Azadlıqlar Xartiyası (), həmçinin Tacqoyma Xartiyası kimi də adlandırılır — I Henri (Henri Boklerk) tərəfindən tərtib edilmiş və 1100-cü ildə onun taxta çıxması münasibətilə elan olunmuş bəyannamədir.
Azadlıqlar Xartiyası kralın, zadəganların və kilsə xadimlərinin hüquqları ilə əlaqədar üzərinə götürdüyü müəyyən öhdəlikləri müəyyən edir.
Sənəddə I Henrinin sələfi və qardaşı olan II Vilhelm (Qırmızı Vilhelm) tərəfindən hakimiyyətdən sui-istifadə edilməsi halları, xüsusilə baronların əlavə vergilərə cəlb olunması, yepiskopluqların və kilsə icmalarının sayının həddindən artıq artırılması, habelə simoniyanın (kilsə vəzifələrinin satılması) mövcudluğu barədə mülahizələr öz əksini tapmışdır.
Bu sənədin qəbul edilməsi İngiltərədə azadlıqların tarixində həlledici mərhələ hesab olunur; lakin zaman keçdikcə İngiltərə kralları bu xartiyanın şərtlərinə məhəl qoymamağa başlamışdılar. 1213-cü ildə arxiyepiskop Stefan Lenqton zadəganlara bu sənədin mövcudluğunu yenidən xatırlatmışdı. Azadlıqlar Xartiyası Böyük Azadlıqlar Xartiyasından (Magna Carta) tam bir əsr əvvəl azadlıqlara təminat vermiş və bu baxımdan onun sələfi hesab olunur.
Xartiyanın mətni, həmçinin 19 mart 1315-ci ildə Fransa kralı X Lüdovik tərəfindən Normandiyanın muxtariyyətini tanımaq məqsədilə verilmiş "Normanlar Xartiyası"nın tərtibində istifadə edilmişdir. Sənəd həm də 1814-cü ildə XVIII Lüdovik tərəfindən fransızlara bəxş edilmiş Konstitusiya Xartiyasının əsasını təşkil etmişdir.
İstinadlar
Biblioqrafiya
Xarici keçidlər
Text of the Charter. Archived from the original on 15 November 2018. Text of the Charter at Internet Medieval Sourcebook, part of Internet History Sourcebooks Project
Kateqoriya:İngiltərənin hüquq tarixi Kateqoriya:Orta əsrlərdə hüquq Kateqoriya:Tarixi konstitusiyalar