Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli balet. Baletin musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.И. Л. Лебединский. Тысяча и один раз о "1001 ночи" / Под ред. В. П. Леонова и Назима М. ад-Дейрави. — Россия и арабский мир. — Санкт-Петербург: Ноах, 2007. — Т. 10. — С. 27. Baletin premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutumuşdur.

Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir.

"Min bir gecə" dərin fəlsəfi tamaşadır. Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.

Tarixi

Mənbə və mövzular

250px|thumb|left|Şəhrizadənin Şəhriyara nağıllar danışması. Rəssam: Ferdinand Keller. 1880 F. Əmirov baletinin əsas qayəsini qədim tarixə malik olan "Min bir gecə" nağılları, qəddar Şəhriyar və müdrik Şəhrizadə, Şərq qadınının zəkası, igidliyi və xeyirxahlığı, bütün bu cəhətlərin gücü ilə qalibiyyətə nail olması təşkil edir. Baltedə bir çox münaqişələr, təzadlıq məqamlar baş verir. Tamaşanın emosional palitrası çox zəngindir: burada qəddarlıq və zəriflik, nifrət və məhəbbət, ölüm və şənlik qarşılaşır.

Libretto müəllifləri olan Maqsud və Rüstəm İbrahimbəyovlar nağılın əsas qayəsini götürərək, əsasən fəlsəfi məğzi açmağa nail olmuşlar. Buna görə də burada qırmızı xəttlə keçən mövzu xeyirlə şərin mübarizəsi və mərhəmətin təntənəsidir. Orijinal nağıllar toplusu ilə müqayisədə baletdə nağıllar və personajların sayı ixtisar edilmişdir. Əsas etibarilə nağıldan başlanğıc ekspozisiya, zavyazka, final, həm də müstəqil surətdə mövzud olan üç nağıldan istifadə olunmuşdur. İstifadə edilmiş nağıllar "Sindibad və sehrli zümrüd quşu", "Ələddin və gözəl Budur", "Əlibaba və qırx quldur" haqqında nağıllardır.

Fikrət Əmirovun "Min bir gecə" əsəri Azərbaycan baleti tarixində yeni mərhələ açmışdır. Belə ki, bu əsərdə çoxpərdəli tamaşa və kiçik formalı baletlərin ənənələri birləşir. Bəstəkar, balet janrında yazarkən artıq kamil bir simfonist idi. Onun yaradıcılığında, ümumiyyətlə, simfonik təfəkkür tərzi şərq mədəniyyəti ənənələrindən bəhrələnərək formalaşmışdı. Çox koloritli və parlaq bir əsər olan "Min bir gecə" baletində dərin fəlsəfi konsepsiya, müəllif düşüncəsinin dəqiqliyi və məntiqi ən diqqətçəkən bir məqamdır. Şərq xalqlarının nadir abidəsi üzrə yaranan bu əsərin konsepsiyasından baletin dramaturgiyası doğulur. Yəni burada iki aləm mövcuddur: real və nağıl dünyası. F. Əmirov bu baletdə klassik formalardan istifadə edərək, onları tam melodik və ritm-intonasiya komplekslərində əlaqələndirir.

Balet musiqisinin müəllifi olan Fikrət Əmirov müsahibəsində bildirir ki,

Yazılması Min bir gecə baleti Fikrət Əmirovun yaradıcılığında xüsusi mərhələ təşkil edir. Adətən əsərlərinin bədii məzmununu xalqa yaxın olan mövzulardan götürən Fikrət Əmirov Min bir gecə baletini yazarkən də ənənəsin sadiq qalaraq xalqın çox sevdiyi nağıllara müraciət etmişdir. S. Təhmiraqızı qeyd edir ki, "bəstəkar bu epik janrın dili ilə sanki öz düşüncələrini, məhəbbət və sədaqət ideyalarını tərənnüm edir." F. Əmirov "Min bir gecə" ərəb nağıllarının süjetinə müraciət etməsinin səbəbləri haqqında müsahibələrinin birində belə açıqlama verirdi:

Dünya folklorunun ən qiymətli incilərindən biri olan "Min bir gecə" ərəb nağılları süjetinin xoreoqrafik təcəssümü F. Əmirovdan bir bəstəkar kimi yüksək ustalıq və yaradıcılıq cəsarəti tələb edirdi. Çünki, Əmirovdan əvvəl dünya musiqi tarixində özünəməxsus yeri olan məşhur rus bəstəkarı N. A. Rimski-Korsakov və fransız bəstəkarı M. Ravel də "Min bir gecə" mövzularına müraciət edərək məşhur əsərlər yaratmışdılar.

Ümumilikdə Şərq mövzusu həmişə F. Əmirovu maraqlandırmışdır. H. Cavidin "Şeyx Sənan" dramına musiqi, Elmira Nəzirova ilə müştərək yazdığı "Fortepiano ilə orkestr üçün ərəb mövzularında konsert", Yaxın Şərqin böyük şairləri Sədi və Hafizin yaradıcılığından ilhamlanaraq yazdığı "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamından sonra "Min bir gecə" baleti bəstəkarın ərəb dünyası, ərəb mədəniyyətinə münasibətinin daha bir təcəssümü olmuşdur.

