Henry Benedikt Tomas Eduard Mariya Klement Fransisk Xavier Stüart (; ) — Yakobit kralı Ceyms Fransisk Eduard Stüartın oğlu, Roma-katolik kilsəsinin kardinalı. Yakobit taxt hüququnun son iddiaçısıdır.

1725-ci ildə Romada dünyaya gəldi. Atası İngiltərə, Şotlandiya və İrlandiya kralı II Ceymsin oğlu, Uels şahzadəsi Ceyms Fransisk Eduard Stüart, anası isə Polşa kralı III Yan Sobieskinin nəvəsi Mariya Klementina Sobieskadır. Doğulduğu gün Roma papası XIII Benedikt tərfindən vəftiz edildi. Uşaqlıq illəri Roma və Bolonyadakı ailə mülklərində, bir-biriylə durmadan dalaşan valideynləriylə keçdi. Hətta onun doğumundan qısa müddət sonra anası Mariya Klementina yeni doğulan Henrini də yanına alaraq sarayı tərk etdi və bir monastıra qapanaraq 2 il orada yaşadı. Azyaşlı Henri Stüartın kilsəylə ilk tanışlığı da bu illərdə oldu.

Böyük qardaşı Çarlz Eduardın başlatdığı 1745 tarixli hərbi əməliyyata yardım məqsədilə Fransaya yollandı. Fransa ordusunda xidmət etdi və bu illərdə Antverpen mühasirəsində iştirak etdi. 1746-cı ildə alınan məğlubiyyətin ardından Romaya qayıtdı.

30 iyun 1747-ci ildə rəsmi şəkildə dini karyeraya addım atdı. Roma papası XIV Benedikt tərəfindən Roma-Katolik kilsəsində vəzifələndirildi və 1 sentyabr 1748-ci ildə bütün taxt-tac, eləcə də evlənmək hüququndan imtina edərək rahib oldu. 1751-ci ildə Müqəddəs Pyotr bazilikasının baş rahibi təyin olundu. Avropanın hər tərəfindən gələn kilsə gəlirləri səbəbilə xeyli şəxsi sərvətə sahibləndi. Ancaq Fransız inqilabı illərində oradakı şəxsi mülklərini itirdi. Venesiyadakı İngiltərə səfirinin yardımıyla, Britaniya kralı III Georqdan illik 4 min sterlinq ödəniş almağa başladı.

Atasının 1766-cı ildə vəfatından sonra Yakobit taxt hüququ böyük qardaşı Çarlz Eduarda keçdi. Ancaq Anqlikan məzhəbini qəbul etməsi səbəbilə, Vatikan onun İngiltərə taxt-tacındakı haqqını rəsmi şəkildə tanımadı. Qardaşının 1788-ci ildə vəfatından sonra Yakobit taxt hüququ Henri Benedikt Stüarta keçdi. Buna baxmayaraq, Roma-Katolik kilsəsi onun bu taxt hüququnu da daşıdığı dini vəzifələr səbəbilə tanımadı. Üstəlik 1792-ci ildən etibarən III Georqu Böyük Britaniya və İrlandiya kralı kimi tanıdı. Bu hərəkətin ardından Henri Benedikt Stüart Roma papası VI Piyə rəsmi nota verərək bu hərəkəti qınadı. 1807-ci ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Reprinted:

İstinadlar