Jak-Rene Eber (; ) — Fransa jurnalisti, Fransa inqilabının xadimi, yakobinlər arasında ifrat sol cinahın təmsilçisi, ebertistlərin rəhbəri və sankülotların müdafiəçisi.
Həyatı Jak-Rene Eber 15 noyabr 1757-ci il tarixində Fransanın şimal-qərbində yerləşən Alanson şəhərində, zərgər ailəsində anadan olmuşdur. Jak-Rene ailənin dörd övladından ikincisi idi. Oğlanın təhsili ilə anası məşğul olmuşdur. O, oğlunun ailə ənənəsinə uyğun olaraq zərgərliklə məşğul olan dayısının yanında şəyirdlik etməkdənsə, Alanson Kollecinə daxil olmasına qərar vermişdir. Kolleci bitirdikdən sonra Eber prokurorluq ofisində klerk vəzifəsinə düzəlmişdir, lakin tezliklə ona qarşı bir həkimi təhqir etdiyi üçün cinayət işi qaldırılmışdır. Eber məhkəməni uduzmuş və 1779-cu ildə 1000 livr məbləğində cərimə olunmuşdur. Bu məbləğ ailənin müflisləşməsinə səbəb olmuşdur. Hadisədən sonra o, Alansondan Ruana, oradan isə qısa müddət sonra Parisə yollanmışdır. Parisdə yoxsulluq və aclıq içində yaşamağa məcbur qalan Eber 1786-cı ildə "Variete" Teatrında kiçik bir biletçi vəzifəsi əldə etmişdir. Sonda o, bir tanış həkimə müraciət etmiş, həmin şəxs isə Eber üçün bir əlyazmanı redaktə etmək işi tapmışdır.
İstedadlı bir pamfletçi olan Eber 1790-cı ilin yayında əsasını qoyduğu "Le Père Duchesne" qəzeti sayəsində Fransa inqilabının ən populyar xadimlərindən birinə çevrilmişdir. O, bu qəzetdə siyasi hadisələri xalqın anladığı, bəzən isə kobud bir dillə şərh etmişdir. 1791-ci ilin əvvəllərində Eber Kordelyerlər Klubunun üzvü olmuş, 1792-ci ilin iyulunda isə bu klubun sədri seçilmişdir. Şəhər şurasının üzvü və Paris Kommunasının komissarı kimi 10 avqust 1792-ci il üsyanında iştirak etmişdir. Həmin ayın sonunda Yakobin Klubuna daxil olmuşdur. 1792-ci ilin dekabrında Eber Paris kommunası prokurorunun müavini seçilmişdir. Onu 25 may 1793-cü il tarixində həbs edən, lakin xalq kütlələrinin təzyiqi ilə azad etməyə məcbur olan jirondistlərin devrilməsinə şərait yaratmışdır.
Eber inqilabi terrorun gücləndirilməsinin vacibliyini müdafiə edən, xristian ibadətlərinin ləğvini və "Ağıl kultu"nun tətbiqini tələb edən ebertistlərin rəhbəri olmuşdur. İslahatçı Jorj Dantonu və Maksimilyen Robespyeri azadlığa qəsd etməkdə ittiham etmişdir. Sonuncu isə öz növbəsində ebertistləri mənəvi pozğunluq, anarxizm və vətənə xəyanətdə günahlandıraraq, onlara qarşı təqiblərin başlanmasına təkan vermişdir. 14 mart 1794-cü il tarixində hökumət ebertistləri həbs etmişdir. Qondarma iş üzrə İnqilabi Tribunalın qərarı ilə 24 mart 1794-cü il tarixində Eber silahdaşları ilə birlikdə gilyotində edam olunmuşdur.
İstinadlar
Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransa jurnalistləri Kateqoriya:Yakobinçilər