İqor İvanoviç Kirdoda () – Azərbaycan mühəndis-geofiziki, texnika elmləri üzrə fəlsəfə doktoru. "Tərəqqi" medalı ilə təltif olunub. Hazırda "Global Energy Azerbaijan Management" şirkətinin prezidentidir.
Tərcümey-halı İqor Kirdoda 1962-ci il fevralın 17-da Bakıda, Azərbaycan SSR anadan olub. 1979-cu ildə 233 nömrəli orta məktəbi bitirmişdir. Əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsində 1 semestr təhsil aldıqdan sonra M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1986-cı ildə institutu "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndis-geofiziki" ixtisasına yiyələnmişdir.
İ. Kirdoda evlidir, iki övladı var.
Əmək fəaliyyəti 1986–1987-ci illərdə təyinatla Ümumittifaqqazfizika geofizik trestinə (Moskva), oradan isə trestin Xarkov (Ukrayna SSR) şəhərindəki bölməsinə mühəndis vəzifəsinə göndərilib.
1987-ci ildə Xarkovdan Bakı şəhərinə – Azərbaycan SSR Xəzər Dəniz Neft və Geofizika Trestinə mühəndis vəzifəsinə göndərilib, geoloji – kompleks partiyasının rəisi təyin edilib.
Geoloji – kompleks partiyasının rəisi kimi "Azəri-Çıraq-Günəşli" qaz yatağının, daha sonra qazla zəngin "Şahdəniz" yatağının aşkar edilməsində bilavəsitə iştirak edib.
1993-cü ildə "Pennzoil" korporasiyasında işə qəbul olunub və inzibati menecerin köməkçisi təyin edilib. 1994-cü ildə "Pennzoil" şirkəti tərəfindən Bakıda "Əsrin müqaviləsi"nin imzalanması mərasimində iştirak edib.
Beynəlxalq CIPCO konsorsiumunun (Pennzoil, Agip, Lukoil) yaradılmasından sonra o, konsorsium prezidentinin köməkçisi vəzifəsində çalışıb.
1998-ci ildə konsorsium ləğv edildikdən sonra iki il ərzində etibarnamə əsasında Yaponiyanın "Marubeni Corporation" şirkətinin Bakıdakı nümayəndəsi kimi fəaliyyət göstərib.
2000-ci ildən etibarən 7 il ərzində Yaxın Şərq və Afrikada müxtəlif beynəlxalq neft və qaz şirkətlərinin etibarlı nümayəndəsi kimi fəaliyyət göstərib.
İ. Kirdoda 2007-ci ildən etibarən "Global Energy Azerbaijan Management" şirkətinin prezidenti vəzifəsini tutur.
Elmi fəaliyyəti 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda "Yüksək özüllü neftlərin çıxarılması prosesinin tənzimlənməsi üzrə qərarların qəbulunun metodoloji əsasları" sahəsi üzrə "Neft və qaz yataqlarının işlənməsi və istismarı" mövzusunda avtoreferatı dərc olunub. Bu monoqrafiya əsasında texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Təxminən ona yaxın elmi məqaləsi dərc edilib.
Bu iş əsasında o, texnika elmləri üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi almışdır. Kirdoda ondan çox elmi əsərin müəllifidir.
Neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində nailiyyətləri 2015-ci ildə İqor Kirdodanın rəhbərliyi altında "Global Energy Azerbaijan Management" şirkəti Xəzər dənizi sahilində, Hövsan dəniz sahəsi yaxınlığında dörd yeni neft ehtiyatı aşkar etmişdir. Qazılmış ilk quyudan gündəlik 110 ton qaz kondensatı və 425 000 kubmetr təbii qaz hasil edilmişdir. O, Hövsan yaxınlığındakı sahil zonasında neft və qaz ehtiyatlarının elmi qiymətləndirilməsini və kompleks kəşfiyyat çərçivəsini işləyib hazırlamışdır.
Mükafatları "Tərəqqi" medalı (19 sentyabr 2018) — Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında (Prezident İlham Əliyevin sərəncamı ilə).
İstinadlar
Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər