinsi fərqlərin göstəricisi olmaq; cəmiyyətin müəyyən kateqoriyasına mənsubiyyəti nümayiş etdirmək.

İşgüzar geyim

İşgüzar janrın klassikası — ənənəvi işgüzar kostyumdur. Klassik kostyum bəzi dəyişikliklərə məruz qalmış, yeni detallar və dəbli xətlər qazanmışdır, lakin bütövlükdə təxminən iki yüz il ərzində dəyişməz olaraq qalır. İşgüzar kostyum üçün optimal əsas ton — boz və bütün boz qammadır (boz-göy, boz-qəhvəyi, boz-qəhvə, boz-tünd qırmızı, boz-zeytun, boz-bej, boz-yaşıl).

Aksesuarlar

İşgüzar üslubda aksesuarlar kifayət qədər təmkinli və funksionaldır. Məhz klassik bəzək əşyaları obrazda vurğuları düzgün tənzimləməyə imkan verir. Mütləq detal — qol saatıdır. İşgüzar şəxsin qol saatı yoxdursa və ya o, işgüzar üsluba müvafiq gəlmirsə (həddindən artıq kiçik, böyük, elektron, bəzəklərlə həddindən artıq yüklənmiş), bu, onun zamanla münasibətlərinin mürəkkəb olduğu mənasına gələ bilər. Unutmamaq lazımdır ki, zaman biznesdə ən dəyərli resurslardan biridir.

Obrazın detalları

İşgüzar qadının makiyajında əsas meyar — mülayimlikdir (ölçü hissidir). Aydın vurğu — gözlərə və ya dodaqlara — üzün ifadəliliyini və mimikanı qabartmağa imkan verəcəkdir. Həm qadınlar, həm də kişilər üçün peşəkar saç kəsimi və keyfiyyətli düzümə üstünlük verilir. Kişilər nəzərə almalıdırlar ki, saqqal və bığ ziddiyyətli təəssürat yaradır. Qavrayış psixologiyası sahəsindəki tədqiqatçılar və stilistlər təsdiq edirlər ki, hamar təraş olunmuş üz və qüsursuz dəri ən yaxşı təəssürat yaradır.

Ətir seçimində ölçü hissi vacibdir. Qoxuların qavranılması xalis fərdi prosesdir.

Dress-kod növləri

Müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərə dəvətnamələrdə dress-kodun, yəni geyim formasının göstərilməsinə rast gəlmək olar. Adətən, dress-kod tədbirə dəvətnamənin ən sonunda bir-iki sözlə ifadə edilir. Ən çox istifadə olunan dress-kodlar:

White tie (, «Ağ qalstuk») — ağ kəpənək qalstukla qara frak. Bu dress-kod ən təntənəli hallarda, VIP-klass dəvətnamələrdə qoyulur. Dəvət olunanlar orada ağ jilet və ağ kəpənək qalstuklu frakda görünməyə borcludurlar. Ağ frak köynəyinin yaxalığı (manişkası) bərk kraxmallanmalıdır. Qara laklı ayaqqabılar və cib saatı bu geyimi tamamlayır. Frak bütün ölkələrdə istifadə olunmur, lakin bir sıra dövlətlərdə (İsveç, Böyük Britaniya, Fransa, Avstriya) frak qəbulda iştirak etmək üçün rəsmi geyim kimi tanınır. Xanımlar təntənəli qəbulda uzun ziyafət libaslarında, mütləq corabla, dirsəyə qədər uzun əlcəklərdə və həqiqi cavahiratla görünməlidirlər. Yuxarıdan açıq olan, tez-tez şleyfli (uzun ətəkli) libasları qiymətli xəzdən olan palantinlə tamamlayırlar.

Black tie (, «Qara qalstuk»), Tuxedo (, «Smokinq»), Dinner jacket (). Bu ifadələrin hamısı «kişilər — smokinqdə, xanımlar — ziyafət geyimində» kimi tərcümə olunur. Müxtəlif ölkələrdə bu dress-kod müxtəlif cür adlandırılır, lakin həmişə eyni şeyi ifadə edir: siz smokinqdə olmalısınız. Təntənəli geyim forması məhz smokinq hesab olunur. Smokinq altında şalvar, rəngindən asılı olmayaraq, həmişə ya qara, ya də tünd-göy seçilir. Smokinqi qara rəngli kəpənək qalstuk və qatları yuxarıya doğru yönəlmiş qurşaq (kəmər) müşayiət edir (ağ smokinqə ağ qurşaq, qaraya — qara). Ayaqqabı qara olmalıdır, lakin heç bir halda laklı olmamalıdır. Ayaqqabının altına dizə qədər qara corab, ən yaxşısı ipək corab geyilməlidir. Xanım mütləq ziyafət libasında olmalıdır.

Formal () — bu dress-kod toy, yubiley, milli bayram dəvətnamələrində istifadə olunur: kişilər adi klassik kostyum — çox incə zolaqlı tünd-göy, tünd-boz, nadir hallarda qara geyinirlər. Rəsmi kostyum yalnız birrəngli ola bilər. Saat 19:00-dan əvvəl başlayan tədbirlərdə açıq rəngli kostyuma icazə verilir. Bu gün aksesuar kimi tez-tez pencəyin döş cibində dəsmaldan istifadə olunur. Dəsmal qalstukla eyni keyfiyyətdə olmalı və rənginə müvafiq gəlməlidir. Qara klassik qaytanlı yarımboğaz ayaqqabı geyinmək tövsiyə olunur. Corablar — yalnız qara və hündür olmalıdır.

After 5 (A5) (, «Saat 17:00-dan sonra»). Bəzi ölkələrdə bu dress-kod hətta jiletdəki düymələrin sayını, ayaqqabının formasını və materialını tənzimləyir. Məsələn, nüfuzlu hipodromlara poplin köynək, beş düyməli mirvari-boz jilet, birrəngli qalstuk, yun flaneldən jaket və ütülü xətti olan şalvar geyinirlər.