Şor hamamı və ya 12 nömrəli hamam — Bakı şəhərinin Yasamal rayonunda, "Sovetski" kimi tanınan yaşayış massivində, Mirzə Fətəli (Axundov) küçəsi 105 ünvanında yerləşən XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi. Binanın üzərindəki lövhədə onun 1889-cu ildə tikildiyi göstərilmişdir. Bəzi mənbələrdə 1889-cu ildə tikilmiş obyekt "1-ci Şor hamamı" kimi də adlandırılır.
Tarixən Bakının ən məşhur hamamlarından biri hesab edilən bu obyekt sovet dövründə yerli sakinlərin məişət ehtiyaclarını ödəmişdir. Obyektdə müalicəvi xüsusiyyətlərə malik duzlu sudan istifadə olunduğundan tikili əhali arasında "Şor hamamı" adlandırılmış, revmatizm, dəri xəstəlikləri və oynaq problemlərindən əziyyət çəkən insanlar üçün şəfa ocağı sayılmışdır. Lakin illər keçdikcə baxımsızlıq ucbatından hamam fəaliyyətini dayandırmışdır.
Sakinlərin bildirdiyinə görə, hamama bitişik olan 6 mərtəbəli mülk vaxtilə yüksək vəzifəli bir məmura məxsus olmuşdur. Həmin şəxs mülkün ümumi görünüşü korlanmasın deyə hamamın fasadını da əsaslı təmir etdirmiş, lakin mülkünü satdıqdan sonra hamamın təmiri tamamlanmamışdır.
"Sovetski" ərazisində köhnə evlərin və tarixi binaların sökülməsi gündəmə gələndə şəhər ictimaiyyətinin və sakinlərin narazılığı nəzərə alınmışdır. Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə mühafizəyə götürülən yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına bu bina da daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 12 nömrəli hamam 3664 inventar nömrəsi ilə yerli əhəmiyyətli daşınmaz memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı hamamları Kateqoriya:1889-cu ildə yarananlar