Balet üzərində işə başlamazdan əvvəl bəstəkar İran, İraq, Türkiyə, Misir, Suriya, Mərakeş və Hindistana səyahət etmiş, ümumşərq mədəniyyəti ilə sıx təmasda olmuşdur. Bu ölkələrə səfərləri zamanı, Əmirov şifahi ənənəli peşəkar musiqidə bir sıra müştərək cəhətləri hiss etmişdir. Əmirovun xüsusən ərəb musiqisi ilə daimi təması Azərbaycan xal musiqisi və şərq xalqlarının musiqisi arasında oxşarlıqları dərk edə bilməsinə təkan vermişdir.

F. Əmirov tərəfindən "Min bir gecə" nağıllarının seçilməsi bir sıra amillərlə şərtlənir ki, onlar arasında da ilk növbədə bəstəkarın özünün şərq nağıllarına məhəbbəti və ərəb ölkələrinin musiqisindən toplanan materiallar əsas şərtlərdəndir. Bəstəkar bu mövzuya müraciət etməsinin səbəbini belə açıqlayır:

Yaradıcılığında gərgin təzadları, ekspressiv və emosional qarşılaşdırmaları çox sevən F. Əmirov, "Min bir gecə"də də həmin məziyyətləri istifadə edir. R. Zöhrabovun fikrincə, "Baletin musiqisində əsas etibarilə üç təbii keyfiyyət diqqəti daha çox cəlb edir: obrazlı plastika, parlaq melodik dil; xarakter və hərəkətlərin təbiətindən, xalq rəqs musiqisi elementlərindən doğan ritmika; musiqisinin rəng və çalarlarını səciyyələndirən koloritlik. Bütün bunları bəstəkar "nömrəli" sistemdən uzaqlaşaraq simfonik inkişafı böyük, müfəssəl səhnələrdə təzahür etdirir."

Musiqisi

Min bir gecə baleti giriş və iki pərdədən ibarətdir. Bu iki pərdə öz mahiyyəti etibarilə kəskin təzad təşkil edir. Artıq orkestrın ilk xanələri sanki dinləyicini sehrli nağıllar aləminə aparır. Arfa və royalın yüksək registrdə zərb alətləri ilə birləşməsi gözəl bir ahəng yaradır.

Bu fonda baletin aparıcı mövzularından biri – məhəbbət mövzusu yaranır. Bu mövzu əsərdə etik başlanğıcın tərənnümü kimi böyük obraz – emosional məna kəsb edir. Məhəbbət mövzusu bütün kompozisiyanı əhatə edir. Onun yaranışı müxtəlif obraz mərhələlərini keçən, hər dəfə emosional gərginliyin ən yüksək pilləsində meydana çıxan vahid intonasiyanın registr variasiyası üzərində qurulur. Başlanğıc musiqi fikrinin intonasiya inkişafında belə mərhələlik muğam dramaturgiyasından irəli gəlir. Girişdə bu mövzu lirik tonlarla boyanır, səhnə arxasında qadın xoru ona qoşulan zaman həyəcanlı əhvali-ruhiyyə kəsb edir. Birinci pərdənin sonunda Şəhrizad Şəhriyarla görüşərkən bu mövzu çox geniş səslənir. Balet boyu məhəbbət mövzusu onun qarşısını kəsən bütün maneələri dəf edir. Finalda bu mövzu tam surətdə orkestrdə hakim mövqe tutur, lad, emosional baxımdan yeniləşir və qabiliyyyətli, təntənəli Do-majorda səslənir. Musiqişünas V. Şərifova-Əlixanova məhəbbət mövzusunu belə səciyyələndirir: "Bu mövzu, eyni zamanda baletin epiqrafı olub, sanki obraz məzmununu müəyyən edən emosional kamerondur." center|600 px Girişdə diqqət çəkən məqamlardan biri qadın xorunun ifa etdiyi vokalizin əlavə edilməsidir. Bu səs bir tərəfdən möcüzəli nağıl aləminin sədası, digər tərəfdən uzaq keçmişin əks-sədasıdır. Xüsusən səsin baletə əlavə edilməsi bir neçə amillə bağlıdır. Bir tərəfdən bu üsul bəstəkar üçün tipikdir. Belə ki, F. Əmirov "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamında və "Nəsimi dastanı" baletində də insan səsindən istifadə etmişdir. "Nəsimi dastanı"nda bu, həm qiraətçinin səsi, həm qadın xoru, həm də lirik-dramatik tenordur. Bu əsərində bəstəkar səsi dramaturji baxımdan ən mühüm anlarda istifadə edir.

