Xan Məhəmməd bəy Mirzə bəy oğlu Ustaclı və ya Məhəmməd xan Ustaclı (ö. 1514, Çaldıran düzü, Maku, Səfəvi imperiyası) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. Məhəmməd xan Ustaclı Türkman tayfası olan Ustaclı tayfasından olmuş, Səfəvi hökmdarı I Şah İsmayılın (1501–1514) dövründə fəaliyyət göstərmişdir. O, Şah İsmayılın Kiçik Asiyadakı və Mesopotamiyadakı fəthlərində mühüm rol oynamış, 1506-cı ildən ölümünə qədər Diyarbəkir hakimliyi vəzifəsini icra etmişdir. Onun barəsində anonim müəllif tərəfindən yazılan "Tarix-i Qızılbaşan" əsərində qısa məlumat verilir:
"Onlar I Şah İsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkir hakimi idi, az bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi."
Xan Məhəmməd Çaldıran döyüşündə öldürülmüşdür.
Həyatı Məhəmməd xan Ustaclı Mirzə bəy Ustaclının ailəsində doğulmuşdur. Özündən başqa Ovlaş bəy Ustaclı, Əvəz bəy Ustaclı və Qara bəy Ustaclı adlı üç qardaşı olmuşdur. O, Şah İsmayılın bacılarından biri ilə evlənmişdir. Onun Şah İsmayıın dərgahına qoşulması barədə "Aləmara-yi Səfəvi" əsərində qısa məlumat var:
"İsmayıl əzəmətli əcdadlarının və kəramətli şeyxlərin ruhlarından xeyir-dua diləyib, darülirşad Ərdəbildən Qarabağa yola düşdü. Orada Şamdan, Diyarbəkirdən, Sivasdan, Bayburddan və o hüduddan üç-dörd min nəfərədək sufi və əqidə sahibləri ali taxtın ətəyinə gəldilər. O cümlədən Əbdi bəy Şamlu 300 nəfərlə və Xan Məhəmməd Ustaclı böyük dəstə ilə aləmin pənahı olan dərgahın qulluğuna hazır olub, xidmət göstərmək səadətinə nail oldular və İsmayılın razılığını qazandılar."
İsmayıl Mahmudabadda olarkən onu və bir başqa Ustaclı əmirini Bakı qalasını almaq və oradakı Şirvanşah xəzinəsini ələ keçirmək üçün göndərdi. O həmçinin İsmayıl Naxçıvana doğru hərəkət edərkən bu yürüşdə iştirak edən əmirlərdən biri idi. Məhəmməd bəy Ustaclı 1501-ci ildə Şərur döyüşündə və Təbrizin alınmasında Səfəvi ordusunun rəhbərlərindən idi.
Ən əvvəldən Şah İsmayılın yanında olan Məhəmməd xan onun Şirvan yürüşündə də iştirak etmişdi. Məhəmməd xan həmçinin Almaqulağı döyüşündə Şah İsmayıl qoşununun cinahlarından birinə rəhbərlik edirdi. Bu barədə Aləmara-yi Şah İsmayıl əsərində yazılır:
"Döyüş meydanına yerləşdikdə isə Şah İsmayıl mərkəzdə qərar tutdu. Sağ cinahda Abdal bəy Dədə və Əbdi bəy Şamlu qorçularla birlikdə səf çəkdilər. Sol cinaha isə Məhəmməm xan Ustaclı və qardaşı Qara xan Ustaclı rəhbərlik edirdilər. "
1506-cı ildə İsmayıl Dülqədiroğullarından Əlaüddövlə ilə toqquşmalardan sonra Xoya dönmüş, Məhəmməd xan Ustaclını Diyarbəkirin hakimi təyin edilmişdir. Beləliklə, "tamam Diyarbəkir mülkü Azərbaycan məmləkətinin əlavəsinə çevrildi".
Şərqi Anadolu ələ keçirildikdən sonra Məhəmməd xan Ustaclıya verilmiş Diyarbəkir vilayəti Səfəvi dövlətinin hərbi-strateji baxımdan ən önəmli ərazilərindən birinə çevrildi. "O, həm Səfəvi hakimiyyətini tanımayan Ağqoyunlu əmirlərinə, həm qiyamçı kürd tayfalarına, həm Zülqədər bəyliyinin aramsız basqınlarına qarşı mübarizə aparır, bəzən isə Osmanlı və Məmlük dövlətlərinə qarşı sərhəd münaqişələrinə girməli olurdu."
