Herreys və ya Herrey () — İsveç vokal qrupu. Herreys Per Herrey, Riçard Herrey və Luis Herrey adlı üç qardaşdan ibarət olan İsveç pop qrupudur. Onlar 1984-cü ildə "Diggi-Loo Diggi-Ley" mahnısı ilə 1984 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olublar. Riçard və Luis Herrey Avroviziyanı qazanan ilk yeniyetmə kişilər olublar və müvafiq olaraq 19 yaş 260 gün və 17 yaş 184 günlüklərində bu uğura imza ataraq, müsabiqə tarixinə ən gənc kişi qaliblər kimi düşüblər. 1985-ci ildə isə "Sommarparty" mahnısı ilə Sopot Beynəlxalq Mahnı Festivalında qalib gəliblər. Avroviziya qələbəsi qazandıqları dövrdə qardaşlar ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində yaşayıb və burada müğənni kimi fəaliyyət göstəriblər. Herreys qrupu daha bir neçə il mahnı yazdırmağa və qastrol səfərlərinə çıxmağa davam etsə də, Avroviziya qalibi olan mahnıları qədər böyük bir uğur qazana bilməyiblər. Bununla belə, Herreys 1980-ci illərdə İsveçin ən çox qazanan pop qrupu olub və 300-dən çox canlı konsert proqramı ilə çıxış edərək uğurlu qastrol səfərləri həyata keçirib."Herrey's* - Diggi Loo, Diggi Ley Images ", discogs.com. Retrieved 24 September 2016.

Üç qardaş 2002-ci ildə İsveç Melodifestivalen seçim turlarının birinin yarımfinal fasiləsində "Diggi-Loo Diggi-Ley" mahnısını ifa etmək üçün yenidən bir araya gəliblər. Riçard Herrey 2005-ci ilin oktyabrında Danimarkanın Kopenhagen şəhərində keçirilən Avroviziyanın 50 illik yubiley konsertində ("Congratulations") çıxış edib. 2006-cı ilin fevralında isə Riçard Herrey "Jag e Kung" adlı ilk solo albomunu buraxıb. Onlar həm 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin 60 illik yubiley şousunda, həm də İsveçin Malmö şəhərində keçirilən Avroviziya 2024-ün ikinci yarımfinalının sonunda çıxış ediblər."Herrey* - Different I's Images ", discogs.com. Retrieved 24 September 2016.

Tarixi Qrup 1970-ci illərin birinci yarısında Herrey qardaşları (Per, Riçard və Luis) və onların bacısı Mariyanı birləşdirən bir kvartet kimi yaradılıb. 1976-cı ildə Mariya qrupu tərk etdikdən sonra, musiqiçilərin atası qardaşların müxtəlif şoularda çıxış edə bilməsi üçün öz sirkini təşkil edib. 1981-ci ildə ailə ABŞ-a köçüb və qardaşlar burada bir neçə il Ali Rəqs Akademiyasında təhsil alıblar. 1983-cü ildə qrup Vinya-del-Mardakı beynəlxalq musiqi festivalında beşinci yeri tutub.

1984-cü ildə "Diggi-Loo, Diggi-Ley" mahnısı ilə trio İsveçin "Melodifestivalen" seçim turunda, daha sonra isə Avroviziya Mahnı Müsabiqəsində qalib gəlib. Bu qələbə, ABBA qrupunun 1974-cü ildəki uğurundan sonra İsveçin müsabiqədəki ikinci qələbəsi olub. Bundan sonra həmin bəstə İsveç hit-paradlarında ikinci, Norveç hit-paradlarında isə beşinci yeri tutub. 1985-ci ildə qrup "Sommarparty På Stranden" mahnısı ilə Sopot Beynəlxalq Festivalında qalib gəlib və SSRİ-yə qastrol səfərinə yollanıb.

