Şam ağacı üzərində dayanan qartal () — Çin rəssamı Si Bayşinin 1946-cı ildə syuan kağızı üzərində mürəkkəblə çəkdiyi rəsm əsəridir. Əsərin mərkəzi hissəsində qartalın arxasında bir-birinə sarmaşmış şam və sərv ağacları, eləcə də rəssamın özünün yazdığı şeir təsvir edilmişdir. Əsəri əhatə edən kalliqrafik tumarlarda isə möhür yazısı ilə yazılmış qoşa misra yer alır.

Təsviri Rəsmin özünün ölçüləri 266 × 100 sm, onun hər iki tərəfində yerləşən kalliqrafik tumarların ölçüləri isə 264,5 × 65,8 sm-dir və bu, əsəri Si Bayşinin ən böyük yaradıcılıq nümunəsinə çevirir. Həm rəsm, həm də tumarlar möhür oymaları ilə işarələnmişdir. Rəsmdə bir-birinə sarmaşmış şam və sərv ağacları, şam ağacının gövdəsi üzərində isə böyük qartal təsvir edilmişdir. Əsərin aşağı sol küncündə Si tərəfindən yazılmış şeir yer alır: "Şam budaqları aşağı əyilərək gur otların üzərinə kölgə salır; sərv ağacları ucalaraq solğun buludlara doğru yüksəlir. Səma aydındır, mənzərə gözəldir; qartallar ova çağıraraq səkkiz min baharın keçdiyini bildirirlər".

Rəsmin hər iki tərəfi iri möhür yazısı ilə yazılmış qoşa misra ilə əhatə olunmuşdur: "Qoy insanlar uzun ömür sürüb firavan yaşasınlar, dünyada isə sülh hökm sürsün". Qoşa misranın yuxarı hissəsində "Binçen sədrin doğum gününü oktyabrın 31-də qeyd edir" cümləsi yazılmışdır. Aşağı hissə isə Si tərəfindən imzalanmış və burada "Si Huan, səksən altı yaşında" sözləri qeyd edilmişdir.

Tarixi Si, Şam ağacı üzərində dayanan qartal əsərini 1946-cı ildə, 1928–1975-ci illərdə Çin Respublikasına rəhbərlik etmiş Çan Kayşinin 60 illik yubileyi üçün hədiyyə olaraq çəkmişdir. Rəsm daha sonra San-Fransiskoda şəxsi kolleksiyada saxlanılmış, 2005-ci ildə isə Uca şam və sərv adı altında təxminən 600 min ABŞ dollarına milyarder və incəsənət kolleksiyaçısı Lyu İtsyana satılmışdır. 2010-cu ildə Lyu Möhür yazısı ilə dörd heroqlifli qoşa misra adlı kalliqrafik tumarları 2,21 milyon ABŞ dollarına satın almışdır. Növbəti il o, rəsm və tumarları Şam ağacı üzərində dayanan qartal adlandırılan vahid sənət əsəri kimi hərracda satışa çıxarmışdır.

2011-ci ildə satışı 2011-ci il mayın 22-də Şam ağacı üzərində dayanan qartal "China Guardian" hərrac evi vasitəsilə 65,5 milyon ABŞ dollarına satılmışdır. Həmin dövrdə bu məbləğ Si Bayşinin əsərlərindən biri üçün ödənilmiş ən yüksək qiymət, həmçinin Materik Çinində keçirilmiş hərracda sənət əsəri üçün ödənilmiş ikinci ən yüksək məbləğ idi. Alıcının Hunan Broadcasting System şirkətinin törəmə qurumu və keçmiş törəmə şirkəti olan Hunan TV & Broadcast Intermediary Corporation olduğu bildirilmişdir. Şirkətin kolleksiyasında Si Bayşinin digər əsərləri də mövcuddur. Sonradan məlum olmuşdur ki, şirkət rəsmin orijinallığına şübhə ilə yanaşmış və buna görə də ödəniş etməkdən imtina etmişdir.

İstinadlar

Kateqoriya:1946-cı ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Çin rəssamlarının əsərləri Kateqoriya:İncəsənətdə qartallar Kateqoriya:Si Bayşi