Diyarbəkir hakimi kimi Şah İsmayıl Diyarbəkir, Mosul və Səncarı tutduqdan sonra Bağdadın şimalındakı Cizrə vilayətini ələ keçirmək üçün ora bir dəstə əsgər göndərdi. Cizrə hakimi Əmir Şərəf Əmir Bədrin oğlu idi. Uzunmüddətli mühasirə nəticəsiz qaldı və qızılbaşlar müvəffəqiyyət əldə edə bilmədən geri qayıtdılar. Bu səbəbdən Şah İsmayıl Məhəmməd xan Ustaclını və onun rəhbərliyində Ustaclı dəstəsini yenidən Cizrəyə göndərdi. Ustaclılar sözügedən bölgəni ələ keçirib talan etdilər. Şah İsmayıl Xoyda olarkən Əmir Şərəfəddin 11 nəfərlik Kürd əmir və hakimləri onun əlini öpmək üçün Xoya gəldilər. Şah İsmayıl Məhəmməd xan Ustaclının təhriki ilə Əmir Şərəfəddin də daxil olmaqla 9 nəfəri həbsə atdırdı.
Şah İsmayıl öz qoşunları ilə Xoya yollandıqdan sonra Diyarbəkirin yerli hakimləri və onların tərəfdarları özlərini daha arxayın hesab edərək yenidən qızılbaşlara itaətsizlik yolunu tutdular. Bu qüvvələrin başında vaxtilə Mosul hakimi olmuş Əmir bəyin qardaşı Qayıtmış bəy dayanırdı. Qayıtmış bəy ətrafına topladığı dəstə ilə Diyarbəkirin Hamid adlanan mərkəzi hissəsini ələ keçirdi və qızılbaşlar hakimiyyətinə tabe olmadığını bildirdi. Qayıtmış bəyin belə bir əmələ əl atması bölgənin kürd silahlı dəstələrini də həvəsə və hərəkətə gətirdi və onlar da Məhəmməd xan Ustaclıya qarşı silah qaldırdılar. Məhəmməd xan da nəhayətdə qoşun dəstəsi ilə qayıtmış bəyin üstünə hücum çəkdi və tərəflər arasında ciddi bir döyüş baş verdi. Bu qarşıdurma İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" və Həsən bəy Rumlunun "Əhsən-ət Təvarix" əsərlərində daha geniş təsvir edilmişdir. Münşi yazır: "…Xan Məhəmməd Diyarbəkirə gəldi. Gülabi bəy Mosullunun oğlu Qayıtmış bəy Həmid şəhərində idi. O, düşmənçilik edərək, qalanı bağlayıb, oraya daxil olmağa mane oldu. Xan Məhəmməd çarəsizlikdən bayırda qaldı. O ətrafdakı kürdlər qızılbaş ordusuna qarşı çoxlu basqınlar etdilər. Xan Məhəmməd kürdlərin üstünə getdi. Onların arasında böyük bir vuruşma oldu. Kürdlərdən yeddi min nəfər öldürüldü. Xan Məhəmməd kürdlərlə hərbdən qalib və müzəffərcəsinə qayıtdı. Qayıtmış bəy ona müqavimət göstərə bilməyib, öz adamını Əlaüddövlə Zülqədərin yanına göndərdi və ondan kömək istədi, əvəzində şəhəri ona verəcəyinə söz verdi. Əlaüddövlənin vəziyyətində məğlubiyyət aşkar olduğuna baxmayaraq, Qayıtmış bəyin xahişi əsasında Həmid şəhərini almaq həvəsi ilə o qışda bir daha döyüşkən qoşun yığaraq, öz oğulları Sarı Qaplan adı ilə məşhur olan Qasım bəyin və Ərdüvanə bəyin başçılığı ilə on min nəfəri Diyarbəkirə, Xan Məhəmmədə qarşı göndərdi. Xan Məhəmməd Ustaclı ordusunun sayca az olmasına baxmayaraq, şahın zavalsız bəxtinə arxalanıb, ustaclu tayfası ilə birlikdə o ulduz kimi saysız qoşunun qarşısında döyüş nizamı tutdu. Xan Məhəmməd qüdrətli dövlətin uğurlu bəxtinin gücü ilə müvəffəqiyyət və zəfər qazandı."
Rumlu yazır ki, bu döyüşdə igidliklə və qorxmazlıqla Əlaüddövlənin başqa övladlarından seçilən Sarı Qaplan və qardaşı Ərdüvanə bəy bir çox adamla tululub qətl edildilər. "Sarı Qaplan üç yüz nəfər zülqədərlə atdan düşmüşdü, lakin döyüşü davam etdirirdi. Xan Məhəmməd onu tanıyıb qoşununa hökm etdi ki, onu tutub yanına gətirsinlər. Ərdüvanə bəy də əsir alındı. Bu döyüşdə zülqədər camaatından yeddi yüz nəfər ad-san sahibi və otuz nəfər bayraq (ələm) yiyəsi əmir qətlə yetirildi. Sarı Qaplan elə ki Məhəmməd xanın yanına çatdı, onun ətəyinə düşüb xahiş etdi ki, "məni sağ-salamat İsgəndər şanlı xaqanın dərgahına göndərin". [Amma] o, [bu xahişi] qəbul etmədi. Axırda [Məhəmməd xan] bəzi adamların təhriki ilə [Sarı Qaplanı da] Ərdüvanə bəylə birlikdə qətlə yetirib onların başlarını ali dərgaha göndərdi. Qasid Xoy qışlağında özünü hökmdar ordusuna yetirdi və əhvalatı kama çatmış hökmdarın dərgahında ərz edib, ənama və ehsana qərq olaraq Diyarbəkirə tərəf geri döndü, şahın ona göstərdiyi böyük hüsn-rəğbəti ərz etdi."