1985-ci ildə SSRİ-də İsveç triosunun Alla Puqaçova ilə birgə konsertləri keçirilib. Konsertlərin ilk seriyası 21–23 mart 1985-ci ildə Moskvadakı "Sovincentr"də baş tutub. Həmin ilin payızında isə Alla Puqaçova ilə birlikdə SSRİ-də irimiqyaslı qastrol səfərləri reallaşıb; "Alla Puqaçova təqdim edir..." konsert proqramı çərçivəsində Leninqrad—Tallin—Moskva turnesi təşkil olunub: 29 avqust – 7 sentyabr 1985 — Leninqradda (Lenin adına İdman-Konsert Kompleksi; 7 konsert), 9 – 13 sentyabr 1985 — Tallində ("Qorxoll" zalı; 5 konsert), 16 – 21 sentyabr 1985 — Moskvada ("Rossiya" Dövlət Mərkəzi Konsert Zalı; 6 konsert), 25 – 28 sentyabr 1985 — Moskvada ("Lujniki" İdman Sarayı; 4 konsert).

Beləliklə, üç şəhərdə və beş fərqli konsert meydançasında ümumilikdə 25 birgə konsert verilib.

1986-cı ildən etibarən qrup Almaniyanın "Laser Music" səsyazma şirkəti ilə əməkdaşlıq etməyə başlayıb və onun studiyasında iki albom ("Different I’s" və "Live in Tivoli") yazdırıb. Sonuncu albom, qrupun Kopenhagendəki (Danimarka) Tivoli Parkında çıxışı zamanı yazılmış canlı konsert albomudur. 1987-ci ildə qrup Bakıda keçirilən "İlin mahnısı" ("Pesnya qoda") səyyar buraxılışında iştirak edib və burada kiçik Vladimir Presnyakov ilə birlikdə rus dilində "Dostluq ağacı" ("Derevo drujbı") mahnısını ifa edib.

Dağılması və yenidən birləşməsi 1987-ci ildə Luis İsveç mormon təriqətlərindən birinin missiyası ilə ABŞ-a yollanıb və bununla da qrup fəaliyyətini dayandırıb. 1995-ci ildə Per və Riçard "Där vindarna möts" ("Küləklərin görüşdüyü yer") albomunu və erkən yazılarının daxil edildiyi "Herrey’s story" toplu albomunu buraxıblar. 2002-ci ildə qrup tam heyətlə yenidən bir araya gələrək özlərinin ən populyar mahnılarından ibarət "Gyllene hits" adlı albom yazdırıb. Hazırda müzikllərin quruluşçu rejissoru kimi fəaliyyət göstərən Rikard, 2006-cı ildə özünün ilk solo albomu olan "Jag e Kung"u təqdim edib.

2015-ci ildə qrup, Avroviziya Mahnı Müsabiqəsinin 60 illiyinə həsr olunmuş "Eurovision Song Contest's Greatest Hits" yubiley gecəsində çıxış etmək üçün yenidən birləşib. Bu tədbir Londonun məşhur "Eventim Apollo" teatrında keçirilib.

Qrup, həmçinin Avroviziya 2024-ün ikinci yarımfinalının əyləncəli şou hissəsində də səhnə alıb.

Diskoqrafiya Albomları 1984 — Diggi-Loo, Diggi-Ley 1985 — Crazy People 1985 — Not Funny 1986 — Different I’s 1987 — Live in Tivoli 1995 — Där vindarna möts 1995 — Herrey’s Story 2002 — Gyllene Hits 2010 — The Greatest Hits

Sinqllar 1984 — Crazy People 1984 — I’m So Sorry 1984 — You 1984 — I See The Love 1984 — Kall Som Is 1984 — Mirror Mirror (#18 İsveçdə) 1984 — Diggi-Loo, Diggi-Ley (#2 İsveçdə, #5 Norveçdə, #10 İsveçrədə, #11 Almaniyada, #18 Danimarkada, #46 Birləşmiş Krallıqda) 1985 — People Say It’s in the Air 1985 — I’m So Sorry (yenidən buraxılış) 1985 — Varje Liten Droppe Regn (#11 İsveçdə) 1985 — People from Ibiza 1985 — Sommarparty (#20 İsveçdə)

İstinadlar

Xarici keçidlər Richard Herrey's website Louis Herrey's blog https://www.instagram.com/per_herrey/ Återförening i gyllene skor

Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:İsveçin "Avroviziya" təmsilçiləri Kateqoriya:1984-cü ildə yaranan musiqi qrupları