"Trump Always Chickens Out" (TACO; ) – ABŞ Prezidenti Donald Trampın başlatdığı "Azadlıq Günü" tarifləri ilə müşayiət olunan ticarət müharibəsi zamanı səsləndirdiyi çoxsaylı hədələr və ardınca gələn geriaddımlarla əlaqədar 2025-ci ilin may ayında geniş populyarlıq qazanmış termin. 2026-cı ilə qədər bu termin Trampın bir sıra xarici siyasət qərarlarını – xüsusilə Qrenlandiya, Çin və İrana qarşı irəli sürdüyü, lakin sonradan reallaşdırmadığı təhdidləri xarakterizə etmək üçün də tətbiq olunmağa başlamışdır. Bu abbreviatura Trampın danışıqlar üçün vaxt qazanmaq və bazarları bərpa etmək məqsədilə əvvəlcə tarif hədələri irəli sürmək, daha hisə onların icrasını təxirə salmaq meylini təsvir edir. Termin ilkin olaraq Uoll-stritdə meydana gəlmişdir. "TACO strategiyası" adlandırılan yanaşma kotirovkaları aşağı salan tarif elanlarından sonra səhmləri ucuzlaşmış qiymətə almağı, tariflərin təxirə salınması və ya azaldılması nəticəsində bazarın yenidən bərpasından sonra isə onları mənfəətlə satmağı nəzərdə tutur. 2026-cı ildə bu termin Trampın Qrenlandiyanı ilhaq etmək hədələrindən imtina etməsini təsvir etmək üçün geniş şəkildə istifadə olunmuşdur.

Yaranması "TACO trade" terminini ilk dəfə "Financial Times" qəzetinin jurnalisti Robert Armstronq 2 may 2025-ci il tarixli, tariflərə və onların Amerika bazarlarına təsirinə həsr olunmuş müəllif sütununda işlətmişdir. "Unhedged" silsilə sütunlarının bir hissəsi olan bu nəşrdə Armstronq qeyd etmişdir ki, bazarlar artıq "ABŞ administrasiyasının bazar və iqtisadiyyat tərəfindən gələn təzyiqlərə qarşı dözümlülük həddinin aşağı olduğunu və tariflər zərər vurmağa başlayan kimi onun sürətlə geri çəkilməyə hazır olduğunu" anlamağa başlayıblar. Armstronq bunu "TACO nəzəriyyəsi" adlandırmışdır.

İstinadlar

Kateqoriya:Donald Trampın ikinci prezidentliyi Kateqoriya:2025-ci ildə beynəlxalq münasibətlər Kateqoriya:2026-cı ildə beynəlxalq münasibətlər Kateqoriya:ABŞ–İran münasibətləri Kateqoriya:İran müharibəsi (2026)