I Andronik Komnenos (; ) — Bizans imperatoru.

Həyatı

II İohann səltənəti Təxminən 1118-ci ildə Konstantinopolda dünyaya gəldi. Atası İshaq Komnenos imperator I Alekseyin oğlu idi. Doğulduğu il babası vəfat etdi və böyük əmisi II İohann taxta çıxdı. Bu səbəblə, uşaqlıq illəri əmisinin sarayında əmisi oğlu Manuel Komnenosla birlikdə keçdi.

1130-cu ildə əmisinin Rum sultanlığı üzərinə tərtiblədiyi səfər əsnasında paytaxtda çevriliş cəhdi oldu. Atası İshaq Komnenosun da bu çevrilişdə adının hallanması səbəbilə, ailə dərhal paytaxtdan qaçdı və Malatyadakı Danişmənd əmiri Qazi Gümüştiginin yanına sığındı. Əmisinin onları bağışladığı 1136-cı ilədək ailə Kilikiyada, Trabzonda və Rum sultanlığında gizləndilər.

I Manuil səltənəti Əmisi II İohannın 1143-cü ildə ov əsnasında aldığı yaranın sepsisi səbəbilə vəfat etməsinin ardından əmisi oğlu və uşaqlıq dostu I Manuil taxta çıxdı. İlk illərdə münasibətləri olduqca yaxşı olsa da, sonradan bu ikisi arasında rəqabətə çevrildi. 1151-ci ildə əmrindəki birliklərlə Kilikiya üzərində səfərə göndərildi. Ancaq bu səfərdə aldığı məğlubiyyətin ardından bağışlandı və imperiyanın şərq sərhəddindəki bəzi əyalətlərə vali təyin olundu.

Ancaq 1153-cü ildə adı eşq skandalına qarışdı. Makedoniyadakı ov əsnasında imperatorun əmisi qızı Evdokiya Komnina ilə eyni çadırda yataqda tutuldu. Ailə fərdləri tərəfindən öldürülmək istənilsə də, çadırdan gizlicə qaçdı və imperator I Manuili öz yaşadığı eşq macəralarıyla hədələyərək canını xilas etdi. Belə ki, imperator da əmisinin digər qızı Teodora ilə gizlicə eşq yaşamaqda idi. Bu hadisə imperatorla olan dostluq münasibətini tamamilə zədələdi. Digər yandan Rum sultanı I Rüknəddin Məsud və Qüds kralı III Baldvinlə birgə imperatora qarşı planlar hazırlayırdı. Bunun aşkarlanmasının ardından imperator tərəfindən yenidən bağışlandı və bu dəfə qərb sərhəddinə sürgün olundu. Burada isə Macarıstan kralı II Qezayla imperatora qarşı ittifaq qurdu.

Nəhayət, 1155-ci ildə paytaxta çağırıldı və imperatorun əmriylə həbs edildi. 4 illik həbsin ardından imperatorun Kilikiya və Suriya üzərinə tərtiblədiyi səfərdən istifadə edərək həbsdən qaçdı. O əsnada naibə olan imperatriça Berta-İrina paytaxtda axtarış əmri versə də, Andronik Komnenos paytaxtda deyil, Trakyada ələ keçirildi və qaçdığı qəsrə yenidən həbs olundu. 1164-cü ildə ikinci dəfə həbsdən qaçdı və bu dəfə paytaxtdan qaçaraq Karpat dağları üzərindən qərbə qaçdı. Qaliçdə kumanlara sığındı və Qaliç çarı Yaroslavın sarayında gizləndi. Çarın vasitəçiliyi ilə imperator I Manuillə barışdı. Hətta imperatorun 1160-cı illərdə Macarıstana tərtiblədiyi səfəri dəstəklədi. Səfərin uğurlu bitməsinin ardından Konstantinopola geri döndü. Ancaq geri dönməsinin ardından saray intriqalarına yenidən qarışdı. Belə ki, imperator I Manuil oğul varisi olmadığı üçün böyük qızı Mariya Komnini ilə nişanlı olan Macarıstan kralı III İştvanın qardaşı Belanı rəsmi varisi elan etmişdi. Bu qərara qarşı çıxdı və imperator onu Kilikiyada vəzifələndirərək paytaxtdan uzaqlaşdırdı.

1167-ci ildə Andronik Komnenos Kilikiyadan qaçaraq Antioxiyaya gəldi və burada Antioxiya knyazı III Bohemondun bacısı Filippa ilə eşq yaşamağa başladı. Üstəlik, bu qızcığaz imperatorun yeni xanımı Mariyanın bacısı idi. Bu eşq macərasının üzə çıxması və Antioxiya knyazı III Bohemondun imperatora yazdığı şikayət məktubunun ardından Andronik Komnenos vəzifələrindən azad edildi və dərhal paytaxta çağırıldı. Ancaq imperatorun əmrinə tabe olmadı və Filippa ilə birlikdə Qüdsə qaçdı. Burada Beyrut şəhəri və ətraf bölgələri Qüds kralı tərəfindən ona timar olaraq verildi. Ancaq ertəsi il bu eşq macərasından bezən Andronik Komnenos bu dəfə də Qüds kralı III Baldvinin dul xanımı Teodora Komnini ilə eşa yaşamağa başladı. Bu eşq macərasının da üzə çıxmasıyla imperatorun qəzəbinə tuş gəldi və təkidlə paytaxta çağırıldı. Ancaq yeni sevgilisi ilə birlikdə bu dəfə də Dəməşqdəki Nurəddin Mahmud Zənginin sarayına sığındılar. Uzun illər şəhər-şəhər dolaşan cütlük nəhayət Gürcü çarı III Georginin dəvətiylə Kaxetiyə gəldilər və burada ona torpaqlar hədiyyə edildi. 1173-cü ildə gürcü çarının ordularıyla birgə Şirvana qədər uzanan hərbi əməliyyatlara qatıldı. Bu səfər əsnasında çarın bibisi oğlu Şirvanşah I Axsitana yardım etdi və Şabran qalasını Dərbənddən gələn hücumlardan qorudu.