Dramatik kulminasiyalar, gərgin səhnələr zamanı bəstəkarın sopranonu və xorun səslənməsini baletə əlavə etməsi müəyyən vəziyyət və şərait zamanl inandırıcı, təbii qavranılır. Hər dəfə onun səslənməsi məhz xoreoqrafiyanın inkişafına gərgin emosional vəziyyət aşılayır. center|600 px

"Min bir gecə" baletində qadın səsinin istifadə edilməsi müəyyən məna daşıyır. Qadın Şərq poeziyasında yüksək gözəllik və ülviliyin timsalıdır. Burada Şəhrizad belə bir anlamda təcəssüm olunur. Vokalizin mövzusu balet boyu daha iki dəfə səslənir. Birinci dəfə "Ölümə məhkum olunan qadınların qüssə və kədəri"ni xor ifadə edir. Sonra isə "Şəhriyar və Şəhrizadın dueti" səhnəsində solo qadın səsi səslənir.

Birinci pərdə əsasən təzadlar üzərində qurulur. Şəhriyar və Nuridənin səhnəyə gəlişinin əvvəlində zərb alətlərinin tembri səslənir. Bu lirik səhnə kantilen melodiya üzərində qurulur. Sonrakı səhnə olan "Orgiya" böyük simfonik inkişafa malik olan bir lövhədir. Burada mövzular qısa motivlərdən, kəskin sinkopalı ritmlərdən qurulur. Mövzular üst-üstə qoyularaq , ostinat ritmik formula, cəld passajlara çevrilir. Qəfildən Şəhriyar peyda olur, onun monoloqu aldanmış insanın əzablarını açır. Qəhrəmanın ruhi vəziyyətini cahargah ladının intonasiyaları ifadə edir. Şəhriyarın qəddar qərarının rəmzi olan "Cəlladların rəqsi"ndən sonra qadınların kədərli unison xoru səslənir. Onların oxuması "Mərsiyə" üzərində qurulur.

Şəhrizadın qəfil gəlişi məhəbbət mövzusunun fonunda baş verir. Valtornaların kəskin dissonans akkordu Şəhrizadın inadkar sədası kimi səslənir. Bu səhnə ilə birinci pərdə tamamlanır.

Birinci pərdə ənənəci balet formalarından finala doğru məqsədəuyğun şəkildə yönəlir, musiqi və süjet inkişafı ilə bağlanır. Baletin ikinci pərdəsi isə Şəhrizadın üç nağılından olan süita kimi qurulur. Süita formasında qurulmasına baxmayaraq burada da simfonikləşmə əsasdır. Üç nağıl isə "balet daxilində balet" kimi qavranılır.

Birinci pərdənin personajları olan Şəhriyar, Şəhrizadə, cəlladlar, gecəni rəmsil edən parıltılı göy geyimdə olan qadınlar ikinci pərdədə də iştirak edirlər. Bu personajlar baletdə bütövlük və tamlıq yaradaraq, diversiment xüsusiyyətini aradan götürürlər.

İkinci pərdədəki hər üç nağıla giriş cənub gecəsinin təsviridir. Hər nağılı sonluğu isə cəlladların ritmi və Şəhrizadı öldürməyə hazırlaşan Şəhriyarın qəzəbi ilə tamamlanır. Nağılların musiqisi çox obrazlı, proqramlıdır. Burada təbiət lövhələri, fantastik varlıqlar, dəniz sahili, quldurların rəqi, məhəbbət səhnələri və sair verilir. Nağılların musiqisi təsviri xarakter daşıyır, burada ənənəvi quruluşdan çox improvizəli ifadə üslubu əsasdır. Ümumiyyətlə, ikinci pərdədə əsas etibarilə qısa motivlərin çoxçeşidli dəyişilmələri tətbiq olunur. Bəstəkar bir ritm-intonasiya toxumundan bir çox variantlar yaradır.

Baletin ikinci pərdəsindəki üç nağıl özündə böyük məna yükü daşıyır. Buradakı nağıllar Şəhriyarın mənəviyyatındakı dəyişilmələrin təkamülünü bilavasitə hazırlayır. Məhz bu nağıllardakı xeyirin şərə qalib gəlməsi ideyası Şəhriyarı daxilən təkmilləşdirir və qəddar hökmdarın qəlbində məhəbbət və ədalət duyğusu bərqərar olur. Buna görə də baletin sonunda Şəhriyarla Şəhrizadın lirik dueti çox emosional səslənir. Şəhrizad öz müdrikliyi, zəkası və iradəsinin gücü ilə Şəhriyara qalib gəlir. Bədii məzmun musiqi dilində də öz dolğun ifadəsini tapır.

İnstrumentasiya Baletin süjeti ilə bağlı olaraq bəstəkar, Yaxın Şərq bölgəsinin musiqisinin koloritini baletdə böyük ustalıqla yaradır. Burada zərb alətləri qrupuna geniş yer verilir. Belə ki, baletdə ənənəvi zərb alətləri ilə yanaşı, spesifik və nadir alətlərdən də istifadə edilir. Hətta elə səhnələr vardır ki, bəstəkar yalnız zərb alətlərini tətbiq edir.