Məhəmməd ibn Tuğluq (; ) — Tuğluqoğulları sülaləsinə mənsub Dehli sultanlığının hökmdarı.

Həyatı Mənbələrdə onun uşaqlıq illəri haqqında məlumatlara rast gəlinmir.

Əsl adı Uluğ Xan Fəhrəddin Cunə (Cavna) olan Məhəmməd ibn Tuğluq atası Qiyasəddin Tuğluqun hakimiyyəti illərində mərkəzi hakimiyyətə tabe olmayan hindu racalarının üzərinə Varanqala göndərildi, lakin orduda baş vermiş üsyan səbəbi ilə nailiyyət əldə edə bilmədi. Qiyasəddin Tuğluq ordu daxilində üsyan qaldırmış əmirləri edam etdirdikdən sonra Məhəmməd ibn Tuğluqu yenidən Varangala hərbi yürüşə yolladı. Cavna Xan Əvvəl Varanqal ətrafını və Bidarı ələ keçirdi, sonra da Varanqalı ələ keçirdi.

Qiyasəddinin Əfqanpurda vəfat etməsindən sonra paytaxt Tuğluqabad şəhərində taxta çıxan Məhəmməd ibn Tuğluq, 40 gün sonra Dehliyə gədərək burada da rəsmi mərasimlə taxta çıxdı. "Məhəmməd Şah" adı ilə hökmdar elan edilən Məhəmməd ibn Tuğluq hakimiyyətdə olduğu dövrdə bir sıra üsyanlarla mübarizə apardı, Cənubi Hindistana hərbi yürüşlər təşkil etdi, mis və bürünc pullar zərb etdirdi. Zərb etdirdiyi pulların qızıl və gümüş sikkələrə bərabər olması əmr etdi. Bu da iqtisadi çətinliklərlə nəticələndi.

Taxta çıxdığı ilk vaxtlarda üsyanlarla üzləşən Məhəmməd Şah üsyançıları məğlub etdi və üsyanları yatırmağı bacardı.

Məhəmməd Şah müsəlmanların rəğbətini qazamaq məqsədilə Misirdəki Abbasi xəlifəsi Müstəkfi-Billaha elçi göndərdi, onun adından xütbə oxutdu və sikkə zərb etdirdi. Xəlifə Müstəkfi, hicri 744-cü (1343–44) ildə göndərdiyi diplomatik heyət vasitəsilə onun hökmdarlığını tanıdığını bildirdi. Ardınca Məhəmməd Şah Hacı Rəcəbi-Bərqaini qiymətli daş-qaşlar və hədiyyələrlə Qahirəyə göndərdi. Bərqai təxminən iki il sonra Misirin şeyxüşşüyuhu Rüknəddin əl-Malati ilə birlikdə Dehliyə qayıtdı və xəlifə Hakim-Biəmrilləh tərəfindən göndərilən yeni xələti sultana təqdim etdi (1345). Lakin bu təşəbbüs də siyasi birliyi qorumağa kifayət etmədi.

Ölkədə yeni üsyanlar baş verdi. Dövlətabadda üsyan edən "əmirani-sadə" adı ilə tanınan Dekkan əyanları İsmayıl Muh adlı bir şəxsi "Nəsirəddin" ləqəbi ilə Dekkan sultanı elan etdilər.

Bundan sonra Məhəmməd Şah Dövlətabada yürüş etdi. Şəhəri ələ keçirərək üsyançıları daxili qalada mühasirəyə aldı. Lakin bu zaman Qiyasəddin Tuğluqun türk məmlüklərindən Taqinin Gucəratda üsyan etməsi səbəbindən mühasirəni dayandırıb oraya getmək məcburiyyətində qaldı.

O, Umarkot qalasını ələ keçirdi və qalanın yaxınlığında bir məscid inşa etdirərək ayrıca bir şəhər saldı. Məhəmməd şah Taqini Sinddə üç il təqib etsə də, onu yaxalaya bilmədi və Tatta yaxınlığında xəstələnərək anidən vəfat etdi (20 mart 1351). Onun ölümündən sonra oğlu Kəmaləddin Firuzu "Firuz Şah" adı ilə taxta çıxdı.

Məhəmməd ibn Tuğluq hakimiyyəti dövründə sultanlığın paytaxtını Dehlidən Dövlətabada köçürmüş və Dehli əhalisini də buraya köçməyə məcbur etmişdi.

İstinadlar

Kateqoriya:Tuğluqoğulları