Xan Məhəmməd qələbə çaldıqdan sonra Qayıtmış bəyin üzərinə yürüdü. Qayıtmış bəy şəhərin darvazalarını bağlı saxlamaq istəsə də buna nail ola bilmədi. Həmid şəhərinin əhalisi ondan üz çevirərək şəhərin darvazalarını açıb qaziləri içəri buraxdılar. Bu hadisədən sonra Xan Məhəmməd Diyarbəkirdə müstəqil hakimiyyət sürməyə başladı. Əlaüddövlə öz oğullarının qətlindən xəbər tutub dağınıq qoşununu bir daha toplayaraq digər oğulları Kor Şahrux və Əhməd bəyi 15 min süvari ilə Xan Məhəmmədin üzərinə göndərdi. Xan Məhəmməd yenidən şəhərin müdafiəsinə qalxdı və zülqədər qoşunu ilə yeni bir döyüşə girdi. Bu döyüşdə Xan Məhəmmədin ordusu 3 min nəfərdən ibarət idi. Xan Məhəmməd döyüşdə qalib gəldi və Əlaüddövlənin digər övladları Kor Şahrux və Əhməd bəy qətlə yetirildi.
"Aləmara-yi Şah İsmayıl" əsərinin müəllifi yazır ki, itaət etməyən bəzi keçmiş Ağqoyunlu əmirlərinə qarşı fəal mübarizə aparan Məhəmməd xan Ustaclı kürdlərin mahmudi tayfasının başçısı İsgəndərin qiyamını da yatırdı və onun 7 minlik qoşununu darmadağın etdi. Ümumiyyətlə, Məhəmməd xanın Şərqi Anadoluda gördüyü tədbirlər həmin ərazidə Səfəvi hakimiyyətinin, müvəqqəti də olsa, möhkəmlənməsinə səbəb oldu. O, cəsur döyüşçü və istedadlı sərkərdə olmasına baxmayaraq, bacarıqlı siyasətçi deyildi. Bölgəyə hakim təyin edildiyindən bəri sadəcə qılıncının gücü ilə hökm etməyə çalışdı və qarşısına çıxan hər kəslə savaşdı.
Sultan Səlimlə baş verən münaqişələrdə rolu Elmi-tarixi araşdırmalarda Osmanlı-Səfəvi müharibəsinin səbəblərinə toxunarkən Diyarbəkir hakimi Məhəmməd xan Ustaclının da təhrikindən söz açılır. Şah İsmayıl Məhəmməd xan Ustaclının məktubunu aldıqdan sonra öz elçilərini Sultan Bəyazidin yanına göndərmişdi. Mənbələr yazır ki, bu məktub çox iddialı idi və burada Osmanlı sultanının ünvanına hörmətsizlik nümayiş etdirilmişdi. Sultan Bəyazid məktubu təmkinlə qarşılasa da, Sultan Səlim məktubla bağlı qəzəbini nümayiş etdirməkdən çəkinmədi. Məhəmməd xan Ustaclı Sultan Səlimə də məktublar göndərirdi. Məhəmməd xan Ustaclı ona məktubla yanaşı bir qılınc və qadın geyimi göndərmiş, bu da Səlimin qəzəbinə səbəb olmuşdu. Bu barədə "Əhsən ət-Təvarix" əsərində məlumatlar öz əksini tapır:
"Bu il Rum padşahı Sultan Səlim, Cəmşid səviyyəli xaqanın saray adamlarına qarşı üsyan məqamına gəldi. Onun müxalifliyinin səbəbi budur ki, Xan Məhəmməd Ustaclı Diyarbəkiri istila etmiş, bir neçə dəfə zülqədər qoşununu az adamla məğlub etmiş, onun mülazimi Dəli Duraq yetmiş süvari ilə Misir padşahı Sultan Qansunun igidlikdə şöhrət tapmış və ad-san qazanmış üç yüz qulamını məğlubiyyətə uğratmışdı. Bu şücaət üzündən onun (Xan Məhəmmədin) lovğalığı, qüruru, əzəməti, cah-calalı və özündənrazılığı həddini aşdı və Sultan Səlimə təhdid və təhqirlə dolu məktublar göndərib onu vuruşmaya və qarşıdurmaya rəğbətləndirdi və təhrik etdi. Hətta ona kələğayı və s. kimi fitnə-fəsada səbəb olan bir neçə şeylər göndərdi."