Yunan və Danimarkalı Yelizaveta (; ) — Yunanıstan kralı I Georqun nəvəsi, Törrinq qrafinyası.

Həyatı 1904-cü ildə Afinada dünyaya gəldi. Atası Şahzadə Nikolay Yunanıstan kralı I Georqun oğlu, anası Knyaginya Yelena isə Böyük knyaz Vladimir Aleksandroviçin qızıdır. Hər il anasının qohumlarını ziyarət etmək məqsədilə Rusiyaya səyahət etdilər. Bu səyahətlər əsnasında çar II Nikolayın qızlarıyla yaxın münasibət qurdular. Birinci Dünya müharibəsi başladığı əsnada Sankt-Peterburqda idilər. 1917 Oktyabr inqilabı və Yunanıstanda muxtariyyətin ləğvindən sonra maddi sıxıntılar çəkməyə başladılar. Sürgün edilən ailə bir müddət Fransada yaşadı.

1920-ci ildə əmisi I Konstantin hakimiyyətini bərpa etsə də, 2 il sonra taxt-tacın itirilməsi səbəbilə ailə yenidən sürgünə yollandı. San-Remo, Paris və Londonda digər ailə üzvləriylə birgə yaşadı. Uels şahzadəsi Eduard (Britaniya kralı V Georqun oğlu), Pyemont şahzadəsi Umberto (İtaliya kralı III Viktor Emmanuilin oğlu) və Rumıniyalı Nikolay (Rumıniya kralı I Ferdinandın oğlu) onun üçün nəzərdə tutulan bəy namizədlərindən bəziləri idi. Ancaq bu danışıqlar nəticəsiz qaldı. Nəhayət, 10 yanvar 1934-cü ildə Münxendə Belçika kraliçası Bavariyalı Yelizavetanın bacısı oğlu olan Karl Teodorla evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Hans Veyt (1935-) Helena (1937-)

Onun evlənərək Almaniyaya gəldiyi dövr Adolf Hitlerin güc qazandığı dövr idi. Nasist partiyasına üzv olmasalar da, cütlük partiyanın bütün tədbirlərində ön sırada iştirak edirdi. Bu isə ailə daxilində onların təcrid edilməsinə səbəb oldu. Belə ki, bacılarından biri Kent hersoqu Corcla evli olan Şahzadə Marina, digəri isə Yuqoslaviya şahzadəsi Pavellə evli olan Şahzadə Olqa idi.

Xərçəng xəstəliyindən əziyyət çəkirdi və 1955-ci ildə bu səbəblə vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Yunanıstanın qadın şahzadələri