Utbə ibn Qəzvan əl-Məzini (; ) — Məhəmmədin tanınmış səhabələrindən biri idi. O, islamı qəbul edən yeddinci şəxs hesab olunur və müsəlmanların Həbəşistana ilk hicrətində iştirak etmiş, daha sonra Məkkəyə qayıdaraq Məhəmmədin yanında qalmış, sonradan isə ikinci hicrətdə Mədinəyə köçmüşdür. O, Bədr döyüşündə (624), Uhud döyüşündə (625), Xəndək döyüşündə (627), eləcə də Yəmamə döyüşü daxil olmaqla bir çox digər döyüşlərdə iştirak etmişdir.
Ömər ibn Xəttabın xilafəti dövründə (634–644) Utbə 2000 nəfərlik bir qoşuna komandanlıq edərək Ubulləyə qarşı 635-ci ilin iyunundan sentyabrına qədər davam edən yürüşə rəhbərlik etmişdir. Ubulla ələ keçirildikdən sonra o, Dəclə çayının o tayına bir dəstə göndərmiş, həmin qüvvə Furat bölgəsini, daha sonra isə Meysan və Abarqubazı fəth etmişdir. Az sonra xəlifə tərəfindən Bəsrənin (İraq) valisi təyin edilmişdir. 639-cu ildə həcc ziyarətini yerinə yetirmək və valilikdən azad edilməsini xahiş etmək üçün Hicaza getmişdir. Ömər onun istəyini qəbul etməmişdir. Lakin Utbə Bəsrəyə qayıdarkən dəvəsindən yıxılmış və vəfat etmişdir. Ondan sonra Bəsrənin valisi Muğirə ibn Şöbə olmuşdur.
Məhəmmədin səhabəsi və mənşəyi Utbə təqribən 581-ci ildə Qəzvan ibn əl-Haris ibn Cabirin oğlu olaraq dünyaya gəlmişdir. O, Hicazda yaşayan Qeys qəbiləsinin Mənsur ibn İkrimə qolunun kiçik qollarından biri olan Bənu Məzin tayfasına mənsub idi. Utbə Məkkədəki Qureyş qəbiləsinin Bənu Nəvfəl qolunun müttəfiqi idi. O, islamı erkən qəbul edənlərdən biri və Məhəmmədin səhabəsi olmuşdur. Rəvayətə görə, islamı qəbul edən yeddinci şəxs idi. O, müsəlmanların Məkkədən Həbəşistana iki hicrətində iştirak etmiş, həmçinin Bədr döyüşündə və Məhəmmədin rəhbərlik etdiyi və ya göndərdiyi bir sıra yürüşlərdə döyüşmüşdür.
Utbə Bənu Səqif qəbiləsindən olan Haris ibn Kələdanın qızı ilə evlənmişdi. Bəlazuriyə görə onun adı Əzdə idi, Mədainiyə görə isə Səfiyyə adlanırdı.
İraqın işğalı Əbu Bəkrin xilafəti dövründə (632–634) müsəlmanlar Xalid ibn Vəlidin rəhbərliyi altında Sasani imperiyasına qarşı Aşağı Mesopotamiyada (İraqda) ilk yürüşlərini həyata keçirmişlər. Lakin bu yürüşlərin əldə etdiyi nailiyyətlər ya məhdud olmuş, ya da uzun sürməmişdir. Əbu Bəkrin varisi Ömər ibn Xəttab Mədinədən Utbəni bu cəbhəyə göndərmiş və bununla İraqın qəti fəthi başlanmışdır. Orta əsr ərəb mənbələrinə görə, onun ordusu 300 nəfərdən 2000 nəfərə qədər dəyişirdi. Qoşunun əsas hissəsini Utbənin qohumluq əlaqələri olduğu Bənu Səqif qəbiləsinin üzvləri təşkil edir, digər hissəsi isə yürüş zamanı onun ordusuna qoşulan köçəri ərəb tayfalarından ibarət idi.
Utbə Ubullə şəhərinə və burada yerləşən 500 nəfərlik Sasani süvari qarnizonuna hücum etdi. O, əvvəlcə yaxınlıqdakı Xüreybə adlı kənddə düşərgə saldı, sonra Ubullənin müdafiəçilərini məğlub edərək şəhəri ələ keçirdi və qarət etdi. Şəhərin mühafizəsini qayını Nafi ibn əl-Haris ibn Kələdaya tapşırdı və Ubulləni bölgədəki digər Sasani mövqelərinə qarşı əməliyyat bazası kimi istifadə etdi. Bundan sonra özü və ya tabeliyindəki sərkərdələrdən Muğirə ibn Şöbə və Mücaşi ibn Məsud əs-Süləmi Furat, Meysan, Abazqubaz və Dəst Meysan bölgələrini də ələ keçirdilər. Bu ərazilərin hamısı Dəclə çayının aşağı axarı boyunca yerləşirdi.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Raşidi xilafətindən olanlar Kateqoriya:Səhabələr Kateqoriya:Ərəb generallar