Nəhayət, imperiyanın şərq sərhəddindəki Şebinqarahisarda məskunlaşdılar. Ancaq xanımı Teodora Komnini və övladlarının imperatorun əmriylə əsir alınıb paytaxta aparılmasının ardından təslim olmağa məcbur oldu. 1180-ci ildə Konstantinopola gətirildi və burada imperator I Manuildən üzr istədi. Bağışlandıqdan sonra Trabzon yaxınlığına sürgün edildi.

II Aleksey dövrü və taxtı ələ keçirməsi Ancaq həmin ilin payızında imperator I Manuil vəfat etdi və 11 yaşlı oğlu II Aleksey taxta çıxarıldı. Bu isə imperiya daxilində çaxnaşmaya və siyasi boşluğa səbəb oldu. Ailənin yaşca böyük üzvü və yetərli siyasi gücü olması səbəbilə paytaxta çağırıldı. 1182-ci ilin baharında topladığı orduyla Konstantinopola yürüdü. Özünü gənc imperator II Alekseyin qoruyucusu elan etdi və müdafiəsiz qalan paytaxtı qısa zamanda ələ keçirdi. 16 may 1182-ci ildə gənc imperatorun tacqoyma mərasimini təşkil etdi. Bütün siyasi rəqiblərini aradan qaldırdı. Bunlar arasında imperatorun anası da vardı. 1183-cü ilin sentyabrında ortaq monarx kimi tac taxdı. Və çox keçmədən II Aleksey boğularaq öldürüldü. Cəsədinin qoyulduğu tabut qurğuşunlandı və dənizə atıldı.

Hakimiyyəti Onun təkbaşına hakimiyyətə gəlişi imperiyadakı siyasi çaxnaşmanı daha da alovlandırdı. 1183-cü ilin noyabrında böyük oğlu İohannı ortaq imperator və varis elan etdi. Digər yandan dul qalan imperatriça Aqnessa ilə evləndi. 1184-cü ildə onun suverenliyinə qarşı çıxan Nikeya (indiki İznik) və Prusa (indiki Bursa) şəhərləri üzərinə hərbi səfərə çıxdı.

Ancaq aristokratlara tədbiq etdiyi sərt tədbirlər onun sonunu gətirdi. Üsyançıların seçdiyi yeni imperator II İshaq onun bibisi nəvəsi idi və onun kimi imperator I Alekseyin şəcərəsinə mənsub idi. Gizlicə qaçmaq istəsə də, ələ keçirildi və yeni imperatorun hüzuruna çıxarıldı. Qəzəbli paytaxt əhalisinə təslim edilən Andronik Komnenos bir dirəyə bağlandı və 3 gün boyunca döyüldü. Sağ əli kəsildi, bir gözü çıxarıldı, saçları qırxıldı və dişləri söküldü. Ardından hippodrom adlanan şəhər meydanına aparıldı və burada 12 sentyabr 1185-ci ildə öldürüldü. Qaçaq düşən oğlu və varisi İohann isə Trakyada öz adamları tərəfindən sui-qəsdlə öldürüldü.

Ailəsi İki dəfə rəsmi şəkildə evləndi və bir neçə məşuqəsi oldu. İlk evliliyi barədə yetərli məlumat yoxdur. Adı bilinməyən bu xanımından 3 övladı doğuldu.

Manuil Komnenos (1145-1185) İohann Komnenos (1159-1185), atası tərəfindən ortaq monarx elan edildi. Atasının qətlindən sonra öz adamları tərəfindən öldürüldü. Mariya Komnini (1166-?), 1182-ci ildə zadəgan Teodor Sinadenosla, daha sonra başqa bir zadəgan Romanosla evləndi. Atasının qətlindən sonrakı həyatı bilinmir.

1183-cü ilin oktyabrında dul imperatriça Aqnessa ilə evləndi. Siyasi məqsədlərlə baş tutan bu evlilik əsnasında özünün 65, gəlinin isə 12 yaşı vardı. Bu nigahdan övladı olmadı.

Uzun müddətli məşuqəsi Teodora Komnini ilə olan münasibətdən 2 övladı doğuldu.

Aleksey Komnenos (1170-1199), atasının qətlindən sonra Gürcüstana qaçdı. Burada bir neçə dəfə evləndi və şəcərəsinə mənsub olanlar arasında məşhur Andronikaşvili ailəsi də var. İrina Komnini (1171-?), imperator I Manuilin nigahdan kənar oğlu Aleksey Komnenosla evləndi. Əri 1183-cü ildə həbs edilərək kor edildi. Bu hadisədən sonra rahibə olmağı seçdi. Qalan həyatıyla bağlı məlumat yoxdur.

Mənbə

Ədəbiyyat

İstinadlar