Görünməyən rəqəmsal əmək () — müştərinin avtomatlaşdırılmış proses tərəfindən yerinə yetirildiyini düşündüyü, lakin əslində insan tərəfindən icra olunan əmək fəaliyyətidir. Termin antropoloq Meri Qrey və kompüter alimi Siddharth Suri tərəfindən 2019-cu ildə nəşr olunan Ghost Work: How to Stop Silicon Valley from Building a New Global Underclass kitabında irəli sürülmüşdür.
Tərifi Qrey və Suriyə görə, görünməyən rəqəmsal əmək internet və tətbiqi proqramlaşdırma interfeysi (API) vasitəsilə həyata keçirilən tapşırıq əsaslı və məzmun yönümlü işləri əhatə edir. Bu işlərə məlumat və məzmunun etiketlənməsi, redaktə edilməsi, çeşidlənməsi, eləcə də məzmun moderasiyası daxildir.
Onların fikrincə, görünməyən rəqəmsal əmək məsafədən və müqavilə əsasında yerinə yetirilə bilər. Bu, tam ştatlı, yarımştat və ya müvəqqəti iş axtaran şəxslər üçün miqyaslana bilən, lakin görünməyən əmək qüvvəsidir. Bu iş növünün üstünlüklərindən biri çevik iş saatlarıdır. İşçi tapşırığı nə vaxt yerinə yetirəcəyini özü müəyyən etdiyi üçün bu fəaliyyət iş axtaranlar və ya əlavə gəlir əldə etmək istəyənlər üçün cəlbedici hesab olunur.
Görünməyən rəqəmsal əmək frilans iş və ya müvəqqəti işdən onun tapşırıq əsaslı olması və işçinin əməyinin adətən görünməz qalması ilə fərqlənir. Frilans iş ümumilikdə platforma əsaslı fəaliyyət olsa da, görünməyən rəqəmsal əmək proqram təminatı və alqoritmlərin inkişafına dəstək verməyi ön plana çıxarır. Məzmunun etiketlənməsi vasitəsilə bu işçilər maşın öyrənməsi sistemlərinin təliminə töhfə verirlər. Amazon platformasında çalışan bəzi görünməyən rəqəmsal əməkçilər bir-birlərinə kömək etmək və platformada dəyişikliklər tələb etmək məqsədilə WhatsApp qrupları vasitəsilə özünütəşkil formaları yaratmışlar.
Yanlış təsəvvür Kaliforniya Universitetinin (San-Dieqo) əmək üzrə dosenti Lilli İraninin fikrincə, kompüter elmləri sahəsi və texnologiya şirkətləri texnologiyanın "möcüzə" kimi görünməsi obrazını yaratmağa çalışırlar. Onun sözlərinə görə, Amazon-un tapşırıq və frilans iş platforması olan MTurk istehsal prosesində iştirak edən insanları görünməz saxlayır, çünki onların görünməsi bu müsbət təsəvvürü zəiflədə bilər.
Irani hesab edir ki, bu yanaşma yalnız şirkətlərin ictimai nüfuzunu qorumaq məqsədi daşımır, həm də investorlara yönəlmişdir. İnvestorlar genişləndirilə bilən (miqyaslana bilən) texnologiyalara əsaslanan bizneslərə, ofis sahəsi və minimum əməkhaqqı tələb edən böyük işçi qüvvəsinə malik şirkətlərdən daha çox maraq göstərirlər. O, həmçinin qeyd edir ki, bu işçilərin daha təkmil süni intellekt sistemləri yaradılanadək müvəqqəti həll yolu olduğu barədə geniş yayılmış fikir mövcuddur. Bununla belə, bu inanca baxmayaraq, görünməyən rəqəmsal əmək bazarında azalma müşahidə olunmur. Müəyyən çatışmazlıqlar mövcud olsa da, bu sahənin yaxın illərdə daha da genişlənəcəyi ehtimal olunur.
İstinadlar
Kateqoriya:Məşğulluq təsnifatları Kateqoriya:Təhlükəli iş Kateqoriya:İnsan əsaslı hesablama