Sendi Şou əsl adı Sandra Ann Qoodriç (; ) — İngiltərə müğənnisi. O, "Puppet on a String" mahnısı ilə 1967-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. 1960-cı illərin ən uğurlu britaniyalı qadın müğənnilərindən biri olaraq, o, "(There's) Always Something There to Remind Me" (1964), "Long Live Love" (1965) və "Puppet on a String" (1967) mahnıları ilə Birləşmiş Krallıq hit-paradlarında üç dəfə birinci pilləyə yüksəlib. Sonuncu mahnı ilə Birləşmiş Krallığı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək qalib gəlib və bu müsabiqədə ölkəsinə ilk qələbəni qazandıran iştirakçı olub. "Dəlisov Altmışıncılar" (Swinging Sixties) dövrünün rəmzi sayılan Şou, tez-tez "1960-cı illərin yalınayaq pop şahzadəsi" kimi təsvir edilib.
O, 15 illik fasilədən sonra, 1984-cü ildə "The Smiths" qrupunun "Hand in Glove" mahnısına oxuduğu kaver versiya ilə yenidən Birləşmiş Krallığın "Top 40" siyahısına qayıdıb. Şou musiqi karyerasını 2013-cü ildə başa vurub.
Həyatı Sendi Şou səhnədə debütünü 1964-cü ildə edib. Sendini müğənni Adam Feyt kəşf edib, bundan sonra o, menecer İv Teylorun himayəsinə keçib. Onun ilk sinqlı olan "As Long As You’re Happy" böyük uğur qazanmayıb, lakin bunun ardınca ifa etdiyi, Bört Bakarak və Hel Devidin məşhur "(There’s) Always Something There to Remind Me" kompozisiyasının versiyası Böyük Britaniya hit-paradında birinci yeri tutub.
Uca boyu sayəsində fotomodelə bənzəyən vokalçı, sonrakı üç il ərzində əsasən prodüseri Kris Endryus tərəfindən yazılan bir sıra populyar hitlər lentə alıb. Endryusun ritmik və həyat enerjisi ilə dolu kompozisiyaları Sendinin temperamentinə tamamilə uyğun gəlib. Bu kompozisiyalardan biri — kalipso ritmlərində bəstələnən "Long Live Love" mahnısı 1965-ci ildə hit-paradın zirvəsinə yüksəlib.
1967-ci ildə Şou Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil edib və orada "Puppet on a String" mahnısı ilə birinci yeri qazanıb. Bu mahnı sonradan həm də Britaniya hit-paradının liderinə çevrilib. Sendinin ikinci yerin sahibindən 53% fərqlə önə keçməsi müsabiqə tarixində rekord göstərici olub. Şounun səhnəyə yalınayaq çıxdığı bu çıxış kiçik bir qalmaqala səbəb olub, çünki konsert proqramı Vyana İmperator Sarayında keçirilib. Bu hadisədən sonra ayaqqabısız çıxış etmək müğənninin vizit kartına çevrilib.
Avroviziyadakı qalib mahnının müəllifləri Bill Martin və Fil Kaulter tərəfindən yazılan "Tonight In Tokyo" sinqlının uğurundan sonra Şou yenidən Endryusla əməkdaşlığa qayıdıb. O, 1969-cu ildə fransız hiti "Monsieur Dupont"un şəxsi versiyasını yazdırıb və bu, onun sonuncu populyar işi olsub.
Sendi Şounun qayıdışı 1980-ci illərin əvvəllərində, "The Smiths" qrupunun vokalçısı Morrissinin Sendinin altmışıncı illərdəki "Heaven Knows I’m Missing You Now" kompozisiyasından ilhamlanaraq "Heaven Knows I’m Miserable Now" mahnısını yazdırması ilə baş tutub. Müğənninin "The Smiths" qrupu ilə birlikdə yazdırdığı növbəti — 1984-cü il tarixli "Hand In Glove" sinqlı ona müəyyən bir uğur gətirib. 1986-cı ildə Lloyd Kulun mahnısının yeni versiyası olan "Are You Ready To Be Heartbroken?" kompozisiyası Britaniya hit-paradının son sıralarında yer alıb.
İngilis dili ilə yanaşı, mahnılarını italyan, fransız, alman və ispan dillərində də ifa edib, nəticədə kontinental Avropada (o cümlədən Şərqi Avropada), Cənubi Amerikada və İranda çox populyar olub. Modelyer Ceff Benkslə evləndikdən sonra dəb aləmi Şounun yeni maraq dairəsinə çevrilib və o, 1968-ci ildən etibarən öz şəxsi ticarət nişanı altında geyim istehsalına başlayıb.
1991-ci ildə öz avtobioqrafiyasını nəşr etdirib. Oksford və London universitetlərində təhsil aldıqdan sonra, 1994-cü ildə praktiki fəaliyyətlə məşğul olan bir psixoanalitikə çevrilib.
Diskoqrafiyası
Sandie (1965) Me (1965) The Golden Hits Of Sandie Shaw (1966) Puppet On A String (1967) Love Me, Please Love Me (1967) The Sandie Shaw Supplement (1968) Reviewing The Situation (1969) Choose Life (1983) Hello Angel (1988) Nothing Less Than Brilliant (1994) Pourvu Que Ça Dure — Chante En Français (2003) La Cantante Scalza — Canta In Italiano (2003) Wiedehopf Im Mai — Sandie Shaw Singt Auf Deutsch (2004) Marionetas En La Cuerda — Sandie Shaw Canta En Espanol (2004) Reviewing The Situation (2004) Hello Angel (2004) Nothing Comes Easy (2004) The Very Best Of Sandie Shaw (2005) Sandie/Me (2005) Puppet On A String (2005) Love Me, Please Love Me/The Sandie Shaw Supplement (2005) The Collection (2007)
İstinadlar
Xarici keçidlər
Official website [ Biography at AllMusic]
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Birləşmiş Krallığın "Avroviziya" təmsilçiləri