Mariam Şengeliya (; ) — Gürcüstan müğənnisi. O, "Freedom" adlı mahnı ilə 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etmişdir.

Şengeliya həmçinin Gürcüstanın "Mix2ura" musiqili kaver qrupunun üzvüdür.

Həyatı Mariam Şengeliya 14 may 2002-ci il tarixində Meqreliyada anadan olmuşdur. On yaşına qədər Tbilisidə böyümüş, daha sonra isə ailəsi ilə birlikdə Zuqdidi şəhərinə köçmüşdür. Uşaq yaşlarında onun oxumağa və çıxış etməyə marağı yaranmışdır. Şengeliya Tbilisi Dövlət Konservatoriyasında təhsil alaraq vokal ifaçılığı və musiqi nəzəriyyəsini öyrənmişdir. Onun erkən musiqi maraqlarına pop, soul və caz kimi müxtəlif janrlar daxil olmuş və bu istiqamətlər gələcəkdə bir sənətçi kimi formalaşmasına ciddi təsir göstərmişdir.

Karyerası Şengeliya 2018-ci ildə Gürcüstanın "X Factor" televiziya layihəsinin yarımfinalçısı olaraq ölkə miqyasında tanınmışdır. Bir il sonra o, nəticə etibarilə ləğv edilən 2020-ci il Avroviziya Mahnı Müsabiqəsi üçün Gürcüstan təmsilçisini müəyyən edən "Geostar" yarışmasında altıncı yeri tutmuşdur. 2020-ci ildə o, Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etməli olan Tornike Kipianinin "Take Me as I Am" mahnısında bək-vokalçı qismində çıxış etməli idi. 2021-ci ildə "The Voice Sakartvelo" yarışmasının dördüncü mövsümündə yarımfinala yüksəlmiş, 2025-ci ildə isə "Rəqslər ulduzlarla" layihəsinin Gürcüstan versiyası olan "Tsekvaven Varskvlavebi" şousunda ikinci yeri tutmuşdur.

14 mart 2025-ci il tarixində Mariam Şengeliyanın "Freedom" mahnısı ilə Bazeldə keçirilən Avroviziya-2025 müsabiqəsində Gürcüstanı təmsil edəcəyi elan olunmuşdur.

Şəxsi həyatı

Müğənninin Gürcüstandakı daxili seçim turunda qalib gəlməsi müsabiqə pərəstişkarlarının narazılığına səbəb olmuş və sənətçinin müsabiqədən kənarlaşdırılması tələbləri irəli sürülmüşdür. Bu reaksiyaya səbəb ifaçının siyasi baxışlarında, əsas da Rusiyanın Ukraynaya hərbi müdaxiləsi məsələsində baş verən dəyişikliklər olmuşdur. Şengeliya 2024-cü ilə qədər Ukraynanı fəal şəkildə dəstəkləmişdir, lakin sonradan bir çoxları tərəfindən rusiyameyilli hesab edilən "Gürcü arzusu" partiyasına rəğbət bəsləməyə başlamış və seçkilərdə bu partiyaya səs verməyə çağırmışdır. Bundan əlavə, Gürcüstanın mülki cəmiyyətinin hakim partiyaya qarşı mübarizəni davam etdirdiyi bir dövrdə, ifaçının müsabiqə mahnısının "Freedom" (Azadlıq) adlanması onun şəxsi mövqeyi ilə ziddiyyət təşkil etdiyi əsası ilə tənqid olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Gürcüstanın "Avroviziya" təmsilçiləri